Şuşadan Londona: Qarabağ atları kraliçanı heyran edib – FOTOLAR

   Şuşadan Londona:    Qarabağ atları kraliçanı heyran edib –    FOTOLAR
  05 İyul 2021    Oxunub:1043
Böyük Britaniyanın paytaxtı London şəhərində 1-4 iyul tarixlərində keçirilən ənənəvi "Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” başa çatıb. Böyük Britaniya Kraliçası II Elizabetin şərəfinə hər il təşkil olunan bu tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində mümkün olub.
II Elizabetin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə "Xarı Bülbül” adlı xüsusi şou-kompozisiya hər gün təqdim olunub. Vətən Müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nüma¬yiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri, Azərbaycan milli geyimində arenaya çıxan “Sərhədçi” rəqs ansamblının möhtəşəm çıxışları, süvarilərimizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanıb, izləyicilərin qəlbində Qarabağ atlarının coşqusunu alovlandırıb.

Məşhur “Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin müsiqisinin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekranlarda nümayiş etdirilən füsünkar görüntüləri ilə müşayiət olunub.



Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrəmanlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunub.

“Xarı-Bülbül” şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləşmiş Krallığın Kraliçası Ülyahəzrət II Elizabet nümayəndə heyətimizlə görüşüb, xatirə fotoşəkili çəkdirib, Azərbaycan təmsilçilərinin çıxışını “möhtəşəm” adlandırıb, bu çıxışlardan hər zaman məmnun qalmasını bildirərək, Azərbaycan nümayəndələrinin gələcək atçılıq tədbirlərinə də qatılacaqlarına ümidvar olduğunu vurğulayıb.



Bu beynəlxalq atçılıq tədbirinin artıq ayrılmaz hissəsi sayılan Azərbaycan musiqisi, milli rəqslərimiz və xüsusilə də milli at cinsimiz olan Qarabağ atlarının valehedici performansı hər zaman olduğu kimi Böyük Britaniya aristokratiyasının və məşhurlarının da böyük marağına səbəb olub, keçirdikləri pozitiv həyacan hisslərinə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan nümayəndələrinin çıxışları canlı yayımda nümayiş etdirilib, atçılıq həvəskarı olan sosial şəbəkə istifadəçilərinin və ixtisaslaşmış informasiya resurslarının mövzusuna çevrilib. Süvarilərimizin müxtəlif ekstremal hərəkətləri, xüsusilə tədbirin baş qəhrəmanları olan Qarabağ atlarının məharətli çıxışları Böyük Britaniyanın nüfuzlu saytları tərəfindən geniş işıqlandırılıb, heyətimizin təqdim etdiyi proqramı "möhtəşəm" və "heyranedici" adlandırıblar.



Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərin carçısı kimi mədəniyyət paytaxtımız Şuşadan birbaşa Londona gələrək Azərbaycanın qədimliyini, özünəməxsus gözəlliyini və Qarabağın əsarətdən azad olmasını tərənnüm edən Qarabağ atlarının Böyük Britaniya atçılığının ən mötəbər tədbirinin əsas hissəsi kimi təqdim edilməsi izləyicilər tərəfindən böyük heyranlıqla qarşılanıb.

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası üzrə milli at cinslərimizin dünyada daha da məşhurlaşdırılması istiqamətində həyata keçirilən böyük miqyaslı, ardıcıl və məqsədyönlü tədbirlərin davamı olmuş, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verib.




Teqlər:





Xəbər lenti