"İstək və həvəsimiz böyükdür" - Qurban Qurbanov

   "İstək və həvəsimiz böyükdür" -    Qurban Qurbanov
  06 Sentyabr 2022    Oxunub:767
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Frayburq"la səfərdə keçirəcəkləri matç barədə danışıb.
AzVision.az xəbər verir ki, mütəxəssis Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib:

"Bundesliqanın hazırkı liderinə qarşı oynayacağıq. Bu, futbolçularımız üçün gələcəkdə böyük təcrübə olacaq. Komandamızda böyük həvəs və istək var. Çünki indiyədək qrup mərhələsində iştirak etmək üçün çox əziyyət çəkilib. Əlbəttə, istərdik ki, Çempionlar Liqasının qrup mərhələsində oynayaq. Bundan ötrü oyundan-oyuna qarşımıza hədəf qoyurduq. Lakin alınmadı. Dəfələrlə demişəm ki, qrup mərhələsində oynamaq böyük təcrübədir. Bu, həm də futbolçularımın daha da inkişaf etmələri baxımından sevindiricidir. Hər oyunda ən yaxşısını etməyə çalışacağıq. Rəqiblərimiz nə qədər güclü olsalar da, meydanı mübarizəsiz tərk etmək istəmirik. Oyun gedə-gedə hansısa addımlar, yəqin ki, atılacaq. Rəqibi yaxından tanımaq üçün gərək ona qarşı mübarizə aparasan. Futbolçularımın ən azı yaxşı oyuna hazır olduqlarına inanıram".

Qurbanov kapitan Maksim Medvedevin hazırkı durumu barəd də danışıb. O, müdafiəçinin durumunu normal dəyərləndirib: "Heyətlə bağlı ciddi problemimiz yoxdur. Maksim komanda ilə tam məşqlərə başlayıb. Artıq son məşqlərimizin hamısında iştirak edib. Əsas heyətdə olmaya bilər. Lakin get-gedə komandanın bütün məşqlərinə, yükləmələrinə və oyunlarına hazır olmaqdadır. Ondan zamanı gəldiyində yararlanmağa çalışacağıq".

Qeyd edək ki, sentyabrın 8-də "Europa-Park" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti