Ermənistan və tərəfdaşlarına növbəti “göz dağı”: "TurAz Şahini - 2021” başlayır

   Ermənistan və tərəfdaşlarına növbəti “göz dağı”:    "TurAz Şahini - 2021” başlayır
  02 Sentyabr 2021    Oxunub:6144
Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti və döyüş vasitələri Türkiyədə keçiriləcək "TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək. “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, hər iki qardaş ölkənin pilotlarının, texniki heyətin və aviasiya vasitələrinin cəlb olunması ilə Konya şəhərində yerləşən aviabazada keçiriləcək.
Təlimlərin hüquqi bazası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il dekabrın 24-də Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “TurAZ Şahini” təlimləri üçün Sahib Ölkə dəstəyinə dair 2015-ci il avqustun 14-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanan “Anlaşma Memorandumu”nu təsdiq etməklə Azərbaycan Hərbi Hava Qüvvələrinin heyət və vasitələrinin mütəmadi olaraq təlimlərdə iştirakına icazə verdi.

Konya aviabazası

Konyada yerləşən aviabaza Türkiyə Hərbi Hava Qüvvələrinin tərkibinə daxil olan əsas aviabazalardan biridir. Bu aviabazada aşıağıdakı hissə və bölmələr yerləşir:
- 131-ci “Sülh Qartalı” eskadrilyası, B-737-7ES AEW & C erkən xəbərdarlıq təyyarələri ilə silahlanıb.
- 132 -ci “Xəncərlər” eskadrilyası, F-16 “Fightning Falcon” (Döyüşən Şahin) təyyarələrinin Block 30/40/50 versiyaları ilə silahlanıb.
- “Solo Türk” pilotaj qrupu, F-16 “Fightning Falcon” Block 40 ilə silahlanıb.
- 134 -cü “Türk Ulduzları” eskadrilyası, NF -5A/B “Freedom” qırıcıları ilə silahlanıb.
- 135 -ci “Atəş” eskadrilyası, AS -532UL Cougar Mk.1+ helikopterləri ilə silahlanıb. Axtarış və xilasetmə funksiyalarını da yerinə yetirir.

Təlimlərin tarixi

“TurAZ Şahini” təlimləri 2015-ci ildən keçirilir. Azərbaycanın Hərbi Hava Qüvvələrinin ölkəmizin sərhədlərindən kənarda qatıldığı ilk manevr kimi tarixə düşən “TurAZ Şahini - 2015” təlimləri Türkiyənin Konya şəhərində keçirilmişdi.

Türkiyə HHQ-si bu təlimlərə F-16 və F-4E 2020 qırıcıları, E-7T (HİK) erkən xəbərdarlıq və idarəetmə təyyarəsi, “Eurocopter AS532 Cougar” və UH-1H helikopteri ilə qatılmışdı. Azərbaycan Hərbi Hava Qüvvələri isə MİQ-29 qırıcıları, SU-25 hücum təyyarələri və Mi-17 helikopteri ilə təmsil olunurdu. 106 hərbçimizin iştirak etdiyi təlimlərin əsas məqsədi iki ölkənin HHQ-ləri arasında qarşılıqlı əlaqəni və birgə uçuş imkanlarını araşdırmaqdan, döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarət idi. Azərbaycan Hava Qüvvələrinə aid döyüş təyyarələri ilk dəfə məhz bu təlimlər çərçivəsində Ermənistanın Türkiyə ilə sərhədləri istiqamətində uçuşlar keçirdi. Azərbaycan pilorları ilk dəfə NATO qırıcıları ilə və erkən xəbərdarlıq təyyarələrinin iştirakı ilə birgə təlimlərdə iştirak etdilər.

Sonrakı illərdə də təlimlər mütəmadi olaraq keçirilib. “TurAZ Şahini - 2016” birgə taktiki-uçuş təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələri 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum təyyarələri ilə, “TurAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində isə 2 ədəd “MiQ-29” qırıcı və 3 ədəd “Su-25” hücum təyyarələri iştirak edib.

Bu il keçirilən təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşdü. Birgə təlimlərin sentyabrın 17-dək davam edəcək.

Təlimlərin ardıcıllığı və mümkün ssenarisi

Təlimlərdə iştirak edən pilotlar ilkin mərhələdə əvvəlcə müxtəlif brifinqlərdə və nəzəri təlimlərdə iştirak edəcək, hava şəraiti və digər texniki məsələləri müzakirə edəcək, sonra isə ətrafı tanıma uçuşları keçirəcəklər. Yalnız bu prosedurlardan sonra, taktiki-uçuş təlimlərinin planına əsasən, pilotların verilmiş hündürlükdə marşrut üzrə birgə uçuşları yerinə yetirəcəyi gözlənilir. Təlimlər zamanı şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, vacib yerüstü hədəflərinə zərbələr endirməklə bərabər, rəqibin qırıcı aviasiyasının zərbələrindən yayınmaq üzrə manevrlər icra edəcəyi gözlənilir. Pilotlu və pilotsuz aviasiyanın qarşılıqlı əlaqəsiinin təşkilinə dair yeniliklərin tətbiqi mümkündür.

Təlimlərin əhəmiyyəti

Həm Vətən Müharibəsindən əvvəl, həm də sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri qədər birgə təlim keçirən digər tərəfdaş ölkələr tapmaq mümkün deyil. “Suşa və Bakı Bəyannamələri” isə birgə və çoxtərəfli təlim proseslərini bir qədər də intensivləşdirib. Bu təlimlər ilk növbədə qardaş ölkələrin hərbi qulluqçularını bir-birinə daha da yaxınlaşdırır, dostluq-qardaşlıq münasibətlərini gücləndirir və birgə fəaliyyət potensialını artırır.

Hər iki ölkənin uçuş, texniki və təminat heyətləri təlimlər sayəsində böyük praktiki təcrübə də qazanır. Dünyanın çox az ölkəsində movcud olan AWAKS tipli erkən xəbərdarlıq təyyarəsi ilə qarşılıqlı əlaqədə vəzifələrin icra edilməsi, pilotlarımız üçün unikal imkandır.

Hər iki ölkənin silahlı qüvvələrinin gücünə güc qatan bu təlimlərdə iştirak etmək, davamlı olaraq döyüş imkanlarını artırmaq niyyətində olan Azərbaycan Silahlı Qüvvələri üçün çox vacibdir. “TurAZ Şahini-2021” məğlubiyyətə məruz qaldığı halda belə qırıcılarını havaya qaldırmağa cəhd etməyən Ermənistan və onun tərəfdaşları üçün növbəti “göz dağı” olacaq.

Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması üçün bu təlimlər müstəsna əhəmiyyətə malikdir. Odur ki, bu tip birgə təlimlərin gələcəkdə keçirilməsi və digər tərəfdaşların da bura cəlb edilməsi gözləniləndir.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün


Teqlər: TurAz   Hərbi-Təlim  





Xəbər lenti