"İmam" söhbətindəki ağ ləkə - Nadir Qocabəylinin yazısı

 "İmam" söhbətindəki ağ ləkə -  Nadir Qocabəylinin yazısı
  25 Avqust 2021    Oxunub:2265
İki gündür sosial şəbəkəni özünü şiələrin 12-ci imamı – Həzrəti Mehdi adlandıran şəxsin fotoşəkli, onunla bağlı informasiyalar, şərhlər, videolar zəbt edib. Yalançı Həzrəti Mehdi artıq həbs olunub. O, dələduzluqda, fırıldaqçılıqda, vətəndaşların etibarından sui-istifadə edərək külli-miqdarda pul vəsaitini mənimsəməkdə və şəxsi ehtiyacları üçün sərf etməkdə təqsirli bilinir.
Əvvəlcə doğrusu, bu məsələyə fikir vermədim. Düşündüm ki, adi dələduzluq, fırıldaqçılıqdır. “İmam Mehdi”nin sosial şəbəkələrdə yayılan şəkilləri də qəribədir. Daha doğrusu, çox adidir. Yəni belə adamlar ölkədə, necə deyərlər, itinə tökdür. Orta statistik azərbaycanlının əyalət, yaxud məhəllə tipi. Dolu bədənli, iri qarınlı, üzü təmiz qırxılmış, saçları səliqəylə vurulmuş, sifətindən cahillik yağan mənasız bir adam. O, imamdan çox ağır atletika karyerasını yarımçıq qoyub, reketliyə keçən, güzəranını zəif adamları qorxutmaqla təmin edən tipləri xatırladır. Belə boynuyoğunlara adətən daşınmaz əmlak alqı-satqısı ofislərində, maşın bazarında, lombardlarda rast gəlinir. Ancaq bu dəfə o, imam rolundadır.

Mən bu adamdan, doğrusu, yüksək natiqlik qabiliyyəti, bəzi fırıldaqçı və yalançı dindarlara xas bəlağət və fəsahət də gözləmirəm. Yəni surətinə baxanda vermir. Amma deyilənə görə, bir xeyli adamı necə lazımdır fırladaraq, onlardan babat vəsait qopara bilib. Bu yazını yazmaq üçün o adamlardan bir neçəsinin danışdığı videolara baxdım. “İmamdan” daha normal görünən, müasir cavan adamlardır. Biri 50 min verib, o biri 100 min. Hətta 300, 400 min verəni də var.
Aman tanrım, əlin yananda bu adamların hansının qapısını döyüb, yüzcə manat əlborcu istəsən, bütün peyğəmbər, imam, övliyanı ortaya töküb, and içər, qəsəm eyləyərlər ki, yoxun üzü qara olsun. Amma üzündən nadanlıq yağan birinə günün günorta çağı ətək-ətək pul veriblər.

"Həzrəti Mehdi niyə gəlib pul yığmalıdır ki?!" - Hacı Şahin

Nəymiş, ağalar, bu adam yenicə zühur edən 12-ci imammış! Yoxsulların pənahı, məzlumların qibləgahı, didərginlərin ümid yeriymiş! Dünyadakı haqsızlığa, zülmə, ədalətsizliyə, yoxsulluğa son qoyacaqmış! Kasib-kusuba əl uzadacaq, ev tikəcək, gün-güzəran ağlayacaqmış! Şəhid ailələrinin yarasına məlhəm olacaq, qazilərin heysiyyətini ovudacaqmış! Bu cavan ailə başçıları, mömin müsəlmanlar, əhli-beyt aşiqləri, hansı yollarlasa beş-on manat çax-çux edən ağalar, bəylər, əfəndilər də ona inanıblar. Amma sonradan görəndə ki, “İmam Mehdi” ağa vədlərini yerinə yetirmir, yəni aldığı vəsaiti təyinatı üzrə xərcləmir, özü üçün villa, bahalı maşın alır, dəbdəbəli həyat sürür, başlayırlar şübhələnməyə. Pullarını geri istəyirlər, ala bilməyəndə üz tuturlar hüquq-mühafizə orqanlarına. Heç imamdan da polisə şikayət edərlər?!

Mən bu olayı bilirsiniz, nəyə bənzətdim? Vəzifəyə keçmək, diplom almaq, əsgərlikdən yayınmaq, nə bilim digər əyri işlər üçün kiməsə külli-miqdarda rüşvət verən, aldandığını dərk edəndən sonra polisə, divana-məhkəməyə üz tutanların başına gələnlərə. Amma burada vəziyyət bir az başqa cürdür. Aldanıb pul verənlər guya kasıblara, şəhid və qazi ailələlərinə kömək məqsədi güdüblər. Adama deyərlər, əgər sən həqiqətən şəhid və qazi ailəsinə kömək etmək istəyirsənsə, bunu niyə kiminsə vasitəsilə reallaşdırırsan? Sənə bir kasıbın qarnını doyurmaq, bir yetimin başına sığal çəkmək lazımdırsa, bunu lap inandığın axirət, cənnət üçün edirsənsə, vasitəçiyə nə ehtiyacın var? Yüz min, beş yüz min pul qazanmağı bacaran adam üçün belə bir bəsit əməliyyatı düzüb-qoşmaq nə çətin məsələdir? Küçələrdə yetim-yesir adamın ayağının altında qalır, sosial şəbəkələr ağlayıb-sıtqayaraq yardım istəyən qəribanla doludur...

Yox, əgər satın almaq istədiyiniz cənnəti əldə etmək üçün “brokerə” ehtiyac duyursunuzsa, çox ciddi şəkildə yanılırsınız. İndi Molla İbrahimxəlil kimyagər, yaxud Şeyx Nəsrullah dövrü deyil və şəxsən mən bu nağıla inanmıram.

Düşünürəm ki, yeni peyda olan “12-ci imam həzrəti Mehdi” sizlərə başqa da nəsə vəd edib və o elə bir şey olmalıydı ki, sizə verdiyiniz pulların 2, 3, hətta 10 qatını qazandırmalıydı. Siz o pullarla cənnəti bu dünyada satın almaq istəmisiniz, ancaq bir neçə yüz min qazanmağa yetən ağlınız və fərasətiniz bu yöndə karınıza gəlməyib.

Əlbəttə, pul qazanmaq ağıl, qabiliyyət tələb edir, ancaq o puldan düzgün istifadə etmək üçün daha zəkalı olmaq lazımdır.

Əminəm ki, istintaq əsl səbəbi və mahiyyəti ortaya çıxaracaq, bəlkə də artıq çıxarıb. Ancaq bunu bizə deyib-deməyəcəklərini bilmirəm.

Necə məsləhətdir.

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Həzrəti-Mehdi  





Xəbər lenti