Şəhid Elvin Şükürlünün xatirəsi yad edildi - FOTO

Şəhid Elvin Şükürlünün xatirəsi yad edildi -    FOTO
  14 İyun 2021    Oxunub:2212
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illiyi ərəfəsində bu xüsusi təyinatlı təhsil müəssisəsinin məzunu olan şəhid leytenant Elvin Azad oğlu Şükürlünün ad günü ilə bağlı xatirə tədbiri keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Şəhidlər xiyabanında Müdafiə Nazirliyinin əməkdaşları, Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları, xidmət etdiyi hərbi hissənin zabitləri, ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarı önünə çələng və güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən polkovnik Abdulla Qurbani şəhid zabit E.Şükürlünün qısa, lakin şərəfli həyat və xidmət yolu barədə ətraflı məlumat verib, ölkəmizdə şəhidlərin xatirəsinin əziz tutulduğunu, şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini vurğulayıb.
Nəzərə çatdırılıb ki, əslən Cəlilabad rayonunun Şiləvəngə kəndindən olan Elvin Şükürlü 1997-ci ildə Füzuli rayonunda hərbi qulluqçu ailəsində doğulub. Atası Azad Şükürlü Azərbaycan Ordusunun ilk zabitlərindəndir. Ulu öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə 1994-cü ildə Füzuli və Cəbrayıl rayonlarının 22 yaşayış məntəqəsinin, o cümlədən, indiki Horadiz şəhərinin işğaldan azad edilməsi ilə nəticələnən tarixi “Horadiz əməliyyatı”nın fəal iştirakçılarından biri, ehtiyatda olan kapitandır.



A.Şükürlünün hər iki oğlu, Elnur və Elvin də atalarının yolunu seçərək öz talelərini Vətənə xidmət peşəsinə bağlayıblar.

Hər iki qardaş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Elvin həm də Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunu olub.

Vətən müharibəsinin ilk günündən qardaşlar Daşkəsən istiqamətində qələbə əzmi ilə hərbi əməliyyatlara qatılaraq Ermənistanın silahlı bölmələrinə qarşı mərdliklə vuruşublar.
Elnur sentyabrın 28-də xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Vətən müharibəsi iştirakçısı olan qardaşı hazırda Cəmşid Naxçıvanski adına hərbi liseydə kursant bölüyünün komandiri olaraq gələcək zabitlərin yetişdirilməsində fəal iştirak edir.
Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək Vətən üçün igid zabitlər tərbiyə etdiklərinə görə şəhidin valideynlərinə minnətdarlıq edib.

P.İmanov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xətai rayonu ərazisindəki Hərbi Qənimətlər Parkında təltif olunan bir qrup hərbi qulluqçu ilə görüşdə çıxışı zamanı dediyi fikirləri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı...”.



Polkovnik-leytenant Azər Məmmədov çıxış edərək Azərbaycan əsgərinin bu gün də Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayandığını, Müzəffər Ali Baş Komandanın istənilə döyüş tapşırığını yerinə yetirməyə hazır və qadir olduğunu və şəhidlərin intiqamının layiqincə alındığını bildirib.

Məktəbli Mələk Abdullayeva şəhidlər haqqında şeir söyləyib.

Şəhidin atası ölkəmizdə şəhidlərin xatirəsinə və şəhid ailələrinə göstərilən ehtiram, diqqət və qayğı üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin və Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyinə ailələri adından minnətdarlıq edib.

Din xadiminin şəhidlərin ruhuna duaları ilə xatirə tədbiri sona yetib.

Azvision.az


Teqlər: Şəhid   Elvin-Şükürlü  





Xəbər lenti