Düz axtarmamışıq: Süni intellekt kosmik sivilizasiyaların yerini göstərdi - VİDEO
Fermi paradoksunun izahı ilə bağlı xeyli nəzəriyyələr irəli sürülüb. Bugünlərdə Amerika Astronomiya Cəmiyyətinin (AAS) “Research Notes” jurnalında dərc olunan bir cavab isə xüsusilə maraqlıdır. Ceyson T.Rayt (Jason T. Wright) başda olmaqla, bir qrup alim süni intellektin də köməyilə, Bizim Qalaktikada şüurlu həyatın mümkün yayılma ssenarinin vizual kompüter modelini hazırlayıblar.
Bu model Conatan Kerrol-Nellenbekin (Jonathan Carroll-Nellenback) Bizim Qalaktikanın kolonizasiyası modelinə əsaslanır. Həmin model şüurlu həyatı kosmosda daşıyacaq zond-gəmilərin mümkün trayektoriyasını ulduzların hərəkətlərini nəzərə almaqla hesablayır. İndiyə qədər heç kim məsələyə belə yanaşmamışdı, yəni, Qalaktikanın sürətli fırlanma hərəkəti nəzərə alınmırdı. Müəlliflər zondun (gəminin) kosmosda hərəkət müddətini 100 ildən 10 min ilə qədər, yeni gəminin yaradılmasını 1 ildən 1000 ilə qədər götürüblər. Kosmik gəmilərin sürəti Yerin hazırkı zondlarının sürətinə bərabər götürülüb – 30 km/san. Fərz edilib ki, gəmilər 10 işıq ili məsafəyə uça bilirlər (300 min il tələb olunur).
Hesablamalar göstərib ki, əgər şüurlu həyat cəmi bir planetdən yayılmağa başlasa belə, Qalaktikanın ömrü başa çatana qədər onu məskunlaşdıra bilər. Modelin müəllifləri sivilizasiyaların özlərinin də ömür müddətlərini nəzərə alıblar.
Süni intellektin köməyilə yaradılan model göstərir ki, kolonizasiya zamanı Qalaktikada bir-birinə yaxın yerləşən məskun ulduz sistemləri və həyatsız, boş sahələr olmalıdır. Həmin məskun sistemlərin yayılması “kolonizasiya cəbhəsi” adlanır. Qalaktikanın fırlanması nəticəsində bu cəbhə onun mərkəzinə doğru hərəkət edir və nüvəsinə çatanda kolonizasiya prosesi sürətlənir. Milyard ildən də az vaxtda Qalaktikanın çox hissəsinin məskunlaşması tamamilə realdır.
Qalaktikanın mərkəzində nisbətən qoca ulduzlar və planetlər yerləşirlər, demək, onlarda yaranan (hipotetik) sivilizasiyaların inkişaf üçün daha çox vaxtı olub.
Model onu da göstərib ki, Qalaktikanın bəzi sahələri heç vaxt məskunlaşmayacaq və bu, vaxt yox, effektivlik məsələsidir.
Başqa bir nəticə də maraqlıdır: Yer Kürəsinin Qalaktikadakı yerini nəzərə alanda, bura başqa sivilizasiyalara məxsus iki kosmik gəminin gəlməsi arasında 89% ehtimalla, milyon il vaxt keçəcək. Əgər birinci gələn sivilizasiya planetdə koloniya yaradıbsa, bu vaxt ikinci gəmi gələnə qədər onun bütün izlərinin silinməsi üçün kifayət edəcək.
Model həmçinin göstərib ki, qalaktikadakı kürəşəkilli ulduz topalarında kənar sivilizasiyaların inkişaf etməsi şansı daha çoxdur. Çünki orada ulduzlar bir-birlərinə çox yaxın yerləşirlər və birindən o birinə getmək üçün cəmi bir neçə il tələb olunur. Həmin sahələrdə hətta bir neçə ay gecikmə ilə ulduz sistemlərinin arasında əlaqə saxlamaq da mümkündür. Bizim Qalaktikada yaşı 10 milyard ildən 13 milyard ilə qədər olan 150 kürəşəkilli ulduz topası var. Və nəzəri olaraq, onların hərəsində bir sivilaziyanın mövcudluğu tamamilə mümkündür.
Qeyd edək ki, indiyə qədər bunun tam əksi düşünülürdü: Elmdə belə yanaşma var idi ki, Qalaktikanın mərkəzinə yaxın ərazilər həyatın yaranması və inkişafı üçün əlverişli zona deyil: Orada radiasiya çox yüksəkdir, kosmik kataklizmlər tez-tez baş verir və s. Amma indi süni intellekt tam əksini deyir.
Səbinə Həsənova
Azvision.az
Teqlər: Kosmos