“Atam Vətəni seçdi” deyən şəhid övladı ziyarət olundu
07 İyun 2021
Oxunub:3285
“Bir neçə gün öncə sosial şəbəkələrdə şəhidimiz Mətləb Zamanovun oğlu Nemətin çıxışını gördüm. Onun o məsum sözlərini eşidəndən sonra özümə gələ bilmirdim. Yeganə arzum tez bir zamanda o balacanı görüb, bağrıma basmaq, onun tək olmadığını, mənim, eləcə də Azərbaycanın bütün şəhid övadlarının yanında olduğunu demək idi”.
Bu sözləri vətənpərvər mahnıların müəllifi kimi tanınan nəğməkar-şair Cəlal Qurbanov öz instagram hesabında yazıb. O, bildirir ki, həmin videonun təsirilə bir qrup şəxs - Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, xalq artistimiz Nurəddin Mehdixanlı, Azərbaycan Velosiped Federasiyası, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin 2000-ci il məzunları ilə bərabər Şəmkir Şəhərinə, balaca Nemət balamızı görməyə gediblər.
- Nemətgilin həyətinə çatan kimi onu bərk-bərk bağrıma basdım, ürəyimdən keçənləri ona dedim. Yenə də deyirəm, mənim ağıllı və qürurlu Nemət balam! Sən o çıxışınla məni çox kövrəltdin. Deyirsən ki, atam bayrağı seçdi, torpağı seçdi… Bəli sənin atan bayrağı, torpağı, Vətəni seçdi. O, torpağlarımızı düşmən tapdağından xilas edərək, seçdiyi müqəddəs bayrağı o torpaqlarda ucaltdı. Sən çıxışının sonunda başını aşağı əyirsən, amma belə etmə. Sən atanın ucaltdığı o bayraq kimi həmişə başını uca tut. Sənin kimi bütün şəhid balaları başlarını uca tutmalıdırlar. Çünki onların atalarının, sənin atanın sayəsində biz bütün dünyada başı dik, alnı açıq gəzirik. Allah şəhidlərimizə rəhmət eləsin!,- deyə Cəlal Qurbanov əlavə edib.