Müharibədə xüsusi xidmətləri olmuş jurnalistlər mükafatlandırılıb

Müharibədə xüsusi xidmətləri olmuş jurnalistlər mükafatlandırılıb
  21 İyul 2021    Oxunub:1443
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi Milli Mətbuatın 146-cı ildönümü münasibəti ilə 44 günlük Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılması mərasimi keçirib.
Azvision.az xəbər verir ki, tədbirdə deputatlar Jalə Əliyeva, Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidməti rəhbərləri, tanınmış media qurumlarının baş redaktorları, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mükafatlandırma mərasimində çıxış edənlər Azərbaycan mətbuat tarixinə nəzər salaraq milli mətbuatın banisi, dəyərli Azərbaycan ziyalısı, təbiətşünas alim Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin iyulun 22-də işıq üzü görən “Əkinçi” qəzetinin tarixi əhəmiyyətindən söz açıblar.

Natiqlər qeyd ediblər ki, Həsən bəy Zərdabinin naşirliyi ilə “Əkinçi” qəzetinin nəşr edilməsi o dövrün ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malik idi. Milli Mətbuatın təməli, rüşeymi olan “Əkinçi” qəzetinin ənənələri bu gün milli, vətənpərvər əzmdə çalışan peşəkar jurnalistlər tərəfindən qorunub saxlanılır, dərin hörmət, ehtiramla xatırlanılır.

Çıxış edənlər onu da bildiriblər ki, Azərbaycan jurnalistlərinin 44 günlük müharibə dövründə milli vətənpərvər ruhda fəaliyyət göstərmələri Həsən bəy Zərdabinin xalqımıza miras qoyduğu “Əkinçi” qəzetinin apardığı maarifləndirici missiya ilə uzlaşaraq tarixi mətbuat ənənəsinə sadiqliyin ən parlaq nümunəsidir.
Mükafatlandırma mərasimi ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanında və informasiya cəbhəsində öz peşə fəaliyyətlərini fədakarlıqla yerinə yetirən jurnalistləri mükafatlandırmaqda əsas məqsəd Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında daim Azərbaycan mətbuatının tarixi və bu günü ilə bağlı önəmli qərarlar, jurnalistlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması, Azərbaycan mediasının günün tələblərinə uyğun daha da inkişaf etdirilməsi istiqamətində media siyasətinə dövlət QHT münasibətləri fonunda ictimai dəstək nümayiş etdirməkdir.
İcraçı direktor onu da qeyd edib ki, Həsən bəy Zərdabinin peşəkar, yaradıcı, araşdırıcı, çoxşaxəli jurnalist fəaliyyəti müasir dövrdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərinə örnəkdir:

“Həsən Bəy Zərdabi deyərdi ki, “Maariflənmək, maariflənmək, xalq, millət üçün yanmaq gərəkdir. Böyük naşirin bu cür milli vətənpərvər əhəmiyyətli fikirlərindən aydın görmək olar ki, o yaşayıb yaratdığı dövrdə milli özünüdərkin, milli oyanışın formalaşmasında çox böyük rol oynayıb”.

Birlik rəsmisi onu da bildirdi ki, mükafatlandırma mərasimində 110-dan çox jurnalistə mükafat və müxtəlif hədiyyələr təqdim edilib. 44 günlük haqq savaşında xüsusi fədakarlıq göstərmiş jurnalistlərlə yanaşı ölkənin aparıcı media qurumlarının rəhbərləri, mətbuat xidməti rəhbərləri də mükafatlandırılıb.
İctimai birlik tərəfindən gələcəkdə də bu sayaq ictimai-siyasi mənəvi dəstək yönümlü tədbir və layihələr uğurla davam etdiriləcək.
Qeyd edək ki, mükafatlandırılanlar arasında "Azvision.az"ın əməkdaşı da olub.







Azvision.az




Teqlər:





Xəbər lenti