Qarabağda döyüşən muzdlunun məhkəməsində ittiham aktı elan edilib - YENİLƏNİB-1

 Qarabağda döyüşən muzdlunun məhkəməsində ittiham aktı elan edilib -  YENİLƏNİB-1
  30 İyun 2021    Oxunub:1890
Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Azvision.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib. Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Hakim elan edib ki, verilən ittihamlar məhkəmə dövründə sübuta yetiriləcəyi təqdirdə, təqsirləndirilən şəxs 8 ildən 15 ilə qədər azadlıqdan məhrum edilə bilər. Eduard Dubakov ittiham üzrə özünü qismən təqsirli bilib.

E. Dubakov bildirib ki, atası Bakıda doğulan ermənidir, Xankəndidə və Əsgəranda qohumları yaşayır. O, qohumları ilə münasibətləri olduğunu, əlaqə saxladığını bildirib. E. Dubakov işğal edilmiş ərazilərdə bir neçə dəfə olduğunu da deyib. Proses iyulun 7-də davam etdiriləcək.

***14:51***

İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.

Azvision.az xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edirlər.

Proses hakim Samir Əliyevin sədrliyi ilə keçirilir.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1-ci (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Azvision.az


Teqlər: Məhkəmə  





Xəbər lenti