Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO

   Şəhid anaları Ordumuz üçün dua etdi –    VİDEO
  14 Sentyabr 2022    Oxunub:1542
Vətən Müharibəsindən sonra silsilə layihələrini şəhidlər və onların əmanətlərinə həsr edən “Fire Land Production” müharibənin başlanması tarixinin ikinci ildönümündə daha bir tədbirlə vətənsevərləri bir araya toplayıb.

İndiyə kimi 1700-ə yaxın şəhid əmanətini “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinə cəlb edərək, onlara qayğı və ehtiram nümayiş etdirən təşkilatçılar hər zaman Heydər Əliyev Fondundan böyük dəstək görüblər. Son tədbirlərdən biri Heydər Əliyev Mərkəzinin qarşısında keçirilib, 400-dən çox şəhid yaxını yüksək səviyyədə qarşılanıb. Şəhid əmanətləri hər zaman Heydər Əliyev Fondunun onlara göstərdiyi bu qayğıdan məmnuniyyətlərini ifadə ediblər.


O cümlədən Daxili İşlər Nazirliyinin əməkdaşları şəhid yaxınlarına hər gördüklərində hərbi salamla təzim edib, tədbirlər boyu onların təhlükəsizliyini qoruyublar. Şəhid yaxınları, xüsusilə şəhid balaları polislərin bu münasibətindən qürur hissi keçirərək, onlara olan ehtiramdan fəxr duyurlar. Bu tədbirdə də Daxili İşlər Nazirliyinin əməkdaşları şəhid yaxınlarına hər zamankı diqqətlərini həm vəzifə, həm də vətəndaş borcu kimi qayğıyla hiss etdirdilər.


“Mənim oğlum qəhrəmandır” layihəsinin növbəti məramı 30 il ərzində Qarabağ uğrunda canından keçən bütün şəhidləri xatırlamaq, onlara bərabər səviyyədə diqqət göstərmək idi. Şəhidlərin hansısa zaman kəsimində deyil, Azərbaycan tarixinin yaddaşına həkk olunan qəhrəmanlar olduqlarına diqqət çəkmək layihənin əsas məqsədlərindən biridir. Bütün bölgələrdən Bakıya gələrək I Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmək üçün toplanan Vətən müharibəsi şəhidlərinin anaları layihə üçün bir mərkəzə yığışdılar.


13 sentyabr 2022-ci il saat 10:45-də Şəhidlər xiyabanına gələn Vətən müharibəsi şəhidlərinin anaları Birinci Qarabağ müharibəsinin şəhidlərini yad etdilər. Çünki, onların övladları müstəqil Azərbaycanının ilk şəhidlərinin qisasını alarkən şəhid olmuşdular. Şəhid anaları ilk şəhidlərimiz də daxil olmaqla bütün şəhidlərin ruhuna dualar etdilər. Şəhid anaları xüsusilə Qarabağda olan bugünkü vəziyyətlə əlaqədar Ordumuza güc-qüvvət, əsgərlərimizə təhlükələrdən sovuşmağı, ölkəmizə əmin-amanlıq arzuladılar. Sonra 150-ə yaxın şəhid anası avtobuslarla Bayılda yerləşən “Manqal Steak House”a doğru yola çıxdılar. Orada şəhidlərimizə ehsan süfrəsi açıldı. Şəhid anaları dualar edərək öz əlləri ilə halva çaldılar. Ehsan bütün qonaqlara paylandı.


Tədbirdə iştirak edən tanınmış aparıcı Nailə İslamzadə şəhid analarını təqdir etdiyini bildirdi, qürur mənbəyimiz olan şəhidlərimizin qanının yerdə qalmamasının, Qarabağ torpaqlarının həqiqi sahibi olan Azərbaycana geri qaytarılmasının Azərbaycan xalqına təsəlli olduğunu söylədi. Əməkdar artist, xanəndə Elnarə Abdullayeva da tədbirdə iştirak edənlərin arasındaydı. O, şəhid analarının həm dərdinə, həm də qüruruna şərik olduğunu fikirlərində ifadə etdi. Xalq artisti Mələkxanım Əyyubova şəhid analarına səbr dilədi, sərhəddə olan əsgərlərimizin düşmən təxribatlarına layiqincə cavab verəcəklərinə əminliyini bildirdi.


Sonra bütün şəhid anaları və dəvət olunan qonaqlar Bibiheybət məscidində namaz qılıb müzəffər ordumuza dualar etdilər. Bu gün Azərbaycan Ermənistan sərhədindəki təxribatların qarşısını alarkən şəhid olan qəhrəmanlarımızın ruhlarını yad etdilər. İtkilərimizin qisasını artıqlamasıyla alan Ordumuza Allahın yar olmasını dilədilər.


Tədbirin təşkilatçısı “Fire Land Production”ın rəhbəri, Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov bu günün önəmi haqda fikirlərin bildirdi: “Şəhid yaxınları ilə doğmalaşmış bir ailəm var. Atam-anam, bacı-qardaşlarım, övladlarımla bərabər onların bütün məclislərində ən yaxınları kimi iştirak edir, heç bir önəmli tarixi qaçırmamağa çalışırıq. Böyük ailə hər zaman xəyalımın bir parçası olub. Amma mən ailəmin bu qədər böyüyəcəyini təsəvvür etməmişdim.


Vətən Müharibəsi yaxın keçmişdə baş verdiyindən ailələrin yaraları hələ də təzədir, onların özlərini diqqət mərkəzində hiss etmələri bizim məsuliyyətimizə çevrilib. Amma bu o demək deyil ki, biz Birinci Qarabağ müharibəsi şəhidlərini unutmuşuq. Müstəqil Azərbaycanın ilk şəhidləri bizim işğalçıya qarşı mübarizə tariximizin ən çətin başlanğıcıdır. Heç bir dövrün şəhidləri bir-birindən fərqlənmir. Onların hamısının yeri Allah qatında cənnətdirsə, bu dünyada xalqın qəlbidir. Bir daha hər tədbirimizdə bizə dəstək olan Heydər Əliyev Fonduna həm öz, həm də şəhid yaxınları adından dərin minnətdarlığımı bildirirəm. Şəhid əmanətlərimiz dövlətin onlara qarşı həssas yanaşmasını yüksək qiymətləndirirlər. Cənab Prezidentin də dediyi kimi şəhid ailələrinin yanında olmaq bizim hər birimizin borcudur!”




Teqlər: Şəhidlər  





Xəbər lenti