Bu ilin 9 ayında 500-dən artıq şəxs yol qəzalarında ölüb

   Bu ilin 9 ayında 500-dən artıq şəxs yol qəzalarında ölüb
  10 Noyabr 2021    Oxunub:604
“Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirin keçiriləcəyi ərazidə təhlükəsizlik tədbirlərini təmin etmək məqsədilə bütün hərəkət iştirakçılarına, xüsusən də sürücülərə hansı yolların tam bağlı olacağını və ya şəhərin hansı küçə və prospektlərində hərəkətin necə təşkil olunacağı barədə əvvəldən ətraflı məlumat təqdim etmişdik”.
Bunu AzVision.az -a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, burda məqsəd həmin gün tədbirin yüksək səviyyədə təşkil olunması idi:

“Tədbir həqiqətən də möhtəşəm təşkil olunmuşdu. Bunun da hamımız şahidi olduq. Uzun illərin arzusunu və onun reallığa çevirilməsinin qürurunu yaşadıq. Təbii ki, bütün kütləvi tədbirlərdə dünyanın bütün ölkələrində olduğu kimi bizdə də müəyyən xoşagəlməz epizodlar baş verdi. Polis ictimai asayişi ən yüksək səviyyədə peşəkarlıqla həmişə olduğu kimi təmin etdi. Bəzi sürücülərin məsuliyyətsiz addımlarını çıxmaq şərti ilə ümumilikdə hər şey qaydasında idi. Xalqımızın birliyi, şücayəti, qəhrəmanlığı və dövlətimizin ali rəhbərliyinin düşünülmüş və qətiyyətli siyasəti bizi nəinki bu günkü qələbə, hətta daha böyük uğurlara aparacaq. Gəlin, etiraf edək ki, biz cəmiyyət olaraq emosionallıq bəzən kədərimizi, eləcə də sevincimizi fərqli tərzdə nümayiş etdiririk. Bu ölkənin şəhidi və qazisi hamımız üçün müqəddəs dəyərdi. Hər birimiz şüurlu şəkildə dərk edirik ki, torpaqlarımızın azad olunması şəhidlərimizin canı, qazilərimizin qanı hesabınadır.



Amma heç kim unutmamalıdır ki, biz hüquqi dövlətdə yaşayırıq və bütün sahələrdə olduğu kimi, yol hərəkəti qaydaları da dövlətimizin qanunla qorunan və həyati əhəmiyyət kəsb edən səhəsidir. Hamımız onu da bilirik ki, bəzən sadə hesab edilən və məsuliyyətsiz yanaşılan yol hərəkəti qaydalarına düzgün əməl edilməsinin ağır fəsadları da olur. Tək bu ilin 9 ayı ərzində yol nəqliyyat hadisələrində 500-dən artıq insan dünyasını dəyişib, 1200-ə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla sağlamlıqlarını itirib”.

“Bütünlükdə polis və bu sistemin hər bir əməkdaşı dövlətin hüquq mühafizə orqanları içərisində mürəkkəb şəraitdə çevik qərar qəbul etməli olan önəmli strukturda xidmət edirlər. Bütün addımlar isə hüquqa uyğun şəkildə təşkil olunub. Hüquq qaydası nəyi müəyyən edibsə, ondan nə artıq, nə də əskik heç kim addım ata bilməz. Əgər biz güclü dövlət olmağı, sivil cəmiyyət kimi inkişaf etməyi qarşımıza məqsəd qoymuşuqsa, unutmamalıyıq ki, burada ən vacib prinsip elə dövlətin qanunla qorunan maraqlarına hörmət və qanunun aliliyinə əməl etmək iradəsidir. Heç kim hüquqi statusundan, ictimai nüfuzundan, vəzifə səlahiyyətindən, tutduğu mövqeyindən asılı olmayaraq, qanunun tələblərinə qeyd şərtsiz əməl etməli və bunu özünə ləyaqət borcu bilməlidir. Bir daha hamını qanunların tələbləri çərçivəsində həyat tərzi keçirməyə çağırırıq” – o vurğulayıb

AzVision.az



Teqlər: DYP   Qəza  





Xəbər lenti