DSX ölkəyə narkotik gətirilməsinin qarşısını aldı
May ayının 9-da saat 02:30 radələrində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətinə doğru hərəkət etməsi və geri qayıtması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq naməlum ayaq izləri aşkarlanıb.
Həyata keçirilən kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Biləsuvar-Bakı avtomagistral yolunda içərisində 2 nəfər şübhəli şəxsin olduğu “Ravon Nexia R-3” markalı 99-PF-541 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.
Saxlanılan şəxslərin Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vəliyev Rafiq Rəşid oğlu və Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Əliyoldaşov Süleyman Bəydəmir oğlu olmaları müəyyənləşdirilib, avtomobilə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 7815 qram narkotik vasitə marixuanaya bənzər maddə və 2990 ədəd metadon-40 psixotrop həbi aşkarlanıb. Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
AzVision.az
Teqlər: DSX