BMT-nin Komitə üzvü Nadir Adilov görülən işləri açıqladı

BMT-nin Komitə üzvü Nadir Adilov görülən işləri açıqladı
  03 Mart 2022    Oxunub:2005
Mediasiya Şurasının İdarə heyətinin Sədri Nadir Adilov Birləşmiş Millətlər Təşkilatının Sosial, İqtisadi və Mədəni Hüqular Komitəsinin üzvü kimi Komitənin Cenevrə Şəhərində keçirilən iclaslarında iştirak edir. Nadir Adilov 2021-ci il tarixindən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin tam hüquqlu üzvü seçilib.
Qeyd edək ki, iqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt (1966) Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948) və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktla (1966) birlikdə İnsan Hüquqları üzrə Beynəlxalq Billi təşkil edir. Pakt 1976-cı ildə qüvvəyə minmiş və cari dövrədək 172 dövlət tərəfindən təsdiqlənib.

İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə iştirakçı dövlətlər tərəfindən İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın yerinə yetirilməsinə nəzarəti həyata keçirən müstəqil ekspertlərdən ibarət orqandır. Komitə Paktın IV hissəsində Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına (ECOSOC) həvalə edilmiş monitorinq funksiyalarını həyata keçirmək üçün 28 may 1985 - ci il tarixli 1985/17 saylı ECOSOC Qərarı ilə yaradılmışdır. Komitə 18 müstəqil üzvdən ibarətdir.

Bütün iştirakçı dövlətlər, hüquqların necə həyata keçirildiyi barədə Komitəyə müntəzəm məruzələr təqdim etmək məcburiyyətindədirlər. Dövlətlər əvvəlcə Pakt qəbul edildikdən sonra iki il, sonra isə hər beş ildən bir məruzə təqdim etməlidirlər. Komitə hər bir məruzəni araşdırır və narahatlıqlarını və tövsiyələrini "yekun müşahidələr" şəklində iştirakçı dövlətə ünvanlayır.

Məruzə proseduruna əlavə olaraq, 5 May 2013 -cü il tarixində qüvvəyə minən İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta Fakultətiv Protokol Komitəyə Pakt çərçivəsində qorunan hüquqlarının pozulduğunu iddia edən şəxslərdən bu hüquqlarının pozulmasına dair məlumatların qəbul edilməsi və dəyərləndirilməsi səlahiyyəti verir. Komitə, müəyyən şərtlərlə, Paktda göstərilən hər hansı bir iqtisadi, sosial və mədəni hüququn ciddi və ya sistematik şəkildə pozulması ilə bağlı araşdırmalar apara və dövlətlərarası şikayətlərə baxa bilər.

- Komitə Cenevrədə toplanır və normal olaraq hər il iki sessiya keçirir. Həmin sessiyalar üç həftəlik plenar iclasdan və bir həftəlik sessiya öncəsi işçi qrupunun iclasından ibarətdir. Komitə ümumi şərhlər olaraq bilinən Paktın müddəalarının şərhini də dərc edir,- Nadir Adilov qeyd edib.


Teqlər: BMT  





Xəbər lenti