Bir arzusu vardı, ona da çatdı: XTQ-nin şəhid gizirinin ad günüdür - Xanımı danışır
- Fatimə xanım, Camal bəyin doğum günündə onu necə andınız?
- Bu gün “Vətən Müharibəsi Qəhrəmanı”medalının təqdimatı oldu və onu oğlumuz balaca Alparslana təqdim etdilər. İyulun 7-si həm də Camalla mənim nişan günümdür. 2007-ci ilin bu günü biz sözlənmişdik.
Yoldaşım yanımızda yoxdur, ancaq onun doğum gününü boynu bükük keçirmədik. Camalı xatırlayaraq, medalını əlimizə alaraq, keçirdik. Neftçala rayon İcra Hakimiyyəti tətərfindən çox yüksək səviyyədə yoldaşımın adına tədbir təşkil olundu.
- Hər il doğum gününü necə qeyd edirdi? Ümumiyyətlə,ad günlərini keçirməyi sevirdimi?
- Hər il çox vaxt evdə olmurdu. Ötən il doğum gününü hərbi şəhərcikdə keçirdik. Kiçik bir tortumuz var idi. Üstünə bir ədəd şam qoyduq. Camala israrla şamı üfürməyini xahiş etsəm də, üfürmədi. O, arzu tutmağı xoşlamırdı. Dedi ki, “Mənim arzum gələn il bu vaxt torpaqlarımızı almaqdır. Qismət olsa, şahadətə ucalaram”. Camal 37 yaşında o arzusuna çatdı. Onun bu şərəfli yolunu davam etdirmək, adını qorumaq mənim üçün fəxrdir.
- Vaxtlə ona hədiyyə etdiyiniz hansı əşyalar hələ də qalıb?
- Camal BMW maşın markasını çox sevirdi. Ona uyğun cürbəcür əşyalar, daha sonra alışqan, açar, köynəklər alırdım. Mən aldığım hər şeyi xoşlayırdı.
- Qızlarınız Əsmət və Əsnad ataları üçün sürpriz hazırlayırdılarmı?
- Onlar atalarının adına hökmən kiçik açıqca yazırdılar. İki- üç gün öncədən yazdıqları məktubu hazırlayıb başuclarına qoyurdular ki, doğum günü versinlər.
- Bu gün ürəyinizdə Camala deyiləcək hansı sözlər var?
- Ona deyərdim, “Camal, sən istədiyin ucalıqdasan. Sən ən ali adı aldın. Dövlət də, insanlar da sənə dəyər verir. Zəhmətin yerdə qalmır”. Oğlumuz Alparslanın soyadını atasının adı ilə eyniləşdirdik. İndi o Alparslan Camaldır. Qoy, həmişə adı və soyadı kimi dəmir iradəli olsun.
Qeyd edək ki, Camal İsmayılov “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. O, Füzulinin, Cəbrayılın, Zəngilanın, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, həmçinin Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında qəhrəmancasına vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib. İki qız atası olan hərbçinin ölümündən sonra Alparslan adlı oğlu dünyaya gəlib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Camalİsmayılov şəhid qəhrəman