Evlilik təklifinə yox deyən qızı ölümlə hədələdi

   Evlilik təklifinə yox deyən qızı ölümlə hədələdi
  28 İyul 2022    Oxunub:1497
Son günlər özünü şəhid qardaşı kimi təqdim edən Elnur Həsənov adlı şəxs müsahibələr verərək polis bölməsinə əsassız aparıldığını, orada döyüldüyünü və təhqir olunduğunu iddia edirdi.
AzVision.az xəbər verir ki, iddialarla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov mətbuatın sorğusunu cavablandırıb. O, qeyd edib ki, Elnur Həsənovun dedikləri tamamilə yalandır, polisi öz qanuni hərəkətlərindən çəkindirmək və törətdiyi qanunazidd əməlləri ört-basdır etmək məqsədi daşıyır. Belə ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini gənc qadın A.K uzun müddətdir ki, müxtəlif vaxtlarda yaşadığı rayonun polis idarəsinə, polis bölməsinə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə və DİN-ə müraciət edərək uzaq qohumu olan Həsənov Elnur Mahal oğlunun dəfələrlə ona evlilik təklif etməsini, lakin hər dəfə rədd cavabı aldıqda onu narahat etdiyini, razılaşmayacağı təqdirdə isə ölümlə hədələdiyini bildirib.

Qadın ərizələrində E.Həsənovun ögey qardaşının şəhid olmasından sui-istifadə edərək heç kimdən qorxmadığını da qeyd edib. A.K-nın bütün müraciətləri qanunamüvafiq qaydada qeydə alınaraq həmin müraciətlər üzrə E.Həsənov polis orqanlarına dəvət edilir və onun barəsində profilaktiki və inzibati tədbirlər görülürdü. Lakin görülmüş profilaktiki və inzibati tədbirlərdən nəticə çıxarmayan Elnur Həsənov A.K-nın təqibini davam etdirdiyinə görə sonuncu növbəti dəfə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək artıq intihar həddinə çatdığını bildirib, eləcə də şikayətçinin atası və qardaşı ərizə ilə müraciət edərək Elnur Həsənovun barəsində tədbir görülməsini xahiş ediblər.

Bu müraciətlər əsasında Elnur Həsənov saxlanılıb və onun barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Həsənov barəsində bir ay müddətinə inzibati həbs tənbehi seçilib.

AzVision.az



Teqlər: DİN   Qazi  





Xəbər lenti