ABŞ Şərqdə "ikinci NATO" yaradır? Rusiya narahatdır

 ABŞ Şərqdə  "ikinci NATO"  yaradır? Rusiya narahatdır
  29 İyun 2021    Oxunub:6475
Son vaxtlar Pentaqon sürətlə Asiya-Sakit okean bölgəsində hərbi potensial cəmləşdirir. Bölgədə ABŞ Silahlı Qüvvələrinin 50-dən çox hərbi bazası da daxil olmaqla, 200-dən çox obyekti var. Artıq Vaşinqtonun orada 400 min nəfərlik hərbi qruplaşmanı bir araya gətirdiyi iddia olunur.
Son illərdə ABŞ Sakit okean bölgəsindəki hərbi gücünü dayanmadan artırdı. Amerika hərbi gəmiləri Parasel adaları və Spratli adaları ətrafındakı 12 millik zonaya mütəmadi şəkildə daxil olurlar. İyun ayında “Ronald Reyqan” təyyarə gəmisi Cənubi Çin dənizinə girdi. 2020-ci ildən bəri ABŞ Hərbi Dəniz Qüvvələri eyni vaxtda bölgədə üç aviadaşıyıcı zərbə qrupu yerləşdirib. "B-52", "B-1" və "B-2" strateji bombardmançıları vaxtaşırı Marian adalarındakı Andersen hava bazasına köçürülürlər. Bəzən burada nüvə silahı daşıyan 15-ə qədər təyyarə növbə çəkir.

Pentaqon getdikcə daha çox dost ölkəni manevrlərə cəlb edir. Məsələn, Yapon və Amerika dənizçiləri 2021-ci ildə artıq 23 dəfə birgə təlimlər keçiriblər. Pekin təbii olaraq, etirazlarını bildirsə də, amerikalılar cavab olaraq, beynəlxalq hüquq imkan verdiyi yerdə üzəcəklərini bəyan edirlər. Pentaqon bir neçə il əvvəl Sakit okeanda yeni bölmə növü yaratmışdı: Müdafiəni pozmaq və düşmənin əsas hədəflərini məhv etmək üçün hazırlanmış çoxdomenli operativ qrup (Multi-DomainTask Force).

Bundan əlavə, Vaşinqton 2024-cü ilə qədər Hind okeanının şərqində ilk əməliyyat donanmasını yerləşdirməyi planlaşdırır. Bu, 7-ci əməliyyat donanmasının ehtiyatlarını azad edəcək və onu Şərqi Çin və Cənubi Çin dənizlərindəki problemlərin həllinə yönəldəcək, nəticədə, cənubi və cənub-şərqi Asiyada Çinin qarşısını almaq üçün hərbi fəaliyyətləri gücləndirəcək.

Müşahidəçilərin fikrincə, ABŞ-ın məqsədi Çinin qarşısını almaq üçün NATO-nun Asiyadakı analoquna çevriləcək hərbi blok yaratmaqdır. Bu haqda ilk söhbətlər hələ 2000-ci illərin sonunda başlamışı. 2007-ci ildə Yaponiyanın baş naziri Şinzo Abe ilk mərhələlərdə ABŞ, Yaponiya, Avstraliya və Hindistanın iştirakı ilə Dördtərəfli Təhlükəsizlik Dialoqunu təşkil etmək təklifini irəli sürmüşdü. Sonra Çinlə həmsərhəd olan digər Asiya ölkələri də bura qoşulmalı idilər. Təklifin arxasında Çini əsas geosiyasi düşmən hesab edən amerikalıların dayandığı aydındır.



Yaponiya ABŞ-dan xeyli dərəcədə asılıdır - Amerikanın orada böyük hərbi bazaları var, Yapon Özünümüdafiə Qüvvələrini silah və texnika ilə Vaşinqton təmin edir. Birləşmiş Ştatların regiondakı daha bir tərəfdaşı Vaşinqtonun NATO-dan kənarda əsas müttəfiqi olan Avstraliyadır. Bu ölkənin 80 min nəfərlik silahlı qüvvələri “Abrams” tankları, M113 zirehli personal daşıyıcıları, M198 və M2A2 haubitsaları, “Cavelin” raket sistemləri, “M4A1” silahları, “Chinook” və “Black Hawk” helikopterlərilə təchiz olunub.

Rusiya Baş Qərargahının iddiasına görə, amerikalılar Çin əleyhinə Dördtərəfli Təhlükəsizlik Dialoquna əsaslanan koalisiyanın qurulmasını sürətləndirirlər. Eyni zamanda, Hindistanı da aktiv şəkildə təsir altına alırlar. Hərbi ekspertlər Vaşinqtonun Filippin və İndoneziya kimi ölkələri də ittifaqa cəlb etməyə çalışacağını düşünürlər.
Tramp Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edəcək

ABŞ-ın bu planları Moskvanı ciddi şəkildə qayğılandırır. Rusiya mediası dövlətin narahatlığını açıq şəkildə ifadə edir. "Onlara Sakit Okeanının bütün qərb hissəsini əhatə edəcək geniş bir blok lazımdır. Təbii ki, bu, Rusiyanı təhdid edir. Axı hər şey şərq sərhədlərimizdə baş verir. ABŞ-ın hərəkətləri Rusiya-Çin hərbi ittifaqının yaradılmasına səbəb ola bilər. Eyni zamanda, Hindistanın qarşısında kəskin bir sual dayanır - özü üçün olduqca ağır nəticələrə gətirə biləcək şəkildə amerikalıların tərəfinə keçmək, yoxsa, Rusiyanı dəstəkləmək?!",- deyə, "RİA Novosti" yazır.

Rusiyada Kremlin narahatçılığını bölüşən ekspertlər hadisələrin bu cür inkişafına cavab olaraq, Çin və Hindistanın iştirak etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının digər ölkələrin qoşulması ilə hərbi-siyasi bloka çevrilməsini təklif edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti