Mediasiya Şurasının rəhbərliyi Türkiyə səfirilə görüşüb

Mediasiya Şurasının rəhbərliyi Türkiyə səfirilə görüşüb
  22 İyun 2022    Oxunub:3036
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvləri Sima Yaqubova, Əli Nəbiyev, Məşvərət Komissiyasının üzvü, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təmsilçisi Hüseyin Yapar, Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçını ziyarət ediblər.
Görüşdə əsas məqsəd Türkiyə və Azərbaycanda aparılan mediasiya islahatlarında qarşılıqlı əməkdaşlığın müzakirə edilməsi, Azərbaycanda Mediasiya Şurasının fəaliyyəti barədə səfirə məlumat vermək və eyni zamanda Türkiyə və Azərbaycan arasında olan mediasiya yönümlü məsələlərin həllində qarşılıqlı körpünün qurulması olub.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov cənab prezident İlham Əliyev tərəfindən aparılan mütərəqqi məhkəmə - hüquq islahatlarının hissəsi olan mediasiya islahatları barədə səfirə məlumat verib. O qeyd edib ki, mediatorların yetişməsində və formalaşmasında yeganə təlim qurumu olan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının mühüm rolu var. Ədliyyə Akademiyası baza, əmək və ailə mübahisələri üzrə mediatorların yetişdirilməsində mühüm rol oynayır və bu gün də kurslar uğurla davam etməkdədir.

Nadir Adilov qeyd edib ki, Mediasiya Şurasının fəaliyyətində sektorlarla təmsilçiliyi gücləndirmək və daha keyfiyyətli kommunikasiya qurmaq məqsədi ilə müxtəlif Assosiasiyalardan və nüfuzlu Qeyri-Hökümət Təşkilatlarının təmsilçilərindən ibarət Məşvərət Şurası da fəaliyyət göstərir. Məşvərət Şurasında sevindirici haldır ki, qardaş ölkəni təmsil edən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) təmsil edilir və gələcəkdə də bu əməkdaşlıq daha da dərinləşəcək.


Səfir Cahit Bağçı hər iki ölkənin dövlət başçıları, cənab prezident Rəcəb Tayyib Ərdoğanın və cənab prezident İlham Əliyevin dostluq nümunəsini və hər iki ölkə arasında olan qardaşlıq və dostluq əlaqələrinin hər iki ölkənin mediatorları üçün nümunəvi bir istinad nöqtəsi olduğunu qeyd edib. Səfir Türkiyə Cumhuriyyətinin mediasiya islahatları barədə geniş məlumat vermiş, Azərbaycan mediasiya Şurasının Türkiyədə aparılan mediasiya islahatları təcrübəsinin öyrənilməsi istəyini yüksək qiymətləndirib.

Səfir qeyd edib ki, mediasiya islahatlarında hər iki ölkənin analoji qurumlarının ortaq əməkdaşlıq etməsi dövlətlərimiz arasında olan münasibətlərdə də mühüm rola malikdir. Səfir Cahit Bağçı yeni formalaşmış Azərbaycan Mediasiya Şurasının fəaliyyətinə uğurlar arzu etmiş və hər zaman istənilən dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Mediasiya Şurası İdarə Heyəti tərəfindən səfirə ABAD tərəfindən hazırlanmış və Qarabağımızın atributlarını özündə tərənnüm edən xatirə plaketi hədiyyə olunub.




Teqlər: Mediasiya  





Xəbər lenti