Olimpiyanın zəif halqası: Boşluq harada buraxılıb?

   Olimpiyanın zəif halqası:    Boşluq harada buraxılıb?
  11 Sentyabr 2021    Oxunub:3945
Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən idman sahəsindəki problemli məsələlərə toxunmuşdu. Dövlət başçısının bəhs etdiyi əsas məsələlərdən biri də gənc idmançıların yetişməməsi və idman-olimpiya kompelkslərinin fəaliyyətinin qənaətbəxş olmaması idi.
- Təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir: orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Biz bu infrastrukturu o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, həm də peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medal qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir,- Prezident demişdi.

Yəqin ki, nazirlik və ayrı-ayrı qurumlar öz araşdırmalarını aparacaqlar, Azvision.az isə tanınmış idman jurnalistlərinin bu haqda fikirlərini soruşub.

Report.az saytının əməkdaşı, Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin üzvü, İdman Araşdırmalar Mərkəzinin (İAM) sədri Elşən Məmmədov düşünür ki, olimpiya idman komplekslərində çox ciddi problemlər var. Əvvəllər komplekslərin çoxu özəl təşkilatlar tərəfindən tikilmişdi. Sonradan Gənclər və İdman Nazirliyi bu işi öz üzərinə götürdü. Hazırda aktiv fəaliyyətdə olanlarla yanaşı, heç işləməyən, hətta dağılmış Olimpiya kompleksləri də var. Məsələn, Lənkərandakı kimi.
- Bütün bunların fonunda idmançı yetişdirilməsində problemlər yaşanır. Kompleksləri tikməklə iş bitmir, yaxşı menecerlər olmalıdır ki, onları idarə etsinlər. Həm komplekslərin rentabelli olmasını təmin etsin, həm də yeni idmançıların yetişdirilməsi istiqamətində çalışsın. Rayonlarda idmanla daha çox həvəskar şəkildə məşğul olurlar. Çünki populyar idman növlərinin hamısı - güləş, boks, cüdo,- pullu seksiyalardır. Rayonlarda bu həvəskarların içindən 1-2 idmançı çıxa bilir. Bu da idmançı yetişdirilməsində çox kiçik göstəricidir.

Ekspert bu sahədə federasiyalara daha çox ümid bəsləyir. Federasiyaların imkanları pis olmasa da, üstünlüyü daha çox tez nəticə göstərən legionerlərə veriblər ki qısa müddətdə daha tez nəticə əldə etsinlər. Bu da düzgün yol deyil və nə vaxtsa partlamalı idi: “İndiyə kimi idmançılarımızın yetişdirilməməsi, yerli idmançıların inkişafına diqqət yetirilməməsi sonda bu cur acı nəticə doğurdu. Pandemiyanın bəhanə gətirilməsi düzgün deyil. Yerli idmançıların yetişdirilməsinə federasiyalar ciddi yanaşmayıblar. Hamısı legioner arxasınca qaçıb”.

- Yayda Qax Olimpiya kompleksi ilə maraqlanmışdım. Bir otağın döşəməsi tamamilə dağılmış vəziyyətdə idi. Sabah idmançılar həmin kompleksdə təlim-məşq toplantısında o şəraitsiz yerdəmi qalacaqlar? Hətta bəzi komplekslərdən başqa məqsədlərlə istifadə olunduğuna dair söz-söhbətlər də gəzir. Bu məsələlərə ciddi diqqət yetirilməlidir- deyir Elşən Məmmədov.

“Allsport.az” saytının baş redaktoru Kamran Hacının sözlərinə görə, bölgələrdən gənclər paytaxta axın edirlər. Bu səbəbdən, bölgələrdə az idmançı yetişir. Bakının da, Sumqayıtın da bazalarında rayonlardan gələn xeyli idmançı var.
Olimpiya idman kompleksləri Gənclər və İdman Nazirliyinin balansında olan idmançıların ödənişsiz şəkildə tam ixtiyarındadır. Digər idman növləri isə təsərrüfatı saxlamaq üçün ödənişli ola bilər. Bölgələrdə axsayan məsələ nəqliyyatın zəif olmasıdır. Rayon mərkəzlərində idmançıların Olimpiya komplekslərinə gəlib-getməsində problem yoxdur. Ancaq mərkəzə uzaq yerlərdə nəqliyyat problemə çevrilir.


- Mərhum nazir Azad Rəhimovun zamanında çox işlər görülüb,- deyir Kamran Hacılı,- İndi yeni təyin olunan nazir Fərid Qayıbovun işləri daha da təkmilləşdirəcəyinə inanıram. Nəsildəyişməni vaxtında etmək lazımdır. Nəzərə alaq ki, federasiyaların rəhbərləri arasında yüksək vəzifə tutan məmurlar var. Bəzən nəyəsə müdaxilə etmək çətin olur və ya ehtiyatlılıq kimi hallar yaşanır. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya komitəsi və federasiyalar daha sıx işləməli, nəzarət güclənməlidir. Fikrimcə, bundan sonra daha səmərəli işlər görüləcək. Federasiyaların özlərinin də bazaları olmalıdır. Rayondan gələn idmançı fikir etməməlidir ki, harada qalacaq, nə yeyəcək. O, federasiyaya məxsus bazada qalmalı, qidalanmalı və məşq etməlidir. Şərait daha da yaxşılaşdırılmalıdır.

“Xəzər” TV-nin şimal bölgəsi üzrə əməkdaşı Emin Kərimov isə regiondakı vəziyyətin heç də ürəkaçan olmadığını bildirir. Onun sözlərinə görə, çalışdığı rayonlarda gənclərinin əksəriyyəti idmana çox həvəslidir. Hər biri Azərbaycan bayrağını zirvələrə daşımaq üçün əlindən gələni etməyə də hazır və qadirdir. Ancaq Olimpiya komplekslərinin vəziyyəti bu gənclərin inkişafına töhfə vermir.

- Şimal bölgəsində Quba, Qusar və Xaçmaz rayonlarında olimpiya idman kompleksləri var. Amma fəaliyyətləri demək olar, yox dərəcəsindədir. İdmana həvəsli gənclər bu komplekslərə müraciət edəndə onlardan ödəniş tələb olunur. Pulu olmayan məşq edə bilmir. Bu da yeni idmançıların yetişməsinin qarşısını kəsir. Bundan əlavə, komplekslərin vəziyyəti ürəkaçan deyil. Təsəvvür edin ki, hovuzun suyu vaxtında dəyişdirilmir. Başqa problem isə komplekslərə dağ kəndlərdən gələnlərin az olmasıdır. Çünki gediş-gəliş rahat deyil. Bir jurnalist kimi deyə bilərəm ki komplekslərdən gəlir məqsədilə istifadə olunur. Arada hansısa tədbirlərin keçirilməsi gənc idmançıların yetişdirilməsinə xidmət etmək mənasını vermir. Bu komplekslər hər bir gənc üçün əlçatan olmalıdır.

Bölgələrdə fəaliyyət göstərən jurnalist İlham Məmmədov isə düşünür ki, son 10 ildə olimpiya kompleksləri daha müasir şəkildə tikilir. Fəqət müəyyən müddətdən sonra görürsən ki, lazımı şəkildə, istənilən səviyyədə qorunmayıb. Gənc idmançıların yetişdirilməsində problem isə kadrların düzgün seçilməməsidir.

Bununla yanaşı, həmsöhbətlərimiz gələcəyə nikbin baxırlar. Elşən Məmmədov yeni nazirin təyinatını müsbət qiymətləndirir: “Fərid Qayıbov özünü təsdiqləmiş idman məmurudur. Uzun müddət Azərbaycan Gimnastika Federasiyasında baş katib kimi çalışıb. Ölkədə və xaricdə uğurlu fəaliyyətilə seçilib. Nazir vəzifəsinə layiq idi. Fərid Qayıbov İdman Araşdırmalar Mərkəzinin 2018-ci ildə idman jurnalistləri arasında keçirdiyi sorğuda “İlin İdman Xadimi” seçilmişdi. Fəaliyyəti dövründə çox mükafatlara layiq görülüb. Əminəm ki, idman sahəsindəki problemlərin aradan qaldırılmasında müstəsna rol oynayacaq”.
Digər mütəxəssislər də onun kimi düşünürlər.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər:





Xəbər lenti