"Bilirəm ki, atam da sevinir" - Şəhid kəşfiyyatçımızın qızı

  "Bilirəm ki, atam da sevinir"  - Şəhid kəşfiyyatçımızın qızı
  04 Sentyabr 2021    Oxunub:2506
Bu il ali məktəbə qəbul olanlardan biri də Tovuz döyüşlərində qəhrəmancasına şəhadətə ucalan mayor Anar Novruzovun qızı Firuzə Novruzovadır. Masallı rayonunda orta təhsil alan Firuzə iki il hazırlığa gedib və Xəzər Universitetinin “Tarix müəllimliyi” ixtisasına qəbul olub.
Sevincini Azvision.az ilə bölüşən Firuzə özünə güvəndiyini və zəhmətinin bəhrəsini gördüyünü deyib:
- Karantin vaxtı bir az çətinliyim oldu. Amma oxumağıma o qədər də təsir etmədi. Çünki qarşıma bir məqsəd qoymuşdum və onu yerinə yetirməli idim. Atam da hər zaman mənə dəstək olub. Deyərdi ki, “hansı ixtisası istəyirsənsə, seç”. O mənim ali məktəbə qəbul olunmağımı, oxumağımı istəyirdi. Mən də atamın arzusunu yerinə yetirdim. İlk təbrik edən anam oldu. Atamın hansı hisslər keçirəcəyi və sevinci də gözümün qarşısında canlandı. Bilirəm ki, o da mənim uğurlarıma sevinir.

Furizə öncə Vətənə və atasına layiqli övlad, daha sonra müəllim olmağa çalışacağını deyib. Onun gələcəklə bağlı planları da bu istiqamətdədir:
“Magistr təhsili də alıb, işləmək istəyirəm. İşləyəcəyim yer ali və ya orta məktəb də ola bilər. Çalışacağam ki, Zəfər tariximizi, qələbəmizi şagirdlərə, tələbələrə öyrədim”.

Firuzə tələbə həyatının da xoş keçəcəyinə inanır: “Eşitdiyimə görə tələbəlik dövrü xoş keçən illərdir. Yadda qalan, şirin illər olur. Ümid edirəm, mənim üçün də elə olar”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Anar Novruzov 14 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. A.Novruzova kəşfiyyatçı zabit kimi xidmətinə görə "Akula" ləqəbi verilmişdi.

Aytən Zəhra
Azvision.az




Teqlər: Şəhid   Tələbə  





Xəbər lenti