Fala baxdırmaq adıyla gəlib, 11 800 manat oğurladı

 Fala baxdırmaq adıyla gəlib, 11 800 manat oğurladı
  29 İyun 2021    Oxunub:1833
Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadını polislər yaxalayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, Qusar rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, iyun ayının 27-də tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini, evində şər qüvvələr olduğunu bildirərək fala baxmaq adıyla içəri daxil olduğunu və 11 800 manat pulunu oğurladığını bildirib.

Məlumatla əlaqədar RPŞ əməkdaşlarının “isti izlərlə” həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu məsimsəyən qadının Yevlax rayon sakini Aygün Məmmədova olduğu və həyat yoldaşı Elçin Abdullayevlə birlikdə sonuncuya məxsus “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə Yevlax istiqamətində hərəkət etdiyi müəyyən edilib.

Həmin şəxslər polis əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil veriliblər. Saxlanılan zaman isə E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı isə avtomobildən bir ədəd “AKS-74U” markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi aşılıb, araşdırmalar aparılır.

"Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Qusar Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti