Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn ediləcək

Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn ediləcək
  07 İyun 2021    Oxunub:1027
Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu gün dəfn ediləcək.
AMEA-dan Azvision.az -a bildirilib ki, akademik Ramiz Məmmədov II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. O, elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdı.

Alim 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışıb. 1985-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Geologiya, 1989-cu ildə isə Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirib. 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. O, 2012-ci ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru idi. 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildən isə AMEA-nın həqiqi üzvü idi.

R.Məmmədovun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanıb.

Tanınmış coğrafiyaçı alim, akademik Ramiz Mahmud oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Azvision.az


Teqlər: RamizMəmmədov   Akademik  





Xəbər lenti