Xəzərdə Flyboard əyləncə proqramı təşkil olunacaq

Xəzərdə Flyboard əyləncə proqramı təşkil olunacaq
  28 Mart 2022    Oxunub:1134
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində texnologiya müsabiqələri və tədbirlərlə yanaşı paytaxt sakinləri və qonaqlar üçün əyləncəli proqramlar da təşkil olunacaq.
Məlumat üçün bildiririk ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə keçiriləcək.

Festival çərçivəsində Bakıda ilk dəfə olaraq məşhur ispaniyalı flyboarder Lindsay McQueen-in təqdimatında su üzərində Flyboard şousu da baş tutacaq.

Qeyd edək ki, Lindsay McQueen Qətər və Dubayda su üzərində Flyboard üzrə keçirilmiş dünya çempionatlarında uğurla iştirak edib.

Paytaxt sakinləri və qonaqlar 4 gün ərzində, gündə 2 dəfə olmaqla möhtəşəm Flyboard şousunu izləyə biləcəklər.

Əsrarəngiz musiqi sədaları və festival iştirakçılarının coşqunluğu ilə müşayiət olunacaq proqramda ispaniyalı idmançı su üzərində olduqca heyrətamiz fəndlər nümayiş etdirəcək: o, sudan 10-15 metr hündürlükdə nəfəs kəsən saltoları – geriyə çevrilmə və öz oxu ətrafında fırlanaraq dönmə hərəkətlərini məharətlə icra edəcək. Eyni zamanda, McQueen havada asılı vəziyyətdə qalaraq daha sonra suya dalma fəndlərini göstərəcək.

Su üzərində Flyboard əyləncə proqramı festivalın bir hissəsi olmaqla Dənizkənarı Milli Parkdan şounu izləyən Bakı sakinlərinə unudulmaz xoş anlar yaşadacaq.



Teqlər: Teknofest  





Xəbər lenti