Ukraynada həmyerlisini öldürənin məhkəməsi başlayır
Aparılmış istintaq tədbirləri ilə Azərbaycan vətəndaşı Həsənov Yasin Teymur oğlunun yaşadığı Kiyev şəhərində aralarında şəxsi münaqişə zəminində baş vermiş və uzun müddət ərzində davam etmiş mübahisə ilə əlaqədar Davud Ağayevi qəsdən öldürməklə ondan qisas almaq məqsədi ilə 03.07.2018-ci il tarixdə tanışı Xəlilov Valeh Zaman oğlu və istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 9 mm kalibrli tapança ilə silahlanıb Davud Ağayevin restorandan çıxması barədə məlumatı əldə etdikdən sonra həmin ünvana gəlib Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsində Davud Ağayevə yaxınlaşıb yaxın məsafədən bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürməsinə, daha sonra isə əlbir olduğu şəxslərlə birlikdə gəldikləri avtomobillə hadisə yerindən qaçmasına dair əsaslı şübhələr müəyyən edilib.
28.10.2021-ci il tarixdə Yasin Həsənova Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddələri ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, Valeh Xəlilov və qrupun digər istintaqla müəyyən edilməyən üzvləri barəsində cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.
AzVision.az
Teqlər: