“Biz inanmaq istəyirik…” – AzVision kollektivinin Dünya Birliyinə müraciəti

      “Biz inanmaq istəyirik…”    – AzVision kollektivinin Dünya Birliyinə müraciəti
  04 İyun 2021    Oxunub:2883
Qətl – təkcə insanın ölməsi üçün nələrisə etmək deyil. İnsanın ölməməsi üçün heç nə etməmək də qətldir.
İkinci növ qətl daha dəhşətlidir. Çünki həyatı xilası etmək – bütün hallarda insanlıq sınağıdır. İmkanı oluğu halda başqasının həyatını xilas etməyənlər “insan” adlanmağa layiq deyillər.

Müharibə bitəndən sonra Azərbaycanda 27 insan minaya düşərək, həlak olub. Heç bir günahı olmayan, həmin bölgəyə döyüşmək üçün getməyən, amalı sülh olan 27 insan tamamilə boş, səbəbsiz yerə ən məkrli silahla qətlə yetiriliblər.

Ermənistan hakimiyyəti onların hər birini xilas edə bilərdi. Bunun üçün sadəcə, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi kifayət idi. Amma bunu etməməklə, 27 günahsız insanın qətlinə səbəb olub və dünya biganə qalarsa, bu rəqəm artmaqda davam edəcək.

Xarici dövlətlərin və beynəlxalq təşkilatların verdikləri başsağlıqlarını dəyərləndirir və hüznlə qəbul edirik, amma bu, azdır. Bizə başsağlığı verməyin, elə edin ki, gələcəkdə başsağlığı verməyinizə səbəb qalmasın. Bunun üçün sadəcə, Ermənistandan minaladığı sahələrin planlarını Azərbaycana verməsini qətiyyətlə tələb etmək lazımdır.

Azərbaycan hətta müharibə vaxtı da dinc erməniləri hədəfə almırdı, Ermənistan isə müharibədən sonra belə, dinc azərbaycanlıları hədəfdən buraxmır. Budur iki ölkənin fərqi!

Bu gün dünyada mənəvi dəyərlərin böhranından çox danışılır. Əgər Dünya Birliyi bir ölkənin məkrli, xain yolla öz qonşusunun dinc insanlarını savaş bitəndən aylar sonra da necə qırmasına sakitcə tamaşa edəcəksə, bu, planetdəki mənəvi böhranın təsdiqi olacaq.

Biz sadəlövh görünməkdən qorxmadan, heç nəyə baxmayaraq, bəşəriyyətin humanizm dəyərlərinə sadiq qaldığına inanmaq istəyirik. Lütfən, bizi buna inandırın! Ermənistandan müharibə bitəndən sonra da dinc insanları gizli silahlarla xaincəsinə öldürməyə son qoymasını tələb edin!

İnsanların ölməməsi üçün heç nə etməmək qatil olmağın başqa formasıdır.

Azvision.az


Teqlər: ArmenianWarCrimes   FreeUsFromLandMines  





Xəbər lenti