Qurban Qurbanvov: "İndi mən də, futbolçular da daha ürəkliyik"
"Saysız-hesabsız hücumlarımız oldu. Ustalıq səviyyəsi fərqlidir. Rəqib 3 qol epizodundan maksimum istifadə elədi. Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm atmosfer var idi. Belə böyük klubların Azərbaycana gəlməsi, onlara qarşı oynamağımız futbolumuz üçün böyük təkandır" - deyə o bildirib.
"Qarabağ"ın baş məşqçisi avrokubokların ilk oyunundan riski gözə aldıqlarını deyib: "Sonadək qurduğumuz oyun sistemindən əl çəkmədik. Gələcəyi daha yaxşı etmək üçün bəzi anlarda nələrisə qurban verməlisən. Futbolçular bu mövsüm daha çox böyüdülər, heç nədən çəkinmədilər. Bugünkü oyunun hesabı aldadıcı ola bilər. Hesab 0:1 olsaydı, bəlkə tam fərqli fikir formalaşardı. Nəyisə qurban verməliyik ki, sabahımız daha təminatlı olsun, bizə inam versin. Futbolçuların xarakterindən çox razı qaldım. Nə qədər çətin olsa da, biz daha çox yaradıcı olmaq istəyirik. Torpaqlar işğaldan azad olunanda bir az ehtiyatlanırdım. Amma indi mən də, futbolçular da daha ürəkliyik. Bu mövsüm oyunçulardan istədiyim hər şeyi gördüm".
Qurbanov bugünkü görüşdə zəif oynamadıqlarını söyləyib: "Bu cür rəqibi 80 dəqiqə öz meydanında saxlamaq asan deyildi. Onlar Fransada bir az fərqli oynayırdılar. Orada da 4-lü müdafiə ilə başlasalar da, sonradan 5 müdafiəçiyə keçdilər. Bu gün 5-li müdafiə ilə başladılar. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Rəqib müdafiə oluna-oluna bu qədər qol vəziyyəti yaratdığımız üçün futbolçularımdan razı qaldım. 0:2 hesabından sonra mənim üçün 3 və ya 4-cü qolu buraxmağın fərqi yox idi. Bəzi oyunçuların da bu atmosferi görməsini istədim. Burdakı imkanlar daha çox oldu, nəinki səfərdə. Hətta 0:2-dən sonra müdafiəyə də çəkilə bilərdik. Amma futbolçuları o psixologiyaya salmaq istəmədim. Dəyişikliklərdən sonra pressinqlərdə gecikmələr oldu. Nə cür hazırlaşmışdıqsa, o cür də oynadıq".
AzVision.az
Teqlər: