“Zəfərin mübarək, Azərbaycan” adlı konfrans keçirilib
Konfransın əvvəlində qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Zəfər Gününün əhəmiyyətini qeyd edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun tarix yazdığını bildirib.
Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Ən ali zirvə - Şəhidlik” filmi nümayiş etdirilib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Salahlı, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, o cümlədən şəhid övladları Ümid Quliyev və Əsnad İsmayılova Vətən müharibəsinin böyük bir qəhrəmanlıq dastanı olduğunu qeyd ediblər. Natiqlər tədbirin təşkilatçılığına görə minnətdarlıqlarını bildiriblər.
Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, “Şəhid övladları və kimsəsiz uşaqlara yardım” İctimai Birliyinin sifarişi, şəhid övladlarının iştirakı ilə hazırlanan “Şəhid övladlarının zəfər sədası” adlı klip kompozisiyasının təqdimatı olub. Təqdimatdan sonra İctimai Birliyin sədri Pərişan Əsədova, layihə rəhbəri Həcər Əkbərova, klip kompozisiyasının sözlərinin müəllifi Baba Vəziroğlu, bəstəkarı Sevinc Tofiqqızı çıxış ediblər.
Tədbirdə “Həzrət Muhəmməd” məscidi dini icmasının üzvü olan Vətən müharibəsi iştirakçıları Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mükafatlandırılıb.
Konfrans şəhid övladlarının “Şəhid övladlarının zəfər sədası” kompozisiyasını canlı ifası ilə başa çatıb.
AzVision.az
Teqlər: Konfrans