Üstündə bu qeydlər olan qidaları almayın! - İşarələrin mənası

   Üstündə bu qeydlər olan qidaları almayın! -    İşarələrin mənası
  28 İyul 2022    Oxunub:4458
Mağazada satılan demək olar ki, hər bir ərzağın tərkibində E100, E140, E202 və s. maddələr var. Xalq arasında bu komponentlərin adı pis çıxıb və həmin kimyəvi maddələrin sağlamlığa zərərli olduğuna inanılır. Əslində isə bu maddələrin çoxu zərərsiz və bəzən hətta faydalıdır. Hərçənd, təhlükəli olanları da var ki, onları mütləq tanımaq və uzaq qaçmaq lazımdır.
Uzun müddətdir qida əlavəsinin sinoniminə çevrilmiş “E” hərfi Avropa İttifaqında təsnifat işarəsi, ondan sonrakı rəqəmlər isə hər bir əlavənin unikal nömrəsidir. Bu maddələr məhsulların saxlama müddətini artırmaq, gözəl görünüş vermək və dadını yaxşılaşdırmaq üçün lazımdır. Onları asanlıqla tanıya bilmək üçün bu siyahını yadda saxlayın:

✔️ E100-dən E182-yə qədər olan əlavələr görünüşü yaxşılaşdıran boyalardır;
✔️ E200-dən E300-ə qədər olan əlavələr saxlama müddətini artıran konservantlardır;
✔️ E300-dən E400-ə qədər olan əlavələr oksidləşməni ləngidən antioksidanlardır;
✔️ E400-dən E500-ə qədər olan əlavələr məhsullara lazımi konsistensiya və tekstura verən stabilizatorlardır;
✔️ E450-dən E500-ə qədər olan əlavələr qarışmayan maddələrdən qarışıqlar yaratmağa kömək edən emulqatorlardır;
✔️ E500-dən E600-ə qədər olan əlavələr turşuluq tənzimləyiciləridir;
✔️ E600-dən E700-ə qədər olan əlavələr dad və qoxu gücləndiricilərdir;
✔️ E700-dən E800-ə qədər olan əlavələr yeni maddələr və digər vacib məlumatlar haqqında ehtiyat nömrələrdir;
✔️ E900-dən sonrakı əlavələr çörək-bulka məmulatlarına əlavə edilən təkmilləşdiricilərdir.

Onların arasında həm faydalı, həm neytral, həm də zərərli maddələr var.

Faydalı qida əlavələri

Dediyimiz kimi, heç də bütün qida əlavələri sağlamlıq üçün təhlükəli kimyəvi maddələr deyil. Nümunə olaraq kurkumin maddəsini ifadə edən E100-ü göstərə bilərik. Sarıkök bitkisi kökünün bir hissəsi olan bu komponent parlaq sarı rəngə malikdir və adətən boya kimi istifadə olunur. Bu komponent məhsullara sarı rəng verməklə yanaşı, xolesterinin səviyyəsini aşağı salır, hemoglobini artırır və bir çox təhlükəli xəstəliklərin inkişafının qarşısını alır.
E101 əlavəsi də faydalı xüsusiyyətlərə malikdir. Bu riboflavindir. B2 vitamini kimi də tanınan bu komponent dəri sağlamlığına, stress və zehni gərginliyi aradan qaldırmağa kömək edir.


Çuğundurdan çıxarılan E162 (betanin) qida əlavəsi qan təzyiqini aşağı salır, infarkt riskini azaldır və zülalların həzmində orqanizmə kömək edir.
Faydalı qida əlavələri arasında E170 (kalsium karbonat), E270 (süd turşusu), E406 (aqar-aqar), E440 (pektin) və digərləri də var. Onların hamısı məhsulların görünüşünü, dadını yaxşılaşdırmaq, saxlama müddətini artırmaqla yanaşı, sağlamlığa da faydalıdır.

Bir çox ərzaqlarda faydası olmayan, eyni zamanda sağlamlığa zərər vurmayan neytral əlavələr var. Onlar sadəcə məhsulların müxtəlif keyfiyyət göstəricilərini yaxşılaşdırmaq funksiyasını yerinə yetirirlər. Bunlara E140 (xlorofil) boyası, kiflənmənin qarşısını alan E202 (sorbin turşusu) və tənzimləyici E260 (sirkə turşusu) daxildir.

Sağlamlıq üçün təhlükəli qida əlavələri

Bəzi qidaların tərkibində sağlamlığa zərər verə biləcək qida əlavələri var. Onlar çox deyil, lakin adları etiketlərdə tez-tez qeyd olunur. Zərərli əlavələr aşağıdakılardır:

✖️ E250 (natrium nitrit) ət və balıq məhsullarına rəng verən və onları qoruyan konservantdır. Yanlış istifadə edilərsə, zəhərlənməyə səbəb ola bilər. Digər maddələrlə qarşılıqlı əlaqədə kanserogen ola bilər;
✖️ E951 (aspartam) qazlı içkilərə turş-acı dad verən dadlandırıcıdır. Zəhərli spirt olan metanol kimi bədəndə zərərli maddələrə parçalanır;
✖️ E338 (ortofosfor turşusu) qazlı içkilərdə istifadə edilən turşuluq tənzimləyicisidir. Bəzi tədqiqatlar onun sümük sıxlığını azaltdığını göstərir;
✖️ E952 (natrium siklamat) şəkərdən on qat şirin bir dadlandırıcıdır. Bağırsaq bakteriyaları onu insanlar və heyvanlar üçün zəhərli olan sikloheksilaminə qədər parçalaya bilər;
✖️ E510 (ammonium xlorid) daha çox ammonyak kimi tanınır, bəzən Skandinaviya şirniyyatlarına ədviyyat kimi əlavə olunur. Həzm problemlərinə səbəb ola bilər;
✖️ E239 (urotropin) kürü və pendirin ömrünü uzatmaq üçün istifadə olunan qoruyucudur. Güclü allergen olduğu və təhlükəli xəstəliklərə səbəb ola biləcəyi üçün 2008-ci ildə Rusiyada qadağan edilib.

Beləliklə, məhsulların sağlamlığa zərər verməməsi üçün onların tərkibini diqqətlə oxumaq lazımdır. İdealda qidaların tərkibində heç bir əlavə olmamalıdır, ancaq varsa, onların zərərli maddələr olmadığına əmin olmaq üçün siyahımız vasitəsilə yoxlamaq lazımdır.

Nadir Quliyev
AzVision.az


Teqlər: Qida-əlavələri  





Xəbər lenti