Savadı ilə yüksələnlər: İlk Prezident təqaüdçüləri indi haradadır?
Mansurov Həsən İsa oğlu Respublika üzrə III ixtisas qrupunda ən yüksək göstəriciyə görə 2002-ci ildə müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Həsən Mansurov hazırda Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin rəisidir. Ölkədə ictimaiyyətin xüsusi rəğbətlə qarşıladığı ən iri cinayət işlərinin istintaqının təşkili ilə tanınır.
Həsən Mansurov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ədliyyə general-mayoru rütbəsinə, müxtəlif ordenlərə layiq görülüb. O, general rütbəsinə yüksəlmiş ilk Prezident təqaüdçüsüdür. Tutduğu vəzifənin xarakterinə görə mətbuatla şəxsən təmasdan bir qədər uzaq olsa da, mətbuat general Mansurovu ictimaiyyət içində diqqətdən qaçırmır.
Musayeva Samirə Fəxrəddin qızı 2003-cü ildə həmin ixtisas qrupunda ilk ən yüksək göstəricilər sırasında olmaqla müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Samirə Musayeva hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə”, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Samirə Musayeva ölkədə aparılan vergi islahatları və onların hədəfləri, sahibkarların fəaliyyətlərinin səmərəli təşkili ilə bağlı davamlı, təqdirəlayiq müsahibələri ilə ictimaiyyətə və kütləvi informasiya vasitələrinə yaxından tanışdır.
Əzizova Jalə Akif qızı 2002-ci ildə həmin ixtisas qrupunda ilk ən yüksək göstəricilər sırasında olmaqla müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin Hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova Komitənin Azərbaycan nümayəndəliyini təmsil edən beynəlxalq ekspertdir.
Jalə Əzizova Azərbaycan Respublikasında beynəlxalq humanitar hüquq sahəsində gərgin əməyi ilə tanınır. Onun ölkəmizin tale yüklü dövründə münaqişə zonasında əziyyət çəkən vətəndaşlarımızın haqlarının qorunması və dünya ictimaiyyətinə çatdırılması, ictimai həyatın ən müxtəlif sahələrində maarifləndirmə və təlimlərin təşkili ilə bağlı gördüyü işlər əvəzedilməzdir. Jalə Əzizova qeyri-hökumət təşkilatları ilə yaxından və səmərəli əməkdaşlıq edir, onun fəaliyyəti kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılır.
Zülfüqarov Ülvi Vaqif oğlu 2001-ci ildə ali məktəblərə qəbul imtahanlarında ilk ən yüksək göstəricilər sırasında olmaqla müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Ülvi Zülfüqarov hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisidir.
Ülvi Zülfüqarovun Dövlət Gömrük Komitəsində fəaliyyəti son illər gömrük xidməti sahəsində aparılan islahatlar, şəffaflığın, gərgin işin səmərəli təşkilinin təmin edilməsinə gənc və savadlı kadrların cəlb edilməsinə parlaq nümunədir.
Dəmirov Orxan Novruz oğlu 2001-ci ildə ilk ən yüksək göstəricilər sırasında olmaqla müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Orxan Dəmirli hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentiyində şöbə müdiridir.
Daha əvvəl Azərbaycan Respublikası Baş Prokurorluğunda çalışmış Orxan Dəmirli Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Orxan Dəmirli hazırda ölkəmizdə “Asan Xidmət”in mütərəqqi fəaliyyətinin işıqlandırılması sahəsində aktivliyi ilə diqqət çəkir.
Teqlər: Kadrlar Prezident-təqaüdçüləri