Hacıların səssizliyi: Azərbaycanın ideoloji təhlükəsizliyinə hədə var

      Hacıların səssizliyi:    Azərbaycanın ideoloji təhlükəsizliyinə hədə var
  11 Oktyabr 2021    Oxunub:5582
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

İranın Azərbaycana qarşı apardığı arqessiv siyasətdə əks tərəfin ruhaniləri çox aktiv iştirak edirlər. Ölkəmizin dini icması isə elə susur ki, sanki heç nə baş verməyib. Şeyxülislam Allahşükür Paşazadə İranın “əyalət mollası” Həsən Amiliyə cavab verəndən sonra cəmiyyət digər din xadimlərinin də dilinin açılacağını gözləyirdi. Amma heyhat…
Niyə olmadı? Niyə ölkəmizin tanınan, xalq arasında nüfuza malik, sözükeçən din xadimlərindən heç biri İranın dövlətimizə qarşı yönəlmiş siyasi və ideoloji təxribatlarına münasibət bildirmirlər? Bunu başa düşmək üçün şiəliyin strukturunu anlamaq, İranın qurduğu iyerarxiya vasitəsilə ipləri əlində necə tutduğunu bilmək və bu sxemə dövlətçilik prizmasından baxmaq lazımdır (Mən bunu əvvəllər də sosial şəbəkədə dəfələrlə yazmışam, amma indi problemə konseptual yanaşmağın məqamıdır) .

Məsələ ondadır ki, şiəlikdə təxminən hərbi rütbələri andıran subordinasiya sistemi var. Aşağı pillədə dayanan ruhani özündən üst pillədə olanın əleyhinə gedə bilməz. Ən yuxarı pillələrdə ayətullahlar və mərceyi-təqlidlər dayanır. Hər hansı məsələ ilə bağlı fətva vermək hüququ ayətullah dərəcəsindən başlayır. Bu dərəcə İranın hətta konstitusiyasında təsbit olunub. Ayətullah ictihad edə, yəni, İslam hüququnun qaynaqları üzərində apardığı araşdırmalar nəticəsində özü müstəqil fikir yürüdə bilər. Bu zaman o, “müctəhid” (ictihad edən) adlanır.

Ən nüfuzlu ayətullahlar İslam hüququna dair hökmlər toplusunu yazandan sonra ayətullah-ul-üzma, yaxud mərceyi-təqlid seçilirlər. Hər bir şiə mütləq özünə mərceyi-təqlid seçərək, onun hökmlərinə əməl etməlidir. Azərbaycan şiələri əsasən iki mərcədən birini təqlid edirlər: Ya Seyyid Əli Hüseyni Xamenei (İran), ya da Əli Hüseyni Sistani (İraq).
“O, Keyxosrov, bizsə Əfrasiyabıq” – İran-Azərbaycan münasibətlərinin arxetipik kodları

Yəqin, artıq məsələ sizə qəribə görünməyə başlayır: Bu, necə olur? Niyə Azərbaycan vətəndaşı dini inancını xaricdəki ruhanilərin buyurduğu kimi yaşamalıdır?! Məsələ ondadır ki, dünyada cəmi 29 mərceyi-təqlid var, bir-ikisi istisna olmaqla, onların təxminən yarısı İrandadır, yarısı İraqda. Azərbaycanda mərceyi-təqlid yoxdur.

Yaxşı,- soruşa bilərsiniz, - tutaq ki, mərceyi-təqlid çox böyük rütbədir (təxminən marşal kimi) və bizdə olmamağı normaldır, bəs ayətullah necə?! Onda bizim ayətullahlar nə ilə məşğuldurlar?
Heç nə ilə, çünki bizdə ayətullah da yoxdur. Amma İranda hazırda mindən çox ayətullah var.

İndi aydın olur ki, niyə bizim ruhanilər İranın əleyhinə gedə bilməzlər: İranın hazırkı prezidenti İbrahim Rəisi özü də ayətullahdır. Ondan yuxarıda mərceyi-təqlid Xamneyi durur. Əgər ayətullahı şərti olaraq, generala bərabər dərəcə qəbul etsək, Azərbaycanda ən tanınmış şiə ruhaniləri kapitandan o yana keçmirlər. Mayor səviyyəsində olanı dəqiq yoxdur. Əksəriyyəti şərti leytenantlardırlar. Və onların ayətullah (oxu: general) Rəisi ilə mərceyi-təqlid (oxu: marşal) Xamneyiyə, eləcə də onların əmrlərini yerinə yetirənlərə qarşı çıxmağa heç bir ixtiyarları, səlahiyyətləri yoxdur. Ən yaxşı halda "paqonlarını" itirə bilərlər. O da hələ ən yaxşı halda… Ümumən isə, beyinlərinə yerləşdirilmiş mental proqramlar buna imkan verməz.

Bəs niyə Şeyxülislam Allahşükür Paşazadə bunu edə bildi? O sadə səbəbə görə ki, şeyx bu təsvir etdiyimiz iyerarxiyadan kənardadır. Ona olar. Amma tutaq ki, Hacı Şahinə və Hacı İlqara olmaz.

Bəs nə edək?! Təbii, ağla ilk gələn bu olur ki, niyə bizim öz ayətullahlarımız, müctəhidlərimiz yoxdur? Lap tutaq ki, yoxdur – indən belə niyə olmasın? Bu sualları vaxtilə mən də vermişəm və başa düşmüşəm ki, mümkün deyil. Biz azərbaycanlılar bu iyerarxiyada kütləvi şəkildə “ağanın əsgərləri” olmalıyıq, bəzilərimiz ən yaxşı halda kapitana qədər yüksələ bilər, yuxarı “zabitlər” isə həmişə kənarda olacaqlar. Sistem belə qurulub.

- Bu, necə inancdır?!- təəccüblənəcəksiniz,- belə çıxır ki, mən əgər Allaha etiqad etmək istəyirəmsə, mütləq İranda, ya İraqda oturan hansısa ayətullahın liderliyini qəbul etməliyəm?! Bəli. Ən dəhşətlisi odur ki, həmin ayətullah sənin dövlətinə bəd niyyətlə də yanaşa bilər, yanaşır da, amma yenə sən onun təqlidçisi sayılırsan. Sənin yol göstərənin, xristian termini ilə desək, pasibanın odur.

Belə alınır ki, ölkəmizdə ictimai şüura təsirin ən vacib aləti olan dinin əsas kanallarından biri bizə tamamilə yad olan əllərdədir. Bu, birbaşa milli təhlükəsizliyin çox vacib tərkib hissələrindən biri olan ideoloji təhlükəsizlik məsələsədir. Həmin mənəvi kanalı çoxdan bəd əllərdən qurtarmaq, bağları kəsib atmaq lazım idi. Amma necə?!

Əlbəttə, deyəcəyim fikrin mütləq doğru resept olduğuna israr etmirəm, amma düşünürəm ki, sualın cavabı xristianlığın tarixində dəfələrlə verilib: Öz milli kilsəsini yaratmaq. Necə ki, məsələn, 16-cı əsrdə İngiltərə öz xalqının şüurunu katolik İspaniyasının təsirindən qurtarmaq üçün anqlikan kilsəsini yaratdı. Almaniya həmçinin. Fransa o cümlədən… Belə misallar istədiyiniz qədərdir. Hətta miskin Ermənistan da pravoslav məzhəbi daxilində özünün müstəqil kilsəsinə malikdir. Və o müstəqil kilsə - Eçmiədzin ,- erməni xalqının “milli mübarizəsində” əsas rolu oynayır, avanqardda gedir. Bəs bizim məscid, daha doğrusu, bizim olmayan məscid nə edir? Heç nə. Çünki indiki halda o məscidlərin (təbii ki, hamısının yox - söhbət isneyil-aşiriyyə şiəliyindən gedir) daşı-divarı bizim olsa da, məzmunu tabe olduğu iyerarxiyaya məxsusdur. Buna görə də, ermənilərin həmin məscidlərdə donuz saxlaması faktı İranın vecinə olmur – yalnız daşı-divarı bizimdir axı, əsas iyerarxiyaya toxunan olmasın!

Biz məscidlərimizi düşmənin işğalından qurtardığımız kimi, insanımızın dini zehniyyətini də düşmənin qardaşının istilasından xilas etməliyik. Azərbaycan insanının Allaha doğru getmək istədiyi yol hansısa İran mollasının dilindən keçməməlidir.

Güman ki, bu fikirlər ayətullahlıq sisteminə alternativ təsəvvür edə bilməyən dindarlara cəfəngiyyat kimi görünəcək. Amma elə deyil. 13-cü əsrdə yaradılmış ayətullahlıq sistemi əslində çoxdan anoxronizmə çevrilib. Azərbaycanda kifayət qədər savadlı, vətənpərvər ilahiyyatçılar var ki, onlar hansısa mərcini… üzr istəyirəm, mərcəni təqlid etmədən də Quranın hökmlərini yerli müsəlmanlara yüksək səviyyədə şərh edə bilərlər. Bunun üçün bizim Vətənimizə əyri baxan ruhanilərə ehtiyacımız yoxdur. Sadəcə, düşünməyə cəsarət etmək lazımdır. Hər şey bundan başlayır.

Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

Müəllifin digər yazıları:

“O, Keyxosrov, bizsə Əfrasiyabıq” – İran-Azərbaycan münasibətlərinin arxetipik kodları
“Üçüncü Roma” yox, “İkinci Bizans”: Rusiyanın Güney Qafqaz siyasətinin geosiyasi kodları
Gün var, əsrə bərabər: Möhtəşəm 44 günün birincisi
Prezidentin Vətən Müharibəsi dövründə işlətdiyi 10 məşhur ifadə




Teqlər:   İran   Şiəlik   Ayətullah  





Xəbər lenti