Azərbaycanda qoyunlar və keçilər də sığortalanacaq
Yeniliyə əsasən, 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər) sığorta ediləcək. Bu sığorta ilə həm xaricdən gətirilən cins, həm də yerli heyvanları sığortalamaq mümkündür.
Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, qoyun və keçilərin sığortası zamanı da fermerlər sığorta haqqının yalnız yarısını ödəyir, pulunu qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir.
ASF-dən verilən məlumata görə, qaydalara əsasən, sığortalanan qoyun və keçilər peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalı, qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin təsdiqlədiyi “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”na uyğun olmalı, heyvanlara qarşı baytarlıq tədbirləri və onların qidalanması qaydalara uyğun təmin edilməlidir.
Aqrar sığorta vasitəsilə heyvanlar çoxsaylı risklərdən sığortalanır. Aqrar sığorta çərçivəsində qoyun və keçilərin sığortalanması üçün sığota tarifi 6,4-7,0% arasında dəyişir.
Azadolma məbləğindən asılı olaraq sığorta tarifi dəyişir. Belə ki, azadolma məbləği 10% olduqda, sığorta tarifi 7%, azadolma məbləği 20% təşkil etdikdə sığorta tarifi 6,4% təşkil edir. Nəticədə fermerlər cüzi ödəniş etməklə keçi və qoyunları sığortalaya bilərlər.
AzVision.az