Söyüş və azadlıq: Bizə nəyi aşılamağa çalışırlar - Nadir Qocabəylinin yazısı
Şahmarzadə yazıb: “Hər kəsin söyüş söymək azadlığı olmalıdır. Söyüş söymək ifadə azadlığından fərqli qavranılmamalıdır. Bir şeyi beynimizdə düşünə biliriksə və bu problem deyilsə, səsli halı da problem olmamalıdır.”
Gəlin əvvəlcə hər cür azadlığın nə olduğunu müəyyənləşdirməyə çağıraq. Azadlıq nədir axı? Hər istədiyini danışmaq və etmək? Hər yerdə istədiyin kimi hərəkət etmək və davranmaq? Hər kəsə istədiyini etmək? Səsin yetən hamını söymək və gücün çatan hər kəsi döymək? Əlbəttə, yox!
Məsələn, kimsə evdən paltarsız, lüt-üryan çıxa bilərmi? Kimsə avtomobilini qazonun üzəriylə, yaxud insanların üstünə sürə bilərmi? Kimsə metroda siqaret çəkə bilərmi? Çəkdiyi siqareti yanındakının cibinə ata bilərmi? Kimsə küçədə uca səslə millətin var-yoxunu söyə biləmi?
Əlbəttə, yox, yox və yox!
Ancaq bütün bunları “azadlıq” kimi yorumlamaq tamamilə mümkündür. Feminist xanımın məntiqiylə əgər insanın hər düşündüyünü səsləndirməsi azadlıqdırsa, hər düşündüyünü gerçəkləşdirməsi də azadlıqdır. Təəssüflə qeyd etməliyəm ki, ağlına küçədəki pişiyin quyruğunu kəsmək kimi qəddar bir hərəkət gələn uşağın böyüyəndə kiminsə toppuş qulağını dişləyib qoparmaq haqqında əyləncəli fikrə düşməsi istisna olunmur. Və şikarın kim olacağı da bəlli deyil.
Kimsə “azadlıq” adıyla ağlını itirərək bunlara risk etsə belə, nəticənin necə olacağını təsəvvür etmək çətin deyil. Deməli, “azadlıq” dediyimiz şey yalnız ətrafı, başqalarını, cəmiyyəti nəzərə alaraq edə biləcəyimiz hərəkətlərə, danışdığımız sözlərə, söylədiyimiz fikirlərə aid ola bilər. Azadlıq özünü hər hansı şəkildə ifadə edərkən başqalarına mane olmamaq, ətrafa ziyan vurmamaq, kimisə və nəyisə incitməməkdir.
Kimsə gedib dəniz kənarında kimsəsiz bir yer tapıb, lüt-üryan çimə bilər. Ancaq bunu çimərlikdə edə bilməz. Çünki çimərlikdə çoxluğun qəbul və əməl etdiyi qaydalar buna yol vermir. İnsan öz mənzili daxilində istədiyi formada geyinib və ya geyinməyib gəzə bilər. Ancaq küçəyə, cəmiyyət içinə çıxanda hökmən bəlli qaydalara riayət etməli, əyninə paltar geyinməlidir. Hətta cəmiyyəti saymasa, bəyənməsə, ona yuxarıdan baxsa belə, onunla hesablaşmaq zorundadır. Hesablaşmasa, fəsadlar, toqquşmalar, hətta itkilər qaçılmazdır.
İnsan ayıbını geyimlə, paltarlarla örtdüyü kimi, sözlərinə, hərəkətlərinə də don geyindirməli, sərhəd qoymalı, ölçü, çəki verməlidir. Bu, elementar mədəniyyətdir və insan övladı min illərdir bu yola qədəm qoyub. Amma indi kimsə ortalığa çıxıb deyir ki, insanın hər düşündüyünü ifadə etmək azadlığı var. Buna bizim dildə “ağzına, yaxud ağlına gələni danımaq”, “sarsaqlamaq”, “çərənləmək”, “səfehləmək” və s. deyirlər. Bu ifadə və sözlərin hamısı mənfi yüklüdür. Əsas səbəb də odur ki, bəlkə də, sahibini rahatlaşdıran bu söz və ifadələr başqalarını incidir, yaralayır, insanların heysiyyətinə toxunur, ayrı-ayrı fərdləri, cəmiyyəti təhqir edir.
Söhbət söyüşdən, xüsusilə də, bizdə “küçə söyüşü” kimi xarakterizə olunan əxlaqsız, tərbiyəsiz söz və ifadələrdən gedirsə, onlara münasibət son dərəcə neqativdir. Cəmiyyətimizin əksəriyyəti söyüşü özü üçün ən böyük, alçaldıcı təhqir sayır və adekvat reaksiya verir. Azərbaycanlı düşüncəsinə görə, söyüşdə ifadə olunan məfhumun, mənanın, hərəkətin reallıqla ciddi əlaqəsi var. Yəni üzr istəyirəm, kimsə kiminsə anasını onunla cinsi münasibət kontekstində söyürsə, deməli, bu arzusunu ifadə etməklə qarşı tərəfi ağır şəkildə təhqir edir. Elə insanlar var ki, hətta söyüşə söyüşlə cavab verməyi xoşlamır və başqa tədbir görür, bu isə cinayətlərə, bəzən qətllərə belə səbəb olur. Əgər Şahmarzadənin yazdığı kimi, hamı öz emosiyalarını söyüşlə ifadə etməyə başlasa, ölkədə qətllərin sayı kəskin artar, hətta sabitlik pozula bilər.
Bir şeyi də dərk etmək lazımdır ki, biz şərqliyik. Qərblilər “Şərqin incə məsələ olduğunu” deyir. Bu o deməkdir ki, şərqli qərbliyə nisbətdə daha qürurlu, daha həssas, daha səmimidir. Şərqdə söz sadəcə söz deyil, şərqlinin sözünün əməllə vəhdəti daha güclüdür. Ruslar tam qərbli olmasalar da, onlardakı ana söyüşü bizdəkinin eynisi deyil. Rusiyada uzun müddət yaşamış bir azərbaycanlı danışırdı ki, onlar bu söyüşü “sabahın xeyir” əvəzinə işlədirlər. Məncə, bu həmin söyüşün adiləşməsi ilə bağlıdır, söyüşün adiləşməsi isə onun ifadə etdiyi mənanın, reall durumun adiləşməsidir.
Bizdə çox yaxşı ki, belə şeylər hələ adiləşməyib. Amma adiləşdirmək istəyənlər çoxdur. Özü də israrla, vaxtaşırı gündəmə gətirməklə. Ən pisi də odur ki, bizə söyüşlər qarşısında susmağı aşılayırlar və artıq buna müəyyən dərəcədə nail də olublar. Biri sosial şəbəkədə yazdığımız fikrə görə bizi təhqir edəndə müdafiə olunmamağımız bir yana qalsın, cavab verdiyimiz təqdirdə bizə susmağı, baş qoşmamağı məsləhət görənlər daha çox olur. Hansısa əxlaqsız cinsi orqanının adını çəkərək söyüş söyür, deyirlər ki, fikir vermə, baş qoşma. Bu necə ola bilər axı? Bu gün bizə söyüş söyən sabah üzümüzə tüpürəcək, o biri gün küçədə dalımıza təpik vuracaq, arvad-uşağımıza sataşacaq. Və cavablarını almadıqca əmin olun ki, daha da ayaqlanacaq, bir az da irəli gedəcəklər. Yəni bütün bunların təsadüfdir?
Şübhəsiz ki, deyil. Azadlıq şüarı altında əxlaqsızlığı, tərbiyəsizliyi, söyüşü adiləşdirməyə çalışanların xüsusi məqsədi var. Əvvəla, hər birimiz kimi onlar da öz həyat tərzlərini yayırlar. Yəni hamını özlərinə oxşatmaq, özlərinin çoxluqda olduğu bir ictimai mühit formalaşdırmaq, özlərini daha rahat və “azad” hiss etmək istəyirlər. Bunlar istəyir ki, hamı bir-birini – oğul atanı, ata qızı, qız ananı, ər arvadı, qonşu qonşunu söyərək yaşasın və insanlarda zərrə qədər abır-həya, qanacaq, tərbiyə, mərifət qalmasın. Üz üzdən utanmasın, heç kəs heç kəsdən çəkinməsin və əxlaqsız, dəyərlərin olmadığı bir toplum yaransın.
İkinci səbəb də birincinin davamıdır. Aydın məsələdir ki, cəhənnəmə gedən adətən özünə yoldaş axtarar. Əxlaqsızlığa, düşkünlüyə, pozğunluğa yuvarlanan insan üçün çox zaman geriyə dönüş olmur. Elə bu səbəbdən də başqalarını öz yoluna çəkmək, bəraət qazanmaq istəyir ki, tək qalmasın. Qərbdə bu tipli insanların, qrupların mütəşəkkil fəaliyyəti, təşkilatları, biznes strukturları formalaşıb. Onlar media qurumları yaradır, kitablar yazır, filmlər çəkir, konsertlər verir və bu yollarla özlərini təbliğ edirlər. LGBT-lər, feminist şəbəkələr, digər qeyri-ənənəvi qurumlar, sektalar bu qəbildəndir. Onlar bütün dünyaya yayılmağa çalışır, eyni zamanda Azərbaycanda da genişlənmək üçün canfəşanlıq göstərir və adətən ekstravaqant, populist, qeyri-əxlaqi mövzularla gündəmə gəlməyə çalışırlar.
Bizə söyüşə qarşı dözümlü olmağı, başqa sözlə, abırsızlığı təbliğ etməyə çalışırlar. Bu da Qərbin müəyyən dairələrinin, Şərqlə bağlı institutlarının bizə sırıdığı əxlaq, daha doğrusu əxlaqsızlıqdır. Söyüşün, təhqirin, ləkənin qarşısında yalnız gözükölgəli adam susa bilər. Bunun mənası odur ki, bildiyini elə və tənqid, təhqir, söyüş qarşısında da sus. İt hürər, karvan keçər.
Nadir Qocabəyli
Azvision.az
Teqlər: Söyüş-Azadlıq Qocabəyli