İransayağı "mehriban qonşuluq və dostluq"

   İransayağı "mehriban qonşuluq və dostluq"
  20 Sentyabr 2021    Oxunub:2338
Dostluq və qonşuluq ikitərəfli anlayışdır. Çoxları müasir dövrdə bu həqiqətə sadiq qalmağın çətin olduğunu iddia etsələr də, təcrübə göstərir ki, hər şey siyasi iradədən və istəkdən asılıdır. Həm yaxın, həm də uzaq ölkələrlə münasibətlərdə Azərbaycanın sərgilədiyi mövqe bunun əyani şahidiyik.
Bütün qonşularının ərazi bütövlüyünə və təhlükəsizliyinə hörmətlə yanaşan Azərbaycanın digərlərinin də məhz belə mövqe sərgiləməsini tələb etməyə tam mənəvi haqqı çatır. Azərbaycan-İran münasibətlərində zaman-zaman yaşanan gərginlik Tehranın rəsmi Bakının bu siyasətini adekvat şəkildə qiymətləndirmədiyindən xəbər verir.

Hələ ABŞ-ın Tehrana qarşı təzyiqlərinin tüğyan etdiyi 2006-cı ildə Vaşinqtonun ən sərt təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev Ağ Evin qarşısında bizim ərazimizdən İrana zərbə endirilməsinə icazə verməyəcəyini açıqlamışdı. Bu rəsmi Bakının İrana münasibətdə mehriban qonşuluq və dostluq siyasətinin məntiqi təzahürü idi. Bəs Tehran və İrandakı bəzi siyasi dairələr Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan indiyədək ölkəmizə qarşı münasibətdə belə səmimi və qətiyyətli davranış sərgiləyirlərmi? Heç də yox! Halbuki, İran bütün rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir və rəsmi Bakının haqlı iradları ilə rastlaşdıqda diqqəti məhz ümumi sözlərdən ibarət belə açıqlamalara yönəltməklə, yaratdığı gərginliyi səngitməyə çalışır.

Əksər hallarda sözü ilə əməli köklü şəkildə fərqlənən İran Azərbaycana münasibətdə nəinki ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, həm də mehriban qonşuluq və dostluq anlayışlarına zidd siyasət yürütdüyünü sübuta yetirir. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan məhz İranın hərtərəfli yardımının onun ölkəsini Birinci Qarabağ müharibəsində iflasdan xilas etdiyini hələ ötən əsrin 90-cı illərində açıqlamışdı. Bütün bunlara baxmayaraq həm Heydər Əliyevin, həm də İlham Əliyevin prezidentliyi illərində Azərbaycanın İrana münasibəti mehriban qonşuluq və dostluq siyasətinə köklənib.

Amma 44 günlük Vətən müharibəsi və ondan sonrakı müddətdə də biz İranın adekvat mövqe sərgiləməsinin şahidi olmadıq. Bu kontekstdə Tehranı narahat edən əsas məsələ Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra təcavüzkar Ermənistanla İran arasında birbaşa nəqliyyat əlaqəsinin itirilməsi narahat edir. 28 il Ermənistanın işğalı altındakı bu ərazilərdən keçməklə islam mədəni-dini abidələrini təhqir edən bir ölkə ilə beynəlxalq hüquqa zidd şəkildə qanunsuz nəqliyyat əlaqələri quran İranın belə siyasətinə, sözsüz ki, gec-tez xitam veriləcəkdi. Öz əraziləri üzərində suveren hüquqlarını bərpa etmiş rəsmi Bakı Azərbaycanın xüsusi razılığı və nəzarəti olmadan Qarabağ bölgəsinə, habelə Gorus-Qafan yolu ilə Ermənistana getməsinə qadağa qoyulduğu barədə bütün ölkələri məlumatlandırıb. Təəssüf ki, Ermənistana və Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin qalıqlarına yüzlərlə böyük tutumlu yük maşınları göndərən ölkə məhz bu xəbərdarlığa məhəl qoymayan İran oldu. Rəsmi Bakının bütün etirazlarına, o cümlədən bununla bağlı Azərbaycanın Xarici İşlər nazirliyinin İranın ölkəmizdəki səfiri Seyid Abbas Musaviyə təqdim etdiyi notaya isə Tehran “deyilənlər həqiqətə uyğun deyil” standart cavabını verdi. Lakin Gorus-Qafan yolunun bizim ərazidən keçən 21 kilometrlik hissəsində Azərbaycanın sərhəd-gömrük postları qurulduqdan sonra həqiqətin kimin tərəfində olduğu aydınlaşdı. Bu məsələdə əlavə şərhə ehtiyac yoxdur.



Təkzibedilməz konkret faktlara əsaslanan reallığın ciddiliyini başa düşən İran diplomatiyası fəallaşmaq məcburiyyətində qaldı. İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Gorus-Qafan yolunda Azərbaycanın yaratdığı qayda-qanunu müzakirə etmək üçün iki dəfə Azərbaycan prezidenti İlham Əliyevin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyevlə və Baş nazirin müavini Şahin Mustafayevlə görüşüb. Görünür, Azərbaycan tərəfinin bu məsələdə qətiyyətli mövqeyi dəyişməz qaldığından rəsmi Tehran “alternativ” metodlara əl atıb.

Əvvəla, İranın Bakıdakı keçmiş səfiri Möhsen Pak Ayin diplomatik missiyanın saytında ölkəsinin yeni hakimiyyətinin siyasətinin Azərbaycana münasibəti dəyişməyə imkan yaratığını yazıb. Onun fikrincə, yeni yanaşma bir çox sahələrdə əməkdaşlığın inkişafı ilə yanaşı, Rəşt-Astara yolunun inşasının başa çatdırılmasına da təkan verə bilər. İstənilən halda yüzlərlə böyük tutumlu yük maşınlarının İrandan Ermənistana min tonlarla yük daşıması faktını inkar edən Ayin, heç özü də fərqinə varmadan beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin Rəşt-Astara dəmir yolu hissəsi ilə bağlı Tehranın indiyədək əslində destruktiv mövqe tutduğunu açıqlayıb. Dəhlizin kiçik bir hissəsi olan “Qəzvin-Rəşt” dəmir yolu Tehranın “kəraməti” üzündən nə az, nə çox...düz 10 ilə inşa edilib. “Rəşt-Astara” xəttinin tikintisinə gəldikdə isə, Tehran vəsaitin çatışmazlığı bəhanəsini gündəmə gətirib. Halbuki, Ermənistnla bağlı nəqliyyat əlaqələrinin qurulamsına və enerji layihələrinin həyata keçirilməsinə Tehran miyardlarla dollar xərcləməyə həmişə canla-başla hazır olduğunu bildirib. Hətta bütün bunlara baxamyaraq, Azərbaycan sözügedən dəmir yolunun inşası üçün İrana 500 milyon həcmində kredit ayırsa da, qarşı tərəf işlərin yekunlaşmasına elə də həvəs göstərmir. Amma “Şimal-Cənub” dəhlizinin Xəzərin o tayında Türkmənistan və Qazaxıstandan keçən hissəsi artıq bir ildir ki, istismara verilib. Bir sözlə, İranın ölkəmizdəki sabiq səfirinin dili yanılıb, düzünü deyib.



Diplomatik cəhdlərlə kifayətlənməyən Tehran Azərbaycana hərbi müstəvidə də “təzyiq” göstərməyə çalışır. Xudafərin körpüsünün o tayında Azərbaycan sərhədində İranın genişmiqyaslı hərbi təlimlərə başlaması buna əyani sübutdur. Maraqlıdır ki, daim ifrat anti-azərbaycan və anti-türk mövqeyi ilə seçilən Ərdəbil şəhərinin imamı Seyid Həsən Amili bu təlimlər ərəfəsində İranın İslam inqilabı keçikçiləri korpusunun qonşu Azərbaycana və Türkiyəyə öz gücünü nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Çünki sən demə, indi yalnız Azərbaycan yox, Türkiyə də İrana qarşı düşmən münasibət sərgiləyir. Azərbaycan və Türkiyə ilə birgə hərbi təlimlər keçiridyinə görə Pakistan da Amilinin qəzəbinə tuş gəlib. Yəqin onun fikrincə, İranın nəinki bölgədə, hətta bütün dünyada yeganə və ən səmimi dostu Ermənistandır. Bir müdrik kəlamda isə deyilir ki, dostunu göstər, deyim kimsən.

Sahil İsgəndərov, politoloq
Azvision.az




Teqlər: İran   Amili  





Xəbər lenti