Əzrayılın Cəbrayıldan qovulması: 4 illik hazırlığın 44 gün sürən yekunu – Ədalət Verdiyevin yazısı

      Əzrayılın Cəbrayıldan qovulması:    4 illik hazırlığın 44 gün sürən yekunu –    Ədalət Verdiyevin yazısı
  04 Oktyabr 2021    Oxunub:3577
Vətən Müharibəsinin başlamasından cəmi bir həftə sonra Ordumuz döyüş əməliyyatlarının gedişatına ciddi təsir edəcək bir uğur qazandı. 2020-ci ilin oktyabrında 4-də Şamlı Ordumuz Cəbrayılın rayon mərkəzini düşmən tapdağından azad etdi. Bu müjdə onillərlə davam edən atəşkəs dövründən sonra bütün xalqımızın qəti Qələbəyə inamını daha da artırdı. Amma çoxumuz bilmirik ki, Azərbaycan 27 il düşmən tapdağı altında zarıyan Cəbrayıl rayonunun azad edilməsinə 2016-cı ildən hazırlıq görürdü.
4 il əvvəl başlayan hazırlıq

Azərbaycan və Ermənistan arasında həm Qarabağda, həm də sərhəd bölgəsində 1007 km. təmas və cəbhə xətti mövcud olduğu halda, Ordumuzun məhz Odundağ, Lələtəpə, Talış, Günnüt və Babakər kimi əraziləri düşməndən təmizlənməsi gələcək döyüş əməliyyatlarına hazırlıq məqsədi daşıyırdı. Lələtəpənin də azad edilməsi daha aşağı yüksəklikdə yerləşən ərazilərimizi düşmən atəşi altından çıxarmaqla bərabər, həm də Füzuli-Cəbrayıl maqistralına nəzarət etməyə imkan verirdi.
Aprel Döyüşlərindən sonra Lələtəpədə yerləşən bölmələrimizin düşmənin manevrlərini məhdudlaşdıracağı və Azərbaycan Ordusunun cənub istiqamətində gələcək hücum və əks-hücum əməliyyatları üçün bu yüksəklikdən vacib platsdarm kimi istifadə edəcəyini bir neçə dəfə fərqli məqalələrimdə qeyd etmişdim.

800 erməniyə məzar olan Cəbrayıl

Cəbrayılın azad edilməsinə Vətən Müharibəsinin ilk günündən başlandı. Ordumuzun döyüş əməliyyatlarının birinci günü azad etdiyi yaşayış məntəqələrinin siyahısına Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil idi. Düşmən tərəfi əməliyyatların ilk günündə məğlubiyyəti ilə barışmayaraq, Lələtəpə istiqamətində əks hücuma da cəhd etmişdi. Erməni mətbuatı bu əməliyyatın həyata keçirilməsində Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın israrlı olduğunu, hətta erməni generallarla komanda məntəqəsində mübahisə etdiyini də yazırdı. Sonda erməni generallar hissə və bölmələri əks-hücuma göndərməyə məcbur olmuşdular. Bəzi mənbələr 600, bəzi mənbələr isə 800 erməni silahlısının bu əks-hücumda məhv edildiyini yazır. Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə məhv edilən erməni əsgərlərin cəsədlərinin qalıqlarını hələ də toplayıb qurtara bilmirlər. Buna baxmayaraq, Ermənistanda Azərbaycana qarşı növbəti müharibədən danışan arsızlar yenə tapılır.

Sentyabrın 27-də rayonun Böyük Mərcanlı və Nüzgar, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də Cəbrayıl şəhəri, Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabad kəndləri, oktyabrın 5-də isə Şıxalıağalı, Məzrə və Sarıcalı kəndləri düşməndən azad edildi. 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonun tam təmizlənməsi Vətən Müharibəsinin sonuna qədər davam etdi.
Mərhələlərə bölmək istəsək, sentyabrın 27-dən oktyabrın 4-nə qədər davam edən birinci mərhələdə Lələtəpədən rayon mərkəzinə qədər olan kəndlər və Cəbrayıl şəhəri, oktyabrın 5-dən müharibənin sonuna qədər davam edən ikinci mərhələdə isə Cəbrayıl rayonunun digər kəndləri düşməndən təmizləndi. Müharibənin ilk saatlarında son dəqiqəsinə qədər Ordumuz fasiləsiz olaraq Cəbrayıl rayonu ərazisində qəhrəmanlıq göstərdi, düşmənlə, iqlimlə, ərazi ilə ləyaqətli mübarizə apardı.

İşğalçı ordunun mövqeləri

Cəbrayıl rayonu azad ediləndən sonra əraziyə səfərim zamanı düşmən mövqelərinin bir hissəsini araşdırdım. Digər yerlərdə olduğu kimi, burada da Ermənistan silahlı qüvvələrinin keçmiş mövqelərinin mühəndis təminatı əsasən Azərbaycanın işğal edilən kəndlərindəki evlərdən və üzüm bağlarından sökülən inşaat materialları hesabına aparılıb. Əksər ərazilərdə daha yüksəkdə yerləşən və bir neçə müdafiə səddindən ibarət olan düşmənin müdafiə rayonları mühəhdis təminatı haqqında təlimatın tələblərinə tam cavab vermirdi, amma bu rayonlar müdafiə olunmaq, ərazini müşahidə etmək və məhdud manevrlər üçün yararlı idi.
Cəbrayıl rayonu ərazisində yerləşən düşmən mövqelərinin mühəndis maneələr sistemi əsasən xaotik şəkildə hər tərəfə basdırılan müxtəlif təyinatlı minalardan və üzüm bağlarının sökülməyən beton dirəklərindən ibarət idi. Üzüm bağlarının arasında isə sürpriz mina tələlərinə rast gəlinir. Hazırda rayon ərazisinin minalardan təmizlənməsi müxtəlif qurumlar tərəfindən paralel olaraq həyata keçirilir.

Düşmən ordusunun tərk etdiyi müdafiə mövqelərində müşahidə üçün nəzərdə tutulan teleskopik kameralardan aktiv şəkildə istifadə edilib. Müşahidə məntəqələrinin sıxlığı düşmənin Lələtəpə istiqamətinin müdafiəsinə xüsusi önəm verdiyini göstərirdi.

Ermənistan ordusunun bu istiqamətdə xidmət edən şəxsi heyəti üçün yaradılan şərait olduqca primitiv idi və döyüş tapşırıqlarını tam həcmdə yerinə yetirməyə imkan verə bilməzdi. Sığınacaqlar təhlükəli konstruksiyaya malik idi. Onların bəziləri Ordumuzun artilleriya bölmələrinin ilk atəşindən sonra yerlə yeksən olub. Bəziləri isə həmin ərazilər azad ediləndən sonra məhv edilib. Komanda müşahidə məntəqələri beton bloklarla örtülü olub, səngərlərin bir hissəsi isə beton üzüm dirəklərilə döşənmişdi.

Cəbrayılın azad edilməsinin əhəmiyyəti

Düşmənin sadalanan mühəndis istehkam qurğuları və qurulan atəş sistemi heç bir halda Azərbaycan Ordusunun uğurlu əks hücum əməliyyatlarına əngəl törətmədi. Ali Baş Komandan İlham Əliyevin mükəmməl rəhbərliyi altında Azərbaycan Ordusu 30 il möhkəmləndirilən düşmən mövqelərini bir neçə saat ərzində məhv edərək, Vətən Müharibəsində ilk Qələbəsini məhz Cəbrayılın kəndlərini azad etməklə qazandı. El dili ilə desək, onillərlə bizi gözləyən Cəbrayıl torpağına ayaq basmaq, Vətən sevgisini həyatından üstün tutan Qəhrəman Əsgərimizə düşərli oldu.


27 illik işğaldan sonra Azərbaycan Ordusunun azad etdiyi ilk şəhər Cəbrayıl oldu. Azərbaycanın müharibədə Qələbə qazanmasından 6 gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Müqəddəs Bayrağımızı qaldırdılar. Bundan 10 gün sonra isə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edən 12523 hərbi qulluqçu bu medalla təltif olundu.

Cəbrayılın azad edilməsi uğrunda döyüşlər Ordumuzun tarixinə ən ağır döyüşlərdən biri kimi yazıldı. Cəbrayıl şəhərinin və rayonun digər yaşayış məntəqələrinin azad edilməsinin həm mənəvi, həm də hərbi cəhətdən mühüm əhəmiyyəti var:
- Ermənistan ordusunun şəxsi heyət və texnika itkilərinin artırmaqla düşmənin müqavimət potensialını zəiflətdi;
- Düşmən ordusunun əks hücum planlarını iflasa uğratdı;
- Cəbrayılın Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması, Ordumuzun daha geniş coğrafiyada manevr etməsi üçün vacib olan maqistral yolun açılmasına və sonrakı müddətdə hücum templərini artırılmasına əlverişli şərait yaratdı;
- Azərbaycan Ordusunun hücüm zolağını genişləndirməklə bir neçə rayon istiqamətində paralel irəlləməsinə şərait yaratdı;
- Azərbaycan xalqının Qələbəyə inamını artırmaqla Azərbaycan Silahlı Qüvvələri və Ali Baş Komandan ətrafında daha sıx birləşməsinə səbəb oldu;
- Azərbaycan ilə İran arasında dövlət sərhədinin bərpa olunmasına və Arazın əks tərəfindən seperatçı rejimə həyata keçirilən daşınmaları tam məhdudlaşdırmağa imkan verdi;
- Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün münbit şərait yaratdı;
- İlk dəfə rayon mərkəzinin erməni işğalından azad olunması, Ordumuzun əks hücumlarının davamlı olmasına və Vətən Müharibəsinin Azərbaycanın qəti qələbəsi ilə başa çatmasına ümidləri artırdı.


Ədalət Verdiyev, hərbi ekspert
Məxsusi olaraq Azvision.az üçün


Teqlər: Cəbrayıl   Vətən-Müharibəsi   44-Gün  





Xəbər lenti