Bakıda ağaclar arasında xəstəlik yayılıb

   Bakıda ağaclar arasında xəstəlik yayılıb
  10 Mart 2022    Oxunub:1433
BMT mütəxəssisləri Bakıda ağacların müayinəsini keçirib.
Bu barədə AzVision.az -a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, bir müddətdir paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir və bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir.

Məsələ ilə əlaqədar BŞİH-də bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib. Araşdırmalarla bağlı xüsusi olaraq Bakıya dəvət edilmiş BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri paytaxt ərazilərində bir sıra yerlərdə olub, araşdırmalar aparıblar.

Qonaqlar BŞİH başçısı Eldar Əzizov tərəfindən qəbul edilib, görüşdə aparılan araşdırmaların nəticələri, xəstəliyin aradan qaldırılması yolları, yerli və xarici mütəxəssislərin təklifləri müzakirə edilib.

Bakı şəhərində şam ağaclarında yayılan xəstəliyin aradan qaldırılması ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyatı qurumlarla birgə paytaxt ərazisində apardıqları tədbirləri və ümumilikdə gördükləri işləri yüksək qiymətləndirən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının aparıcı mütəxəssisi Şiroma Sathyapala araşdırmaların nəticələri barədə mətbuat nümayəndələrinə məlumat verib.

Qeyd edilib ki, bu xəstəlik digər dövlətlərdə də qeydə alınıb və onun araşdırmaları göstərib ki, Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirləri Almaniya, Kanada və Amerikadakından xeyli yaxşı vəziyyətdədir.

Bakıda yeni əkilən ağacların, salınan meşə parkları çox müsbət hal kimi qiymətləndirən xanım Şiroma Sathyapala bildirib ki, qlobal iqlim dəyişiklikləri ağaclara da təsir göstərib və problemin aradan qaldırılması üçün xəstə ağaclar dərhal çıxarılaraq utilizə edilməlidir.

Qeyd edilib ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.

Bu günə kimi Bakı şəhərində 3 min ədəd şam ağacı kəsilərək utilizasiya edilib.

AzVision.az


Teqlər: Ağac  





Xəbər lenti