Meşə yanğınlarının “Azersky”la monitorinqinin nəticələri

   Meşə yanğınlarının “Azersky”la monitorinqinin nəticələri
  26 Avqust 2022    Oxunub:1255
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") “Azersky” peyki vasitəsilə bu ay ölkədə baş vermiş yanğınları gündəlik monitorinq edib.
Əldə olunmuş təsvirlər vasitəsilə yanğının yayıldığı ərazilər müəyyən edilib, həmin ərazilərin meşə, kolluq, otlaq və əkin sahələri üzrə təsnifatı aparılıb, ümumi sahəsi hesablanıb.

Təhlilin nəticələri göstərib ki, Şabranda 3 711 hektar, Siyəzəndə 800 hektar, Qubada 555 hektar, Şamaxıda 164 hektar, Xaçmazda 71 hektar, Şəkidə 6 hektar və Qəbələdə 4 hektar olmaqla ümumilikdə 5 311 hektar ərazidə yanğın baş verib. Yanmış ərazinin təxminən 30%-i, yəni 1 670 hektarı meşə sahəsinin payına düşür.

“Azersky” peyki ölkə ərazisinin gündəlik monitorinqini həyata keçirir və bu, yanğınların təkcə fəsadlarını deyil, həm də dinamikasını izləməyə imkan verir. Peyk təsvirlərinin analizi əsasında bitki örtüyünün vəziyyəti barədə dəqiq məlumatlar əldə olunur, yanğın baş vermiş ərazilərdə ağacların çətirlərinin yanıb-yanmaması müəyyən edilir. Peyk təsvirlərindən yanğın nəticəsində maddi və ekoloji cəhətdən dəymiş zərərin qiymətləndirilməsində də istifadə oluna bilər.

“Azersky” peykinin resurslarından ölkəmizdə müxtəlif sahələrdə – kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə hallar, hasilat sənayesi, meliorasiya, su təsərrüfatı, nəqliyyat və yol infrastrukturu, turizm, xəritəçəkmə, şəhərsalma, dövlət əmlakının idarə olunması və kadastr işlərində istifadə olunur", - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti