Bakıda Zəfər gününə həsr olunmuş “Qarapapaq Peşəkar Boks gecəsi” keçirilib- FOTOLAR

Bakıda Zəfər gününə həsr olunmuş “Qarapapaq Peşəkar Boks gecəsi” keçirilib-   FOTOLAR
  01 Noyabr 2021    Oxunub:1663
Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, “Qarapapaq Fight Club & Promotion” və “Olimp Pro”nun birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər gününə həsr olunmuş Qarapapaq Peşəkar Boks gecəsi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirin əvvəlində şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. İdman gecəsində Azərbaycan idman ictimaiyyətinin tanınmış simaları, olimpiya və dünya çempionları, ictimai və siyasi xadimlər, həmçinin biznes dünyasının tanınmış şəxsləri iştirak ediblər. Açılış sözü ilə "Qarapapaq Fight Club & Promotion"-un prezidenti Aqil Acalov çıxış edərək əldə olunan zəfərin səbəbkarlarını yad edib və xalq olaraq istər şəhid, istər qazi, istərsə də Vətən müharibəsinin digər iştirakçılarına bu gün çox şey borclu olduğumuzu vurğulayıb. Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi üçün idmanın əsas vasitələrdən biri olmasından və bu sahənin inkişafının vacibliyindən danışan Aqil Acalov klubun təkcə peşəkar boks yarışlarının deyil, o cümlədən, MMA, ciu-citsu, kikboksinq növlərində də bir sıra turnirlərin təşkilini nəzərdə tutmasından, həmçinin bu turnirlərin yalnız ölkəmizdə deyil, eyni zamanda ölkə hüdudlarından kənarda da həyata keçirilməsinin planlaşdırıldığını bildirib.



Daha sonra “Olimp Pro Sport Organization”un təsisçilərindən, eyni zamanda “Motivator Azerbaijan” layihəsinin təsisçisi Rüfət Həsənov öz çıxışında ölkəmizdə peşəkar idmanın inkişafına yönəlmiş perspektivlərdən, "Olimp Pro"-nun yaradılmasının məqsəd və qayələrindən söz açaraq bu yolda daim idmançılarımıza dəstək olmağa hazır olduqlarını bildirib. O idmançılarımızın hər zaman bayrağımızı yüksəklərdə dalğalandırmağa çalışmalı olduqlarını deyərək idmanın bunun üçün xüsusi fürsət olduğunu deyib. “Olimp Pro Sport Organization”un digər təsisçisi, eyni zamanda “Azart Tuning” qrupunun təsisçisi Arif Zeynalov da öz növbəsində ölkəmizdə idmana olan diqqət və qayğıdan danışıb. O, ölkəmizdə idmanın bu qədər inkişafında dövlətin və bilavasitə dövlət başçısı cənab İlham Əliyevin müstəsna xidmətlərindən danışıb. Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı olaraq ölkə başçısının bu sahəni hər zaman xüsusi diqqətdə saxladığını vurğulayan A. Zeynalov idmanın vətənimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik olduğunu deyib.



Açılış sözünə davam edən Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti, müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionu Fərhad Acalov qalib ölkənin vətəndaşları olaraq xalqımızı hər zaman bütün sahələrdə hamıdan güclü olmaq üçün mübarizə aparmaqda israrlı olmağa səsləyib və bu səbəbdən peşəkar boks üzrə dünya çempionları yetişdirməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb.



Bakı İdman Sarayında baş tutmuş turnirdə orta və ağır çəki dərəcələrində 12 peşəkar boksçunun iştirakı ilə ümumilikdə 6 döyüş keçirilib. Qaliblərə pul və digər qiymətli hədiyyələr təqdim olunub. Həmin döyüşlərin və idmançıların siyahısı aşağıdakı kimidir:

1. Mustafazadə Ağasəlim – Bəbirov Əzrək Bəbirov Əzrək hakimlərin yekdil qərarı ilə qalib gəldi 2. Nicat Məhərrəmov – Kazımov Kənan Kazımov Kənan hakimlərin yekdil qerarı ilə qalib gəldi 3. Babayev Ramazan – Abdullayev Nihat Abdullayev Nihat texniki nokaut ilə qalib gəldi 4. Qurbanov Xanbala – Məmmədov Ruslan Məmmədov Ruslan hakimlərin yekdil qərarı ilə qalib gəldi 5. Şəmiyev Zabeh – Ağayev Rauf Ağayev Rauf hakimlərin yekdil qərarı ilə qalib gəldi 6. Camaluddinov Azedullah – Tarverdi Fuad Tarverdi Fuad hakimlərin yekdil qərarı ilə qalib gəlib 9. Heydərov Pərvin – Həsənov Nicat Döyüş heç-heçə başa çatıb.









AzVision.az




Teqlər: Boks   Zəfər-Günü  





Xəbər lenti