Cüdoçularımız Avropa çempionatında komanda hesabında birinci yer qazanıblar
Çempionatın ilk günü oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb. -55 kq. çəkidə Şahin Oruczadə və -60 kq. çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar.
Qızlar arasında -48 kq. çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.
Yarışın ikinci günü oğlanlar arasında -66 kq. çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, -73 kq. çəki dərəcəsində Əli Hacızadə bürünc medal qazanıblar.
Qızlar arasında isə -57 kq. çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək idmançılarımızın aktivinə üçüncü qızıl medalı yazırıb.
Beləliklə idmançılarımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutublar.
Sonuncu dəfə yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2004-cü ildə keçirilən Avropa çempionatında komanda hesabında qələbə əldə etmişdi.
Qeyd edək ki, qızlardan ibarət milli yığma komandamız cəmi 4 idmançı ilə yarışlarda iştirak etməsinə baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkələri geridə qoyub və komanda hesabında 4-cü olub.
Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.
AzVision.az