"Faydalı karyera qurmaq istəməyən insan cəmiyyətə yükdür" – Müsahibə

 "Faydalı karyera qurmaq istəməyən insan cəmiyyətə yükdür" –    Müsahibə
  19 İyun 2021    Oxunub:3188
Müasir dünyada karyera qurmaq istəyən gənc mütəxəssis “Uğur Düsturları” ilə öncədən tanış olmalıdır. Əks halda, iş fəaliyyəti dövründə bu səriştələri toplamaq çətin olur. İnkişaf etmiş ölkələrdə məşhur sosioloqlar karyerada uğur qazanmağın çeşidli düsturlarını çoxdan yazıblar, hətta bu mövzu o ölkələrin uyğun ali məktəblərində öyrədilir. Bizim ali məktəblər ixtisas üzrə diplom verir, ancaq iş prosesində rəislə, müdirlə, bərabər vəzifədə, tabelikdə olanlarla qarşılıqlı münasibətləri tənzimləməyin üsul və qaydalarını öyrətmir. Gənc mütəxəssis vəzifə piramidasının astanasına gəlir, amma bilmir ki iş həyatında – uzun karyera yolunda onu bir ömürlük rəqabət gözləyir. Çox vaxt bu karyera quruluşu əxlaqlı rəqabətdən daha çox kinli, amansız konfliktlərlə müşahidə edilir. Konfliktlə keçən ömür isə əxlaqlı insanlar üçün arzu edilən deyil.
Biz karyera qurmağın düsturları barədə Şamil Şahbazovla danışmışıq. O, İqtisad Universitetinin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirib. Gənc yaşlarından özəl sektorda menecer, dövlət idarələrində rəhbər vəzifələrdə karyera həyatı keçib. Fizuli, Ağcabədi, Şirvan, Neftçala, Sabirabad, Mingəçevir, Göyçay, Bərdə, Kürdəmir rayonlarında bilavasitə insanlarla işəyib, zəngin işgüzar təcrübə toplayıb.

- Karyera qurmaq hər kəs üçün vacibdirmi?

- Əlbəttə, hər kəsin işgüzar uğuru karyera qurmaqla başlayır. Karyera qurmaq konstruktiv təfəkkür yiyəsi olmaq deməkdir. Yalnız karyera qurmaq istəyi nəticədə as mütəxəssis olmağa aparıb çıxara bilər. Karyera strategiyasını qura bilən mütəxəssis həm fərdi inkişafını təmin edir, həm də cəmiyyətdə şəxsiyyət kimi özünü təsdiq etmiş olur.
Sosial varlıq olan insanın istər şəxsi, istərsə də işgüzar fəaliyyəti o cəmiyyətdə öz çəkisinə və dəyərinə uyğun iz buraxır. İnsan özü belə bilmədən bütün davranışları ilə dəyər örnəyi olur. Ya yaxşı, ya pis. Ona görə hər kəsin cəmiyyət qarşısında, insanlıq qarşısında sosial məsuliyyəti yaranır. İstər məmur olsun, istərsə də iş adamı. Fikrimcə, bu mənada hər kəsin uğurlu karyera qurmağa çalışması özünü inkişaf etdirməsi, cəmiyyət üzvlərinə işgüzar örnək olması deməkdir. Məsələn “Yapon keyfiyyəti”, “Alman dəqiqliyi” və s. Bu kimi örnəkləri tez-tez eşidirik. Bu nümunələr əlbət həmin ölkələrin cəmiyyət üzvlərinin şəxsi və işgüzar dəyərlərindən formalaşıb. Təbii ki, bu cəmiyyətlərdə yetişən nəsil də özündən öndə duranlardan belə şəxsi və işgüzar nümunəni alacaq və növbəti nəslə ötürəcək. Bu baxımdan hər kəsin, o cümlədən məmurun, biznesmenin, lap elə fermerin də özü ilə yanaşı başqasının da karyera qurmasına yardım etməsi bir insanlıq işidir, cəmiyyət qarşısında vətəndaşlıq borcudur, bir sözlə, sosial məsuliyyətidir.
Yeniyetməlik dövründən hansısa peşəyə yiyələnməyin vacibliyini Çingiz Aytmatov “Dəniz kənarı ilə qaçan alabaş” əsərində bir Qırğız ata sözü ilə belə ifadə edib: “Evə çörək gətirməyən oğul, nəsilə yükdür”. Mən isə deyərdim, faydalı karyera qurmaq istəməyən insan cəmiyyətə yükdür.

- Karyera qurmağın ilk şərti nədir?

– Karyera ilə, uğurlu karyeranı fərqləndirmək lazımdır. Əvvəla, karyera qurmağın ilk şərti sadədir – hansısa peşəni seçib öyrənmək, o sahə üzrə təkbaşına və ya kiminsə köməyi ilə iş tapmaq, başını aşağı salıb, işləmək. Alınmasa, başqa işə keçmək. Yəni dolanışıq arxasınca düşmək. Harada mümkün olsa, o peşə üzrə işləmək, balalara çörək qazanmaq. Vəssalam. Ancaq uğurlu karyera qurmaq üçün vacib şərt, böyük və dəqiq məqsədin – hədəfin olmasıdır. Uğurlu karyera hədəfə doğru usanmadan, yorulmadan irəliləmək və ona çatmaqdır. Mahatma Qandi deyirdi: “Məqsədi tap, vasitə özü tapılacaq”. Başqa bir məsəldə deyilir: “Haraya getdiyini bilən adama hər kəs yol verər”. Məhəmməd Hadi bir məşhur şerində:
“Cahanda olmasaydı əhli-ərzin yüksək amalı,
Ucalmazdı göyə yer oğlunun şəhbali-iqbalı” – deyir.
Öz işgüzar təcrübəmə əsasən deyə bilərəm, əgər dəqiq bir hədəf yoxdursa, o zaman qismət dalınca düşüb, uğur qazanmaq mümkün deyil. Hədəfsiz insan mütləq başqasının hədəfinə xidmət etməyə məhkumdur.
İşgüzar həyatımda dəfələrlə rastlaşdığım bir gerçəklik var. Rəis (sədr, müdir, nazir...) ətrafına hədəfsiz, asılı kadrlar yığırsa, özü vəzifədən gedəndə, yaxud, həmin kadrlar daha ona gərək olmayanda, o zavallıların uğurlu saydıqları “karyera”ları bitir. Təbii, əsl ider, rəhbər belə etmir. Lider insanlardan özü üçün yararlanmır. Onlara həm şəxsiyyət kimi baxır, dəyər verir, həm də mütəxəssislərlə işləyir.
Hədəfə doğru irəliləmək çox çətin ola bilər, amma o, insanı zənginləşdirir, daim bilik və bacarıqlarını, dünyagörüşünü artırmağa sövq edir və öz sahəsində istənilən yerdə aktuallığını qoruyub saxlayır.
Biz abituriyent olan dövrdə imtahan vərəqəsində 15 fakültə seçimi imkanı verilirdi. Şəxsən mən ardıcıllıqla 14 fakültə yazmışdım və imtahandan sonra topladığım bala görə 4-cü yerdə yazdığım fakültəyə qəbul olundum. Amma sinif yoldaşlarımdan biri ancaq 1 fakültə yazırdı. Biz 3-cü kursa keçəndə nəhayət o, istədiyinə qəbul olundu, özü də ən yüksək balla. Deməli, uğurlu karyera üçün insanın mütləq gedəcəyi ünvanı dəqiq bildiyi hədəfi olmalıdır.

- Bəs hədəf necə təyin edilir, onu təyin edərkən nələri nəzərə almaq gərəkdir?

- Dünyanın bir çox sosioloqları, menecment sahəsində araşdırma aparan mütəxəssisləri, motivatorları çeşid-çeşid hədəf təyin etmə düsturları hazırlayıblar. Mənim ən xoşuma gələn NLP hədəf təyinetmə metodudur. Bu modelə əsasən hədəf pozitiv ifadə olunmalı, insan hədəfə doğru daim hərəkət etməli, hədəfə aparan yolda elastik manevrləri bacarmalıdır. Amma mən özüm üçün təcrübələrimə əsasən bura müəyyən əlavələr də etmişəm. Düşünürəm ki, seçilmiş hədəf həyatın bir hissəsi olmalıdır. Əgər insanın bir neçə seçimi varsa və onu dəqiqləşdirmək üçün düşünürsə deməli bu hələ hədəf deyil. Yox əgər o, həyatının bütövlüyünü həmin hədəflə görürsə və ya əksinə desək, həmin hədəfsiz həyatının tamlığını təsəvvür edə bilmirsə, deməli, bu əsl hədəfdir.
Burada hədəf elə bir şeydir ki, insanın sanki ürəyi onunla birgə döyünür. O, hətta yuxularında hədəfə çatdığını və ya çatmadığını görür.
Tələbəlik illərində ingilis dilini öyrənirdim. Bunu o qədər ürəkdən istəyirdim ki, demək olar, bu istək həyatımızın mənası olmuşdu. Müəllimim dedi ki, əgər nə vaxtsa yuxuda ingilis dilində danışdığını görsən, bil ki, artıq öyrənmisən.
Doğrudan da, həmin söhbətdən 3-4 ay sonra demək olar bəlkə də hər gün yuxuda ingilis dilində dialoqda olduğumu görürdüm. Sonradan mənə məlum oldu ki, bu, tək məndə yox, çoxunda olur, özü də yalnız dil öyrənəndə deyil, ürəkdən istədiyin hədəfin olanda baş verir.
Jurnalist, şair Rəşad Məcidin bu barədə çox bəyəndiyim bir yazısı var. “Dəlicəsinə istəmək” şair bu yazıda qarşıya qoyulmuş məqsədə çatmağın yolunu onu dəlicəsinə istəməkdə, ona dəlicəsinə vurulmaqda görür:
“...Dəlicəsinə istəsən istəyinə çatassan!
Sən – son model maşına,
sən – məşhur olmağa,
sən – gözlədiyin adama,
sən sevdiyin insana,
sən – ...!
Biz arzuladığımız torpağa
Ona görə çatmırıq ki, dəlicəsinə istəmirik!..”

Rəşad Məcid bu yazını 2010-cu ildə yazıb. Onda Qarabağ işğalda idi. Amma indi azad etmişik. Elə dəlicəsinə istəməklə! Amma görünür, Qarabağın azad olunmasını dəlicəsinə istəsə də, hədəf yolu onun imkanları daxilində deyildi. Xalqın və dövlətin iqtidarında idi deyə, şair “Biz” deyir.
Ürəkdən istəmək bəzən hədəfə çatmağa yetməz, insan həm də hədəfə mütləq çatacağına inanmalıdır. İnanmaqla yanaşı, hədəfə çatdıqda edəcəklərini də, əvvəlcədən dəqiq bilməlidir. Bax, bu zaman insan buna hazır olur. Hədəfə yetmə insan ona hazır olanda reallaşır. Yəni ki, “Hədəfə çatım, sonrasına baxarıq” kimi düşüncə ilə hədəfə çatmaq olmaz. Bunlar uğurlu karyera üçün hədəf müəyyən etməyin texniki tərəfləridir.
Qarşıya qoyulmuş hədəf əxlaqlı və humanist niyyətli olmalıdır. Yəni yeni məhsulu və ya hansısa xidməti təqdim etməyi planlayan iş adamının niyyəti istehlakçılara fayda vermək, onların tələbatlarını ödəmək olmalıdır – 1960-70-ci illərdə Cənubi Koreyada yaradılmış “Minto Coffe Shop” biznes şəbəkəsi kimi.
Keşiş Minto kofe restoranlarının birində kitab oxuduğuna görə qovulmuşdu. Onun “Minto Coffe Shop”u qurmaqda əsas niyyəti digər kofe restoranlardan qovulan, kitab oxumaq istəyən imkansızlara rahatlıq tapmalarına, ayrı-seçkilik hisslərindən uzaq olmalarına şərait yaratmaq olmuşdu. “Minto Coffe Shop” cəmi bir neçə ilə ən populyar, ən çox müştərisi olan gəlirli restoranlar şəbəkəsinə çevrildi, müasir idarəetmədə yüksək işgüzar etika nümunəsi yaratdı.
Çoxlu pul qazanmaq niyyəti ilə bazarin boş olması fürsətindən istifadə edib məhsul və ya xidmət təqdim etmək əxlaqlı deyil. Təbii hər iki halda iş adamı gəlir əldə edəcək. Biri əxlaqlı və humanist niyyətlə, digəri əksinə.



Bu gün dövlət sektorunda da yüksək vəzifələrdə çoxlu sayda marginal, merkantil, sivil məmur ülgülərinə uyğun gəlməyən, təsadüfi adamlara ürcah oluruq. Hər halda, onların da hədəfi var, onlar da öz hədəfləri üzrə bir yol tapıb karyera pillələrində irəliləyiblər. Onların hədəfləri və “uğurlu karyeraları” özlərinə fayda, digərlərinə isə, hətta istəməsələr belə zərər verir. Qazanc məqsədilə yüksək post tutmağı hədəfləyən, buna can atan və məmur postuna yiyələnən adamların niyyəti cəmiyyətə ədalət, vicdan, qarşılıqlı hörmət duyğusunu aşılamaq, fayda vermək, neqativ düşüncələrdən arındırmaq ola bilməz. Məmurun varlanmaq, merkantil xarakteri ilə, yəni qazanc acgözlüyü, vəzifə hərisliyi niyyəti ilə yüksək posta yetişməsi çoxlarında qibtə, yaxud həsəd doğursa da, zərəverici karyeradır. O məmur sosial məsuliyyət duyğusundan uzaqdır. O, cəmiyyətin layiqli üzvü, layiqli vətəndaş deyil. Vəzifə ona yalnız çalıb-çapmaq, dağıtmaq, özününkü etmək, bir sözlə yırtıcı xislətini ortaya qoymaq üçündür. Mənim fikrimcə, hər kəs ilk növbədə cəmiyyət qarşısında borcunu –məsuliyyətini dərk etməli, hədəfini cəmiyyətə fayda vermək niyyəti ilə müəyyənləşdirməlidir.

- Karyera qurmaq “karyerist” olmaq deməkdirmi? Yaxud karyerist olmamaq üçün nələri etmək olmaz?

- Bu, karyeraya hədəflənmiş insanın xarakterindən gələn niyyətindən üzə çıxır. Şəxsi ehtirasları¬nı təmin edəcəksə, o zaman onu karyerist, yəni öz mənfəətini düşünən adam adlandırmaq olar. Əksinə, bayaq dediyimiz kimi, əgər onun sosial borc duyğusu varsa, işgüzar hədəflərini cəmiyyətə fayda vermək istəyi ilə yönəldirsə, cəmiyyət üzvlərinə işgüzar örnək olursa belə insana karyerist demək olmaz.
Karyerist insanların önə çıxması, uğur qazanması həmçinin irəli çəkilməsi cəmiyyətin ab-havasını pozur, çaşqınlıq yaradır, milli-mənəvi dəyərləri sarsıdır, insanların mərhə¬mət, alicənablıq, qarşılıqlı hörmət, dürüstlük, səmimilik kimi hisslərini boğmaqla sosial əxlaqına ciddi zərbə vurur. Nəticədə cəmiyyət Viktor Hüqonun “Səfillər” əsərindəki məmurun dediyi kimi düşünür: “Dünya fanidir.. Ot olub yeyilməkdənsə, diş olub, yemək lazımdır”. Yaxud, bu atalar misalında deyildiyi kimi, “Məndən ötdü, qardaşıma dəydi, elə bildim un çuvalına dəydi!” kimi düşünən insanlar meydana çıxır, onlar da özündən sonra gələn nəslə bu şəkildə örnək olur.

Adını indi xatırlamadığım maraqlı bir hekayə oxumuşdum. O hekayədə dəfələrlə xuliqanlıq əməli törətdiyinə görə Tom adlı şəxs 24 yaşında cinayət məsuliyyətinə cəlb edilir. Sonra o işlədiyi şirkətdə, uzun müddət aşağı vəzifədə oğurluq, satqınlıq, şərləmə kimi yaramaz işlərlə məşğul olur. Amma bəzi-para işlərinə yaradığına görə rəis onu qoruyur. Sonra isə birdən-birə onu tabeliyində yüzlərlə dəyərli, təcrübəli kadrlar olan, xüsusi savad və təcrübə tələb edən yuxarı vəzifəyə təyin edir. Tom burada da xasiyyətinə uyğun olaraq oğurluq, satqınlıq, şərləmə ilə məşğul olur, hətta tabeliyində olanları şantaj edib istəklərinə yönəltmə kimi yeni “istedadı” da ortaya çıxır, tüğyan edir.
Bir gün şirkətin vəsaitini mənimsədiyi üzə çıxır və işdən qovulur. Lakin Tom tabeliyində işlədiyi rəisin, ona bərabər və ondan da yuxarı rəislərin bütün kompromatlarını, vəzifə oyunlarını çox yaxşı bilirdi. Onunla oyunlara qoşulan rəisləri çox ustalıqla şantaj edir, öz vəzifəsinə, köhnə oyunlara qayıtmağı tələb edir, buna nail olur...
Doğrudur, burada onun şantajları onu həmin vəzifəyə gətirən məsuliyyətsiz rəhbərlərə başaşağılığı gətirir, amma bu, işin kiçik tərəfidir. Ən böyük tərəfi cəmiyyətə mənfi örnək olmaqla verdiyi zərərdir. Çünki onu izləyən digərləri, gələcəkdə belə hallardan yalnız şantajla çıxmağın doğru yol olduğunu düşünür və kompromat toplamaqla – faydasız işlərlə məşğul olur. Bu bir hekayə olsa da, bəlkə də real həyatda belə iş yerləri var.
Bir daha deyirəm, məmur cəmiyyət qarşısında məsuliyyətini dərk etməli, yalnız savadlı, ixtisaslı, yüksək əxlaqlı kadrları irəli çəkməli, məhz onların faydalı karyera qurmasına çalışmalı və buna borclu olduğunu dərk etməlidir.
Faydalı karyera qurmaq istəyən insanların çox olduğu cəmiyyətdə işgüzarlılıq da yüksək olar, işgüzar mədəniyyət də. Belə cəmiyyətlərdə hətta fiziki imkanları məhdud şəxslərin də işgüzarlığı digərləri ilə müqayisədə daha çoxluq təşkil edir. Məsələn, buna avstraliyalı anadangəlmə aşağı və yuxarı ətrafları olmayan yazıçı və motivator Nikol Vujçiçi, britaniyalı məşhur fizik və yazıçı Stiven Hokinqi, amerikalı sörfinqçi və yazar Betani Hamiltonu, eşitmə məhdudiyyəti olan amerikalı aktrisa Marli Metlini, amerikalı aktyor və prodüser Roy Frankı və s. misal göstərmək olar. Bu, dünyada tanınmış fiziki məhdudiyyətli məşhurlardan danışarkən bəzən bir çox motivatorlar onların uğurlarını və işgüzarlıqlarını şəxsi keyfiyyətlərinə bağlamağa çalışırlar. Amma içində yaşadıqları cəmiyyətin onlara təsirlərini unudurlar.
Bir sözlə, karyera qurmaq “karyerist” olmaq demək deyil. Məşhur kəlam var: “Malik olmaq azdır, gərək layiq olasan”. Layiq olduğunun dalıyca yürümə qüdrəti karyeranı qurur. Əmin ol.

Samir Quliyev


Teqlər: Karyera   NLP  





Xəbər lenti