Prokurorluğa qəbulla bağlı müsabiqələrdə 1011 gənc uğur qazanıb

Prokurorluğa qəbulla bağlı müsabiqələrdə 1011 gənc uğur qazanıb
  19 Noyabr 2021    Oxunub:799
"Bu gün 80 ştat vahidi üzrə elan olunmus növbəti – 23-cü müsabiqənin ikinci turu – yazılı imtahan mərhələsi keçirilib. İmtahanın oktyabrın 8-də Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirilən birinci turunda 382 namizəddən uğur qazanmış 181 nəfər ikinci imtahanda iştirak etmək hüququ qazanıb. Müəyyən səbəblərlə əlaqədar həmin namizədlərdən 178-i ikinci turda iştirak edərək prokurorluqda işə qəbul olunmaq üçün imtahan verir".
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin noyabrın 19-da keçirilən yazılı imtahan mərhələsi ilə əlaqədar çıxışında bildirib.

H. Məmmədov deyib ki, imtahanın xalqımızın təntənəli şəkildə qeyd etdiyi Zəfər Günü ərəfəsinə təsadüf etməsindən məmnunluğunu vurğulayan Baş prokurorun müavini son bir ilin ölkəmizdə məğrurluq və qürur hislərinin yaratdığı xoş ab-hava şəraitində keçdiyini bildirib. Qeyd edib ki, bu qürur hisslərinin mənbəyi tarixi ədaləti bərqərar etməyimiz və şanlı Zəfərlə bağlı yaşadığımız iftixar dolu anlardır. Bu Zəfər salnaməsinin memarı, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu otuz illik işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Hazırda respublikamız inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə nəhəng quruculuq işləri həyata keçirilir.

Ölkəmizin ictimai həyatında gənclərin fəallığının və geniş iştirakının təmin olunmasına daim qayğı göstərildiyini vurğulayan Heydər Məmmədov bu məsələyə prokurorluq orqanlarında da xüsusi diqqət yetirildiyini vurğulayıb: “Prokurorluq orqanlarında fəaliyyət göstərən hər bir gənc əməkdaşın nailiyyəti ilk növbədə son illər həyata keçirilən uğurlu gənclər siyasətinin göstəricisidir. Son bir il beş ay ərzində Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında sistemli şəkildə həyata keçirilən islahatların mərkəzində bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclər dayanır. Prokurorluq orqanlarında qulluğa qəbul prosesi də bu işin mühüm tərkib hissələrindən biridir”.

Baş prokurorun müavini diqqətə çatdırıb ki, prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbul prosesi ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq təşkil edilir. 2002-ci ildən etibarən 22 müsabiqə keçirilib. Tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında keçirilmiş bu müsabiqələr nəticəsində indiyədək 1011 gənc hüquqşünas müvəffəqiyyət qazanıb. Hazırda onlar prokurorluq orqanlarının kadr korpusunun 78,5 faizini təşkil edir. Sevindirici hal ondan ibarətdir ki, həmin əməkdaşların əksər hissəsi yüksək təsnifatlı vəzifələrə irəli çəkilir. Hazırda onların əksər hissəsi Baş Prokurorluqda, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində, Hərbi Prokurorluqda müxtəlif struktur qurumların rəhbərləri, eləcə də şəhər və rayon prokuroru kimi fəaliyyət göstərirlər. Onların bir neçəsi artıq ali xüsusi rütbələrə də layiq görülüblər.

COVID-19 pandemiyası ilə əlaqədar imtahanın əvvəlkilərdən fərqli formatda keçirildiyini vurğulayan Heydər Məmmədov deyib: “Son iki il ərzində dünyada tüğyan edən koronavirus pandemiyasının fəsadlarının qarşısının alınması və əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin və dövlət təsisatlarının əsas hədəfidir. Prokurorluq orqanları da bu məsələdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır, müxtəlif maarifləndirmə, cinayət prosessual, inzibati tədbirlər həyata keçirir, Nazirlər Kabineti yanından Operativ Qərargahın qəbul etdiyi qərarların icrasına nəzarət etməklə yanaşı, gündəlik işində onları tətbiq edir. Bu baxımdan işə qəbul prosesi sadələşdirilib, sənədlərin qəbulu elektron formatda həyata keçirilib. Bugünkü imtahan da koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi qaydalarına uyğun şəkildə təşkil edilib”.

Namizədlərə Baş prokuror Kamran Əliyevin və Baş Prokurorluğun Müsabiqə Komissiyasının adından uğurlar arzulayan Heydər Məmmədov imtahanda yüksək nəzəri biliklərə və mənəvi əxlaqi keyfiyyətlərə malik, eyni zamanda, dövlətə və dövlətçiliyin sarsılmaz prinsiplərinə sadiqliyi ilə seçilən gənclərin uğur qazanacağına əminliyini bildirib.

AzVision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti