DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
AzVision.az -a verilən məlumata görə, axşam saatlarında Lənkəran rayon sakini Ceyhun Seyfiyevin idarə etdiyi “QAZ-3302” markalı yük avtomobili ilə rayon ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə C.Seyfiyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.
AzVision.az