11 il əvvəlki cinayətin üstü açıldı - Oğul ana qatili oldu

   11 il əvvəlki cinayətin üstü açıldı -    Oğul ana qatili oldu
  10 Fevral 2022    Oxunub:2028
Azərbaycanda əvvəlki illərdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, 2011-ci ildə Şabran rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyeva oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov tərəfindən qəsdən öldürülüb.

Elvin Dadaşov Şabran rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onu həyətdə basdırdığını etiraf edib və meyiti basdırdığı yeri göstərib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə qeyd edilən ərazidə qazıntı işləri aparılmış və həmin yerdən insan skeleti sümükləri aşkar edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Elvin Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Prokurorluq və polis orqanları tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.

AzVision.az



Teqlər: Prokurorluq   Qətl  





Xəbər lenti