AVRO-2020: Pandemiya dövrünün ilk futbol bayramı

 AVRO-2020:  Pandemiya dövrünün ilk futbol bayramı
  11 İyun 2021    Oxunub:1719
Bu gündən futbol üzrə Avropa çempionatına start verilir. AVRO-2020 Ali futbol qurumu Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən təşkil ediləcək 16-cı belə turnirdir.
Turnirin 2020-ci il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə 1 il təxirə salınmışdı. Daha sonra turnirin 11 iyun 2021-ci ildə keçirilməsinə qərar verildi.

Avropa Çempionatları tarixində ilk dəfə bu turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə ediləcək. Oyunların keçiriləcəyi bütün stadionlar nəhəng tutuma malikdir. Londonda yerləşən Uembli stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi edəcək.



Turnirin açılış matçı bu gün baş tutacaq. İtaliyanın Roma Olimpiya Stadionu açılış oyununa ev sahibliyi edəcək. Milyonlarla futbol azarkeşinin səbrsizliklə gözlədəyi ilk matçda İtaliya və Türkiyə komandaları qarşılaşacaq.

Məlumat üçün bildirək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. Belə ki, matçlar ümumilikdə 12 ev sahibi şəhərdə keçiriləcək. Bu mötəbər turnirin oyunlarından 4-ü Azərbaycanın paytaxtı Bakının payına düşür.

Ev sahibləri kimlərdir?

UEFA-nın verdiyi qərara əsasən, A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Digər oyunların keçiriləcəyi məkanlara gəlincə, final və yarımfinallar, bir 1/8 final oyunu, üç qrup oyunu İngiltərənin Uembli Stadionunda, üç qrup oyunu, bir 1/4 final oyunu Almaniyanın Münhen Futbol Arenasında, üç qrup oyunu, bir 1/4 final oyunu İtaliyanın Roma Olimpiya Stadionunda, üç qrup oyunu, bir 1/4 final oyunu isə Rusiyanın Sankt Peterburq Stadionunda olacaq.



Həmçinin, üç qrup oyunu, bir 1/8 final görüşü aşağıdakı ölkələrdə baş tutacaq:

Amsterdam, Hollandiya: Yohan Kroyf Arenasında,
Bilbao, İspaniya: “San Mames” Stadionu
Buxarest, Rumıniya: Buxarest Milli Arenası
Budapeşt, Macarıstan: Puşkaş Arena
Kopenhagen, Danimarka: “Parken” Stadionu
Dublin, İrlandiya Respublikası: Dublin Arena
Qlazqo, Şotlandiya: “Hampden Park” Stadionu


Turnirin formatı necədir?

Turnirin formatı AVRO-2016-nın formatı ilə eynidir. Final turnirinin altı qrupunun hər birində ilk iki yeri tutan komanda və üçüncü yerlərin sahibləri arasından ən yüksək göstərici olan dörd komanda 1/8 final mərhələsinə adlayacaq.

Ev sahibləri öz oyunlarını doğma meydanda keçirəcəklər?

Turnirə vəsiqə qazanmış ev sahibi ölkələr avtomatik olaraq aşağıdakı qruplara yerləşdirilib:

A qrupu: İtaliya (Roma Olimpiya Stadionu)
B qrupu: Rusiya (Sankt Peterburq Stadionu), Danimarka (“Parken” Stadionu, Kopenhagen)
C qrupu: Hollandiya (Yohan Kroyf Arena, Amsterdam)
D qrupu: İngiltərə (Uembli Stadionu, London), Şotlandiya (“Hampden Park” Stadionu, Qlazqo)
E qrupu: İspaniya ( “San Mames” Stadionu, Bilbao)
F qrupu: Almaniya (Münhen Futbol Arenası, Münhen), Macarıstan (Ferents Puşkaş Stadionu, Budapeşt)


Mötəbər turnirə vəsiqəni Avropa Çempionatının Təsnifat Mərhələsi vasitəsilə qazandığı üçün bütün üç qrupun oyununu doğma meydanda keçirməsinə təminat verilib. Rusiya və Danimarka hər ikisi UEFA AVRO 2020-yə Avropa Çempionatının Təsnifat Mərhələsi vasitəsilə çıxdığından hansı komandanın üç qrup oyununu doğma meydanda keçirməsini təyin etmək üçün 22 noyabr 2019-cu ildə əlavə püşkatma keçirilib. Nəticə olaraq, Danimarka qrupda üç ev oyunu, Rusiya isə iki ev oyunu keçirəcək.



Azarkeşlər biletləri necə əldə edə bilərlər?

Pandemiya şəraitinə baxmayaraq, azarkeşlərin məhdud sayda stadiona buraxılmasına icazə veriləcək. UEFA AVRO 2020-yə təxminən 2,5 milyon biletin satılması nəzərdə tutulub. 1,5 milyon biletdən ibarət ilk partiya üçün müraciətlər 12 iyun - 12 iyul 2019-cu il tarixlərində baş tutub. Müraciət etmiş, lakin bilet ala bilməyən şəxslər UEFA-nın “Öncə Azarkeşlər” proqramına daxil edilib. Yəni, gələcəkdə bilet almaq imkanları yaranarsa, ilk olaraq onlara məlumat veriləcək.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın və “Avro-2020”nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVID-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərti ilə iştirak etməsinə qərar verilib.

Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərti ilə).

Turnirin maskotu

Turnirin maskotu fristayl futbol, küçə futbolu və panna futbolundan ilhamlanmış personaj olan “Skillzi”dir.



Türkiyə, İtaliya, İspaniya, Almaniya, Fransa, Portuqaliya builki çempionatın favoritləri hesab olunur. Bununla yanaşı sürpriz komandaların da futbol azarkeşlərini təəccübləndirəcəyi istisna edilmir. Bu baxımdan hansı komandanın çempion titulunu qazanacağını indidən proqnozlaşdırmaq çətin məsələdir.

QEYD: AVRO-2020-nin təqvimi ilə buradan tanış ola bilərsiniz.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: AVRO-2020   Futbol   Çempionat  





Xəbər lenti