Hamilə arvadını bıçaqladı: “Öldürməyən kişi deyil” - Dəhşətli cinayətin TƏFƏRRÜATLARI
İstintaqla müəyyən edilib ki, hadisə ötən il aprelində Bakının Nizami rayonu, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.
Pərvin Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb.
Dava zamanı Şəbnəm İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarətləri alıb.
Qadın xəstəxanaya yerləşdirilib və onun hamilə olduğu məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən Pərvin Ağayev tutulub.
Məhkəmədə danışan Pərvin Ağayev deyib ki, Şəbnəmlə təxminən 2019-cu ildə təsadüf nəticəsində tanış olub:
“Sonradan aramızda isti münasibət yarandı. 2021-ci ilin aprel ayının 29-dan oktyabr ayının 18-dək qeyri-rəsmi olaraq birlikdə yaşamışıq. Həmin dövrdə şəxsiyyət vəsiqəmi itirdiyimdən Şəbnəmlə rəsmi nikaha daxil ola bilməmişdim. Amma sənədlərimi qaydasına qoydum və oktyabr ayında rəsmi nikaha düşdük. Münasibətlərimiz qaydasında olub. Mən avtoyuma məntəqəsində işləyirdim, Şəbnəm isə çalışmırdı. Birtəhər dolanırdıq”.
Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, bir dəfə evdə olarkən özünə məxsus mobil telefonda “Domino” oyunu oynayarkən tanımadığı qızla oyunda mesajlaşıb:
“Şəbnəm həmin mesajları gördü. Bundan sonra aramızda mübahisələr yarandı. Məni evdən qovdu, dedi birdə üzümü görmək istəmir. Bu sözlərin qarşılığında Şəbnəmdən mənə bir həftə vaxt verməyini, ondan sonra evdən çıxıb gedəcəyimi və ayrılacağımı bildirdim. Bu söhbətlərdən sonra aramız konkret dəymişdi. Həmin vaxt Şəbnəmin anası bizə baş çəkməyə gəldi. O, bizə 80 manat pul verdi ki, qarşıdan yeni il gəlir evə yolka alaq. Sabahı gün qayınanam Şəbnəmlə birlikdə özü bazara gedib yolka aldılar. Lakin Şəbnəm telefonundan zəng edərək “nə üçün mənimlə birlikdə mağazaya gedib yolka seçimində mənə köməklik göstərmədin, pozğun qadınlara vaxt ayıra bilirsən, lakin mənə vaxt ayırmırsan, kişi ol, ə” sözlərini dedi. Dalınca qışqıra-qışqıra nalayiq ifadələr işlətdi. Mən də ona cavabımda söyüşlər söydüm və axşam evə gələndə danışacağıq dedim. Həmin gün, yəni 2021-ci il dekabrın 10-da axşam saat 22 radələrində dostum Orxanla birlikdə evə getdim. Orxanla evə getməkdə məqsədim istilik sisteminin suyunda 1 gün əvvəl yaranmış nasazlıq idi. Həm Orxan istilik sisteminə baxacaqdı, həm biz evdə su olmuş xalçanı avtoyuma məntəqəsinə aparacaqdıq. İşimizi bitirib, xalçanı da götürüb getdik. Sonra avtoyuma məntəqəsinin yaxınlığında oturub çay içməyə başladıq. Həmin vaxt Şəbnəm yenə mənə təhqiredici mesajlar yazmağa başladı. Dalınca mən zəng etdim, telefonda mübahisəmiz yarandı. Şəbnəmə boşanmaq istəyirsə, mən də bu fikri dəstəkləyəcəyimi dedim”.
Pərvin Ağayev deyib ki, həmin gün evə gedəndə qaynanası da onlarda olub:
“Şəbnəmin anası Nazilə məni mənzilin digər otağına çəkərək barışmağımı xahiş etdi. Ailəmizin dağılmasını istəmədiyini, mənim getməyimə razı olmadığını dedi. Həmin vaxt Şəbnəm mənzilin qonaq otağından mənə qarşı nalayiq ifadələr işlədirdi və boşanmaq istədiyini bildirirdi. Mən hər dəfə Şəbnəmə söyüş söyməməsini deyirdim. Həmin vaxt əşyalarımı yığıb evdən getmək niyyətində olduğumu bildirdim. Buna baxmayaraq, Şəbnəm mənə söyüş söyməkdə davam etdi. Şəbnəmin sözlərindən əsəbiləşib qonaq otağına keçərək onun yaxasından tutub sakitləşməsini və söyüş söyməməsini tələb etdim. Əks təqdirdə öldürəcəyimi bildirdim. Şəbnəm isə mənə “öldürməyən kişi deyil” deyəndə, otaqda stolun üzərində olan mətbəx bıçağını götürdüm. Şəbnəmə təkrarən əgər səsini kəsməsə, söyüş söyməyə davam etsə, bıçaqla vuracağımla bağlı xəbərdarlıq etdim. Şəbnəm yenə də “vurmayan kişi deyil” deyəndə bıçaqla onun boyun nahiyəsindən vurdum. Bu vaxt Şəbnəm qaçmaq istədi, əl-qol atmağa başladı. Əlimdən qaçmaq istəyəndə saçından tutub, dala çəkərək bir bıçaq zərbəsi də vurdum. Bu zaman Şəbnəm qapıdan çıxıb qonşunun qapısını döydü. Qonşudan iki nəfər oğlan çıxaraq, Şəbnəmi əlimdən aldı, bıçağı da götürdülər. Qonşular Şəbnəmi üzbəüz qonşunun evinə saldı. Mən isə binanın həyətinə düşüb siqaret çəkməyə başladım. Həmin vaxt yaxın ünvanda yaşayan bacanağım Şəhriyar da ora gəldi və mənə Şəbnəmin qanının dayanmadığını bildirdi. Mən evə qayıdanda polis tərəfindən saxlanıldım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, onun Şəbnəmi öldürmək niyyəti olmayıb:
“Hadisə zamanı Şəbnəmi otaqda stolun üzərində olan böyük bıçaqla yox, kiçik bıçaqla vurmuşam. Onun hadisə zamanı mənə qarşı işlətdiyi nalayiq ifadələrin təsirindən əsəbiləşmişəm. Bu səbəbdən belə bir hal baş verib. Hadisənin belə bir vəziyyətə çatmasına səbəb Şəbnəmin mənə, valideynlərimə, ailə üzvlərimə söyməsi olub. Bir anlıq özünü idarə edə bilməmişəm. Hamilə olduğundan xəbərdar idim. Törətdiyim əmələ görə peşmanam”.
Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən Şəbnəm İsmayılova ifadə verib. O, sonda bildirib ki, hadisədən sonra onların uşaqları dünyaya gəlib:
“Pərvini uşağımın atası kimi bağışlamışam, onunla barışmışam. Bu səbəbdən şikayətimdən imtina edirəm. Xahiş edirəm ki, bunu nəzərə alın”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Ağayev 11 il 3 ay azadlıqdan məhrum edilib.
AzVision.az
Teqlər: