"Böhrana qarşı regional birlik lazımdır" - Emin Qəribli (VİDEOKAST)

 "Böhrana qarşı regional birlik lazımdır" -  Emin Qəribli (VİDEOKAST)
  18 Aprel 2022    Oxunub:9942
Hazırda dünyada gedən sərt geosiyasi mübarizə fonunda bəşəriyyət qlobal iqtisadi böhranla üzləşib. Lakin əksər iqtisadçıların fikrincə, bu heç də yalnız Ukrayna hadisələrinə görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalarla bağlı deyil və problemin kökləri daha dərinə gedir.
İqtisadçı-alim Emin Qəribli AzVision.az-a müsahibəsində problemin müxtəlif aspektlərinə toxunub.

- Son vaxtlar dünya bazarlarında bir sıra malların, xüsusilə də ərzaq məhsullarının kəskin qiymət artımı müşahidə olunur. Sizcə, bunun səbəbi son hadisələrdədirmi, yoxsa kökləri daha uzaqlara, məsələn 2009-2013-cü illərin böhranına gedib çıxır?
- Son dövrlərdə dünyada əhalinin sayı artır, məhdud resurslar isə azalır. Nəticədə indi dünyada aclıq şəraitində yaşayan insanların sayı bir milyarddan artıqdır. Maddi resurslarla elmi-texniki prosesin arasında bir savaş gedir. Hansı daha çox irəliləyəcək? Hətta mən sizə qısaca bir məlumat verim: keçən əsrin 60-cı illərində tədqiqatlar da aparılırdı ki, bu, 2020-ci illərdə böyük fəsadlara gətirib çıxaracaq...

- ...Yəni 60 il bundan əvvəl...
- Bəli, o vaxt artıq belə deyirdilər. Ümumiyyətlə, 2009-2013-cü illərin böhranını ötən əsrin əvvəllərində başlayan böhranlarla müqayisə edirlər ki, o da sonradan 30-cu illərdə "böyük depressiya"ya gətirib çıxardı. Resurslar get-gedə məhdudlaşır, əhali artır və bu da növbəti böhranlara gətirib çıxara bilər.


- Xronolji ardıcıllıqla davam etsək, pandemiya dövründə sərt qapanmalar və istehsalın kəskin şəkildə aşağı düşməsi qarşılığında dünya miqyasında insanlara külli miqdarda pul ödənişlərinin verilməsi də bu hadisələrin səbəblərindən sayıla bilərmi?
- Son dövrlərdə ümumiyyətlə, nə baş verirdi? İnkişaf etmiş ölkələr daha böyük templərlə inkişaf edirdi. İnkişaf etməkdə olan ölkələr arasında isə fərqlilik çoxaldı. Bu da təbii ki, böhrana və qiymətlərin artımına səbəb oldu. İnkişaf etmiş dövlətlər, yəni maliyyə baxımından böyük imkanlara malik olan ölkələr dövriyyəyə külli miqdarda resurslar atmağa başladılar və monetar siyasəti elə yürütdülər ki, pul kütləsi artdı. Yenə də fərqlilik yarandı: Kimin imkanı varsa, bundan istifadə edə bildi, kimin imkanı yoxdursa, vəziyyəti daha da psiləşdi. Lokdaunlar, yəni məhdudiyyətlər artdı, məhdudiyyətlər artdıqca da, istehsal azaldı, dünya iqtisadiyyatının məcmu təklifi daraldı, tələb isə artmağa başladı. İnsanlar evdə oturanda bundan öncə necə qidalanırdılarsa, eləcə də qidalanmalı idilər. Amma təklif, yəni istehsal azaldı, bu isə böhrana gətirib çıxardı. Bir neçə paket islahatlar çərçivəsində dövriyyəyə 3 trilyon və 2 trilyon dollar həcmində pul buraxıldı. Bu da pul kütləsinin və qiymətlərin artımına gətirib çıxardı.
Biz hələ qida məhsullarını deyirik. Təbii ki, ən həssas yer qida məhsullarıdır, sonra enerjidir və s. Problem məhz məhdud olan təbii resurslara toxunur. Bu gün iqtisadçılar proqnozlaşdırırlar ki, bu gələcəkdə daha da böyük bir böhranın siqnalıdır. Hansı böhranın? Artıq dolların özünün lider mövqeyinin qalıb-qala bilməyəcəyi barəsində suallar yaranır.

- Hazırda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalar bu böhranı və qiymət artımını daha da sürətləndirən katalizator rolunu oynayırmı?
- Bildiyimiz kimi, dünyada buğda məhsullarının ixracatının 30%-i Ukrayna ilə Rusiyanın payına düşür. Bu məhdudlaşarsa, problemə təkan verə və daha da dərinləşməsinə səbəb ola bilər. İstərdik ki, bu münaqişə uzunmüddətli olmasın və sonradan fəsad verməsin. Regional ölkələrə, təbii ki, təsirsiz qalmayacaq.
Bugünkü duruma gəldikdə, məhz qida məhsulları nöqteyi-nəzərindən böyük təhlükə var. Amma Rusiya iqtisadiyyatının özünə diqqət yetirsək, müəyyən məhdudlaşmalar olsa da, gəlin baxaq görək, nə ixrac edir? Neft məhsulları, təbii qaz, mis, qızıl və s. Bunların isə bazarda qiyməti artdı. Kəskin artdı, dəfələrlə artdı. Qazın qiyməti 3-4 dəfə, elə neftin də qiyməti 60 dollardan artıq 110 dollara qalxdı və s. Yəni ki, burda bir balans da var. Amma gedən bu ümumi proseslərdə yenə də 2009-2013-cü illərə qayıtsaq, görürük ki, hər şey ticarət müharibələrindən başladı. Bu isə sonda, "yumşaq müharibə"lərdən gəlib belə qanlı müharibələrə çıxara bilər. Mənim zənnimcə, bu hərbi münaqişə bitsə belə, iqtisadi mübarizə davam edəcək. Bu isə, bayaq siz qeyd etdiyiniz kimi, bugünkü düzənin, dünya iqtisadiyyatının inkişaf tempinə təsir edəcək. Yenə də deyirəm, qorxulusu odur ki, bu daha böyük qlobal problemlərə gətirib çıxara bilər.

- Yeri gəlmişkən, Avropanın hətta inkişaf etmiş ölkələrində belə, kasıb və orta təbəqə üçün nəzərdə tutulan diskont-mağazalarda kəskin qiymət artımı və qıtlığın müşahidə olunması Qərbdə iqtisadiyyatın sütunu sayılan orta təbəqənin müflisləşməsinə gətirib çıxara bilərmi?
- Bu müharibə başlayan kimi, təbii ki, neftin və qazın qiyməti artmağa başladı, orta və aşağı təbəqəyə mənfi təsir göstərdi. Digər tərəfdən, məhdudiyyətlər də var idi: Bunlar uzun müddət işləmirdilər. Biz həm də nəyi görürük? Avropada işçi qüvvəsinə tələbat kəskin artdı. Çünki işləmək istəyənlərin sayı da azalıb. O da böyük problemdir. Bilirsiniz, insanlar artıq iki ildir işləmirlərsə, bunun özü də bir problemdir. Təbii ki, bu da orta təbəqəyə təsir etməyə bilməz. Nəticədə artıq struktur dəyişir. Rəqəmsallaşma prosesi gedir. Ola bilsin ki, əhali bununla ayaqlaşa bilməyəcək. Digər tərəfdən qiymətlərin artımı da təsir etməyə bilməz. Əsas məqamlardan biri də yüksək kvalifikasiyalı mütəxəssislərin çatışmazlığı problemidir. Qiymət artımı bu prosesləri tezləşdirəcək və katalizator rolunu oynayacaq. 70-ci illərdən bəri deyirlər ki, "artıq yeni era başlayır, neft erası bitdi, qaz erası bitdi..." Amma real statistikaya görə hər il neftə tələbat azı 5% artır. Avropanın enerji ehtiyatları tükənib və digər ölkələrdən asılılığı artıb. Bunun özündən də digər ölkələr siyasi təzyiq kimi istifadə edəcəklər.

- Bir çox ekspertlərin fikrincə, kəskin qiymət artımının əsas səbəblərindən biri də xammal çatışmazlığı, xüsusilə logistika problemləridir. Bununla bağlı nə deyə bilərsiniz?
- Pandemiya dövründə gördük ki, artıq köhnə nəqliyyat dəhlizləri bugünkü tələblərə cavab vermir. Ən böyük kanallarda böhranlar yaranır, bu, yeni tələblərə uyğun deyil. Bu gün nə tələb olunur? İstənilən iqtisadiyyatın dayanıqlı olması üçün yeni standartlar tələb olunur ki, burada da gərək təbiətə ziyan verilməsin və s. Yeni standartlara keçid baş verib, buna külli miqdarda pullar ayrılıb. Bu da öz növbəsində pul kütləsinin artımına gətirib çıxardı və bu gün biz nəyin şahidi oluruq? Bu gün yeni texnoloji tərzə keçid baş tutur və köhnə nəqliyyat dəhlizləri bunlara cavab vermir. Biz də, Azərbaycan, Türkiyə və bu ərazidə olan digər ölkələr, təbii ki, bu vəziyyətdən istifadə edib, maliyyə resursları ayırmaqla, öz əhəmiyyətimizi artırmalıyıq. Dünya iqtisadiyyatının inkişaf vektoru Asiyaya keçib. Asiyada inkişaf get-gedə güclənir və dövriyyə də artır. Dövriyyə artdıqca, məhsullar haradan daşınırdı? Okeanla çatdırılırdı ki, bu da bir ay-ay yarım vaxt aparırdı. Amma biz - Azərbaycan və digər kontinental ölkələri buna lazım olan resursları ayırsaq və birgə fəaliyyət aparsaq, əhəmiyyətimizi artırar və problemin aradan qaldırılmasına xidmət edər.

- Belə ziddiyyətli və mürəkkəb problemlərin fonunda Xəzəryanı ölkələrin iqtisadiyyatı lokallaşa bilərmi və bu kontekstdə, Türkiyə də daxil olmaqla, hansı birgə səylər ortaya qoyulmalıdır ki, belə çətinliklər neytrallaşdırılsın?
- Biz istər-istəməz kooperasiya yaratmalıyıq. Bundan öncə də biz bunu istəyirdik. Onda bu daha çox iqtisadiyyatda "görünməz əl"in üzərinə atılmışdı ki, bazar iqtisadiyyatı özü prosesi tənzimləyəcək. Amma bu gün dövlətlərin regional inteqrasiyaya, iqtisadi inteqrasiyaya, kooperasiyaya böyük ehtiyacı var. Bu gün qlobal böhranın qabağında birləşməmək olmaz. Qida məhsullarından, buğdadan danışırıqsa, bilirik ki, Qazaxıstanın kifayət qədər böyük ərazisi var. Regional inteqrasiya nəyə gətirib çıxaracaq? Ən azı bu problemin həll olunması üçün resursların bölünməsinə. Bir ölkədə neft çoxdur, digər ölkədə başqa resurslar və biz kooperasiya edib, digər bazarlara da çıxa bilərik. Mən bir az da optimist tərəfdən yanaşmaq istəyirəm ki, bu, bizim üçün bir şansdır. Biz bu gün kooperasiya edib bu böhrandan çıxdıqdan sonra yeni inkişaf dövrünə adlaya bilərik.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: İqtisadiyyat   böhran  





Xəbər lenti