Nazir UNESCO rəsmisilə abidələrin bərpasını müzakirə edib

Nazir UNESCO rəsmisilə abidələrin bərpasını müzakirə edib
  16 Dekabr 2021    Oxunub:1094
Dekabrın 15-də Azərbaycan mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS - İnternational Council on Monuments and Sites) Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudova arasında görüş keçirilib.
Mədəniyyət Nazirliyindən AzVision.az -a verilən məlumata görə, görüşdə mədəni irsin mühafizəsi, abidələrin qorunması, bərpa və konservasiya işləri sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində Azərbaycan və İCOMOS arasında işbirliyinin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb, bu sahədə birgə layihələrin həyata keçirilməsi, maarifləndirmə işinə diqqət ayrılması kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olan, 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 153 ölkədən 10 mindən çox fərdi üzvü özündə birləşdirən qurum memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış dünya miqyaslı qeyri-hökumət təşkilatıdır.

1964-cü ildə Venesiyada keçirilən Memarların və İrs Mütəxəssislərinin 2-ci Beynəlxalq Konqresində İCOMOS-un yaradılması haqqında təşəbbüs irəli sürülüb və qurum 1965-ci ildə təsis edilib. Qurumun əsas məqsədi dünyada mədəni irs abidələrinin bərpası və konservasiyası işlərinin elmi əsaslarını təkmilləşdirməkdir.

AzVision.az



Teqlər: UNESCO  





Xəbər lenti