Beyləqanda Mütləqə İnam Ocağının İnam Evi açılıb
Ocağın əsas orqanlarından biri Mərasimlərdir. Bu Mərasimlər istər Asif Atanın sağlığında, istərsə də, onun ölümündən sonra bireysəl ünvanlarda keçirilir. Ancaq hər bir dünyabaxışda olduğu kimi, Mütləqə İnam Ocağının da özünəxas ünvanı – məbədi olmalıdır. Asif Ata sağlığında Evladları qarşısında tələb qoydu: Ocağa ruhani ünvan (Ocaq Evi, ya da İnam Evi adı ilə) yaratmaq gərəkdir. Bağımsız, özü də Ocaq ideyalarının tələbləri ilə biçimlənmiş bir ünvanın olması Ocağa hava-su kimi gərək idi.
Belə bir ünvanın özülü Ocaq günsırası ilə 32-ci ildə Beyləqanda (Amal Bağında) qoyuldu. Başkənddən (Bakıdan) uzaqda olsa da, belə bir ünvanın tikintisinə başlamaq olduqca ərdəmli, qeyrətli, sorumlulu bir addım idi. Heç bir Ocaqçının ciddi maddi gəliri yox, yoxsul 3-5 Ocaqçının bu işə girişməsi qıraqdan ağılasığmayan bir xəyalçılıq etkisi bağışlayırdı. Ancaq budur, Günev Atalının bənzərsiz ərdəmliyi ilə Mütləqə İnam Ocağının ilk İnam Evi (Məbədi) tikilib başa çatıb. Bu tikilinin başa gəlməsi təkcə maddi çətinliyə bağlı deyildi. Öyrədilmiş adamların çağaşırı hücumlar eləməsi, bəzən psixoloji basqılar çətinlikləri birə-beş artırırdı. Bütün bu dirənişlərə, basqılara baxmayaraq, Ocağın qutsal ünvanı yarandı, bundan sonra da yeni ünvanlarımızın yaranması davam edəcək.
Bu günlərdə ocaqçılar, ocaqdostları, ayrı-ayrı ilgilənən soydaşlarımız Bakıdan, rayonlardan Beyləqana səfər etdilər. Oradan da bir neçə soydaşlarımızın qatılması ilə ilk İnam Evinin açılış törəni keçirilib. Törən öncə həyətdə - Asif Atanın ilk dəfə torpağa qoyulduğu ünvanda başlayıb. Sonra İnam Evinin törənlər odasında davam edib. Qatılanlar söz deyib, çıxış ediblər. Ocağın xalqın ruhani yaşamında rolu, gələcəkli etkisi, İnam Evinin gərəkliyi başlıca söz qonusu olub.
Törəni Ocağın Yükümlüsü Soylu Atalı nizamlayıb. Arada bədii çalarlara da yer verilib. Sazda bir sıra havalar, milli yöndə şeirlər dinlənilib. Çay süfrəsində doğmalaşma söhbətləri yer alıb.
Mütləqə İnam Ocağı
Yağış Ayı, 43-cü il
(noyabr, 2021).
Teqlər: Asif-Ata Mütləqə-inam