“Bütün işlərdən Əbülfəs Qarayevin xəbəri olub” - Keçmiş rəis

   “Bütün işlərdən Əbülfəs Qarayevin xəbəri olub” -    Keçmiş rəis
  10 Sentyabr 2021    Oxunub:1072
Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azvision.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Azəraqrartikinti" ASC-nin filial müdiri Nüsrət Ömərov ifadə verib. O deyib ki, İncəsənət Muzeyindəki təmir işlərinə görə keçirilən tenderdə ASC qalib olub və Dövlət Xidmətindən onların şirkətinə 31 milyon manat pul ayrılıb.

Daha sonra təqsirləndirilən şəxs Zakir Sultanov həyata keçirilən bir çox işlərdən sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin də xəbəri olduğunu bildirərək məhkəməyə çağırılmasını istəyib

Məhkəmənin növbəti iclası sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılıb.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Azvision.az



Teqlər: Nazir   Məhkəmə  





Xəbər lenti