Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan Telman Əliyev tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, onun əlində olan çantaya baxış zamanı 1 kiloqram heroin, 3 kiloqram marixuana və 40 qram metamfetamin aşkar edilib. İdarə əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Fatmayı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Kənan Məmmmədov saxlanılıb. Onun üzərindən 100 qram metamfetamin aşkar edilib. Telman Əliyev və Kənan Məmmmədov xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə göndərilən narkotikləri Abşeron rayonu ərazisində satmaq məqsədi ilə qəbul ediblər.
Araşdırma zamanı müəyyən edilib ki, Kənan Məmmmədov narkotik vasitələrin satışı və Abşeron rayonu ərazisində paylanılması zamanı motosikletdən istifadə edirmiş. Sonuncu əməliyyatlar zamanı saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.