Bank kartlarından pullar necə oğurlanır - ARAŞDIRMA + FOTOLAR

 Bank kartlarından pullar necə oğurlanır -  ARAŞDIRMA + FOTOLAR
  19 Avqust 2021    Oxunub:9565
Son zamanlar kibercinayətlərin sayında çoxalma müşahidə olunur. Əsasən də onlayn fırıldaqçılıq - pul oğurluqları halları daha çox müşahidə edilir. Artıq neçə ildir ki, dünyanın aparıcı ölkələri bu kibercinayətkarlıqla mübarizə aparır.
Onlayn fırıldaqçılıq son illərdə ölkəmizdə də müşahidə edilməyə başlayıb. Dələduzlar daha çox bank müştərilərini aldadaraq onların pullarını internet üzərindən ələ keçirməyi bacarırlar.

Azvision.az bank müştərilərinin dələduzların hədəfinə necə çevrildiyini, vəsaitlərın onlayn şəkildə hansı yollarla qarət olunduğunu araşdırıb.

Azərbaycan vətəndaşı Əkbərov Camal bir neçə gün öncə fırıldaqçıların hədəfinə çevrilib. O bildirir ki, dələduzlar hesabından 3000 manat oğurlamağı bacarıblar:

“+994550002212 nömrəsindən zəng edərək özlərini Kapital Bankın təhlükəsizlik xidmətinin əməkdaşları kimi təqdim etdilər. Məndən hesabımdakı pulu sığortalamaq adıyla bütün informasiyaları aldılar. Sanki hipnoz edilmişdim. Dəfələrlə belə hadisələr barədə eşitsəm. də, buna baxmayaraaq belə bir “onlayn tələ”yə düşdüm. Hələ də şokdayam. Dərhal 196 çağrı mərkəzinə və 102-yə zəng vurdum. Lakin artıq gec idi və 3000 AZN hesabımdan çıxılmışdı”.

Elşən Məmmədov isə dələduzların hədəfindən son anda qurtula bilib. O zəng edən şəxsin fırıldaqçı olmasından şübhələndikdən sonra ona qurulan tələdən yayına bilib:

“Dələduz özünü Kapital Bankın əməkdaşı Nurlana xanım kimi təqdim etdi. Dedi ki, kartın təhlükəsizliyi ilə bağlı zəng edib. Rus dilində suallar verirdi. Mən də öz dilimizdə cavab verirdim. Gördüm, bizim dili başa düşmür. Sual etdim ki, azərbaycan dilində bilirmi? Çox güman ki, bilmirdi. Cavab olaraq “sizi azərbaycan dilini bilən əməkdaşımıza yönləndirirəm” dedi. Beləcə, başqa adamla danışmalı oldum. Bu şəxs isə özünü Kapital Bankın Təhlükəsizlik şöbəsinin əməkdaşı kimi təqdim etdi. Bir neçə dəqiqə danışdıqdan sonra anladım ki, bu şəbəkə məni aldatmaq niyyətindədir. O da mənim işin gedişatını anladığımı hiss etdi və telefonu qapatdı. Hər kəs ehtiyatlı olsun. Bakı nömrəsindən zəng gəlsə belə ehtiyatlı olun”.

Kapital Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirdi ki, müştərilərin öz kart məlumatlarının 3-cü şəxslərə verməsi halları hər zaman olub və indi də var. Banka belə bir müraciət olduqda onlar kartın sahibinə pulun silindiyi platforma və əməliyyatlar barədə məlumat təqdim edir:

Kapital Bank mütəmadi olaraq mətbuatda, sosial şəbəkələrdə ödəniş kartlarından təhlükəsiz istifadə barədə məlumatlandırıcı xəbərlər paylaşır, cəmiyyətdə maarifləndirmə tədbirləri həyata keçirir, həmçinin kibercihayətkarlarla üzləşməmək üçün təhlükəsizlik qaydalarına riayət etmək barədə SMS-bildirişlər göndərir. Saytınız vasitəsilə bir daha əhaliyə müraciət edərək bildirmək istərdik ki, kart məlumatlarını paylaşmasınlar, şübhə doğuran əməliyyatları həyata keçirməsinlər”.

Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə bildirdi ki, dələduzlar kart sahiblərinin məlumatlarını müxtəlif həvəsləndirici təkliflər vasitəsilə əldə edib, onlara məxsus kartdan vəsaitləri mənimsəyir:
“Daxili İşlər Nazirliyi vətəndaşları belə hadisələrə qarşı diqqətli olmağa çağırır. Bu kimi hallarla üzləşən vətəndaşların nazirliyin 102 xidmətinə müraciət etmələrini xahiş edirik”.

Sosial şəbəkələrdə bu cür hallarla bağlı xeyli paylaşımlar var. Əsasən “WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng edərək və ya SMS yazıb, özlərini bank işçisi kimi təqdim edirlər. “WhatsApp” sosial şəbəkəsindəki nömrələr adətən xarici ölkələrə aid olur. Ancaq bəzi hallarda Azərbaycana aid mobil operatorların nömrələrini də müşahidə etmək olur. Maraqlıdır, bəs onlar vətəndaşların nömrə və adlarını necə öyrənirlər?

Kibertəhlükəsizlik üzrə ekspert Tural Məmmədov bildirdi ki, dələduzlar xarici nömrələri onlayn nömrə satışı ilə məşğul olan saytlardan əldə odirlər. Yerli nömrələr isə "fişinq" yolu ilə əldə edilir. İnsanlar elan saytlarında hər hansı paylaşım edərkən bunu qəti şəkildə öz adları ilə etməsinlər. Çünki fırıldaqçılar adətən nömrə və adları elan saytlarından götürürlər:
“Onların əlində ad, soyad və nömrə olması kifayət edir ki, həmin abunəçiyə zəng edib bank adından dələduzluq əməlləri törətsinlər. Elan saytlarında öz adınızla yox, başqa adla qeydiyyatdan keçdiyinizdə isə dələduz sizə elanda yerləşdirdiyiniz adla müraciət edən kimi, onun fırıldaqçı olduğunu biləcəksiniz. Çünki o sizin əsl adınızı bilmir. Haqqınızda “Getcontakt” proqramında məlumatların olması da dələduzlar üçün ideal şərait yaradır.”











Bəxtiyar Məmmədov
Azvision.az



Teqlər: Kİbercinayət   Bank-kartları   Oğurluq  





Xəbər lenti