“Şahmat Federasiyasından dəstək görmədim” – Karyerasını erkən bitirən dünya çempionu

   “Şahmat Federasiyasından dəstək görmədim” –    Karyerasını erkən bitirən dünya çempionu
  21 Sentyabr 2022    Oxunub:1151
Qax şahmat məktəbi ölkəmizə güclü şahmatçılar bəxş edib. Qadınlar arasında beynəlxalq uğurlar qazanmış Aynur Sofiyeva və Xanım Balacayevanı çoxları tanıyır. Azərbaycan tarixinin ən istedadlı qadın şahmatçılarından biri də Pərvanə İsmayılovadır. Təəssüf ki, Pərvanə xanım bəzi obyektiv səbəblərdən zamanında böyük istedadından tam istifadə edə bilməyib. O, hazırda doğma Qax rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbində müəllim işləyir.
Qaxda anadan olan İsmayılova 1992-ci ildə Almaniyanın Duysburq şəhərində 10 yaşlı qızlar arasında dünya çempionluğunu qazanıb. Bir il sonra sürətli şahmat üzrə Respublika çempionu, Avropa birinciliyinin gümüş, dünya birinciliyinin bürünc mükafatçısı, 1994-cü ildə Parisdə 12 yaşlı qızlar arasında Avropa çempionu, 1995-ci ildə dünya üçüncüsü, 1996-cı ildə Avropa birincliyinin bürünc mükafatçısı olub. Qadınlar arasında FİDE ustası çox erkən yaşda karyerasını bitirib, müəllimliyə başlayıb.

İsmayılova Sports.az saytına müsahibəsində həm bu, həm də bir çox başqa maraqlı məqamlara toxunub.

- Qaxda yetişən bir şahmatçının Avropa və dünya çempionluğuna qədər uzanan karyerası necə başladı?
- Şahmata 5 yaşımdan başlamışam. 6-7 yaşımda Qubada keçirilən “Ağ top” yarışında iştirak etdim. Həmin turnir o dövrün ən populyar şahmatçılarının cəlb olunmasına köməklik edən yarışlardan biri idi. Karyeram, demək olar ki, həmin yarışla başladı. Daha sonra bir çox rayonlarda keçirilən turnirlərə qatıldım. Oradakı uğurlarım Bakıdakı yarışlara yollanmağıma və nailiyyətlər qazanmağıma səbəb oldu.


- Şahmata marağınız nə zaman yarandı?
- Atam həvəskar şahmatçı olub, məndən 3 yaş böyük olan bacımla məşğul olurdu. Bir az dəcəl olduğum üçün oturacağımı kənara qoyurdular, onların oyununa oradan baxırdım. Şərt qoymuşdular ki, hansı gün özümü sakit aparsam, stulum şahmat masasına bir az da yaxınlaşdırılacaq. Gündən-günə şahmat masasına daha da yaxınlaşırdım. Onlara baxa-baxa öyrəndiklərimi tətbiq edəndən sonra atam mənimlə məşğul olmağa başladı. Atamın bacıma çətinliklə öyrətdiyi bir gediş var idi, onu kənardan baxaraq mənimsəmişdim. Bir gün atamı mənimlə şahmat oynamağa məcbur elədim. O da şahmatı bilmədiyimi düşünərək zəif gedişlərlə güzəşt etdi. Atamı bacıma öyrətməyə çalışdığı həmin gedişlə mat elədim və gözündəki təəccübü hələ də xatırlayıram. Sonrakı illərdə gözündəki həmin ifadəni çox görməyə başladım.

- İlk kumiriniz kim olub?
- Atam məşhur şahmatçıların kitablarından bizə məşqlər keçərdi. Öncə onların həyatını oxuyurdu, həmin şahmatçıları bizə tanıdırdı. Elə baş salırdı ki, sanki həmin insanlar bizim qohumumuz, qonşumuz olub. Bir neçə kumirim olub. Ən vacibi Qaxda yetişən çox hörmətli qrossmeysterimiz Aynur Sofiyeva idi. Onun şahmatdakı uğurları təkcə mənim yox, Azərbaycanda yetişən bir çox peşəkar qadın şahmatçıların bu gün var olmasında səbəbdir. O, çox adamın kumiri olub.


- Əsas uğurlarınızı uşaq və yeniyetmə yaşlarınızda qazanmısınız. Sonradan karyeranızda enişin yaşanmasına səbəb nə oldu?
- Bu sualı verdiyiniz üçün təşəkkür edirəm. Bunun cavabını eşitmək istəyən çox insan var. Deyim ki, buna səbəbkar olanlar da bəlkə nələrisə xatırlayarlar. Şahmatda uğurlarım çox olurdu. 90-cı illər çətin keçirdi, hərbi qarışıqlıq var idi, müharibə dövrü idi, iqtisadi çətinliklər yaşanırdı. Belə durumda ölkə xaricində yarışlara getmək çox çətin olurdu. Atamla qapı-qapı düşüb sponsor axtarırdıq. Dövlət xətti ilə getdiyimiz yarışlar az idi. Çətin dövrlərdə qazandığım nailiyyətlərin də qarşılığını görmürdüm. Müəyyən illərdən sonra şahmatdan “soyudum”, küsdüm. Düzdür, getdikcə ölkədə vəziyyət nisbətən düzəldi, ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün idman növlərinə, xüsusən də, şahmata böyük diqqət ayırdı. Həmin dönəmlərdə Azərbaycan Şahmat Federasiyasından dəstək, qayğı gözlədim, amma bunu görə bilmədim. Bir neçə il Türkiyədə təhsilimi davam etdirdim, şahmatdan uzaqlaşdım. Amma təxminən iki ildən sonra gördüm ki, şahmat mənim həyatımdır, bunsuz yaşamaq olmur. Yenə öz imkanlarımla yarışlara gedib uğurlar qazanırdım. Halbuki dövlət xətti ilə gedənlərin nailiyyətləri tək-tük olurdu. Yetkinlik yaşına çatandan sonra qız uşağı olaraq qapı-qapı gəzib sponsor axtarmağı özümə sığışdıra bilmədim. Bu cür amillər şahmat karyeramın çox tez başa çatmasına səbəb oldu. Nailiyyətlərim 1992-ci il və sonrasına – ölkədə hərbi, siyasi, iqtisadi qarmaqarışıqlıqların yaşandığı dövrə təsadüf etdiyindən, diqqətə alınmayıb, indiyə qədər də köhnə uğurlar səbəbilə qiymətləndirilməyib.

- Sizin üçün ən yaddaqalan görüş hansıdır?
- Bu sualın cavabı olaraq deyə bilərəm ki, yadımda qalmayan görüş yoxdur. Hər görüşü xatırlayanda rəqibi hansı vəziyyətə saldığımı, hansı taktikadan istifadə etdiyimi belə xatırlayıram. Çünki şahmatda bir oyun ən azı 6-7 saat çəkirdi. Bütün düşüncəm ora yönəlirdi, canımı, ürəyimi qoyurdum. Bu üzdən bütün oyunlar mənim üçün eyni səviyyədə olub. Amma ən çox ermənilər üzərində qalib gəldiyim görüşlərdə ləzzət almışam.
11-12 yaşım olanda özümdən 41 yaş böyük erməni rəqiblə düşmüşdüm. Ona nənə də deyə bilərdim. Məndən çox yaşlı Bu məşhur qrossmeyster Naira Aqababyan idi. Yeddi saatdan çox çəkən görüşdə onu elə məğlub elədim ki, masadan qalxaraq məni qucaqlayıb öpdü, atama da təşəkkür elədi ki, belə şahmatçı yetişdirmisən.


- Gənc yaşda şahmat müəllimi kimi fəaliyyət göstərməyə başladınız. Tələbələriniz yarışlara qatılanda özünüz də iştirak etmək üçün darıxmırsınız?
- Elə bu gün də darıxıram. Müəyyən çətinlikləri həll eləmək üzrəyəm. Yəqin ki, tez bir zamanda öz üzərimdə işləyib yenidən yarışlara qatılacağam. Sonuncu dəfə 2015-ci ildə Naxçıvanda keçirilən kişilər arasında beynəlxalq yarışa öz şagirdim İsmayılova Zəhra ilə qatılmışdım. Az qala qalib gələcəkdim, sonda ikinci yerlə kifayətləndim. Şagirdlərim üçün sevindirici hal oldu ki, müəlliməmiz kişilər arasında yarışda kubok qazandı. Şahmat oynamaq istəyi məndə həmişə var.

- Deməli, karyeranızı bərpa edirsiniz?
- Əvvəlki kimi bərpa etmək çətin olar. Çünki bütün idman növlərində olduğu kimi, şahmatın da öz yaşı var. Ölkəmizdə şahmat yaşı artıq çox gəncləşib. Bir neçə gün əvvəl Zaqatalada 16 yaşadək şahmatçılar arasında Respublika Şahmat Olimpiadası keçirildi. Sizi inandırım ki, orada 4 yaşlı iştirakçı var idi. Bu çox sevindirici haldır. Son illər Azərbaycan şahmatında inkişaf gedir. Çox güclü oynayırlar, onlarla bacarmaq çətindir. Amma yenə də şahmat həyatına girmək və Azərbaycanda “hələ də varam” demək istəyirəm.

- Ümumiyyətlə, Qaxda yaxşı şahmatçı yetişdirmək üçün hər cür şəraitiniz var?
- Şahmat məktəbimiz gözəldir, lazım olan bütün ləvazimatlarla təmin olunmuşuq. Uşaqlarda ildən-ilə daha çox həvəs olur. Ancaq bu şəraitdən maksimum dərəcədə istifadə etmək üçün imkan yoxdur. Ümid edirəm ki, tez bir zamanda bəzi məsələlər həllini tapacaq. Bundan sonra istedadlı uşaqları yetişdirmək daha asan olacaq. Yaxşı şahmatçını təkcə müəllim yox, ümumilikdə məktəb yetişdirməlidir. Bəzi məktəblərdə bu problem yaranır. Deyirlər ki, bizdə filan müəllim çalışır, nəticə yoxdur. Amma hamımız kollektiv şəkildə birlikdə işləməliyik ki, dünya səviyyəli şahmatçı üzə çıxara bilək.

- Azərbaycan Şahmat Federasiyasına kömək üçün müraciət etmisinizmi?
- Federasiyamızın bir neçə ildir çox gözəl rəhbərliyi var. Prezident Mahir Məmmədov şahmatçılara çox yüksək səviyyədə qayğı göstərir. Yaş fərqi ayırmadan tək-tək maraqlanır. Açığı, Qax rayon şahmat məktəbi ilə bağlı hələ müraciət eləməmişəm. Çünki hələ tezdir. Hansısa yaxşı uşaq yetişdirdikdən sonra inanıram ki, ora müraciət edəcəyim təqdirdə, müsbət cavab alacağam. Tək məqsədim Qaxda şahmatın kütləviliyini, bu sahəyə olan marağı, axını artırmaqdır. Düşünürəm ki, nə qədər çox uşaq gəlsə, onların içindən istedadlılarını aşkar etmək daha asan olar. Qax şahmat məktəbinin müsbət ənənələri olub. Həm ziyalılar, həm alimlər, həm də güclü şahmatçılar yetişdirmişik. Amma uzun illərdir ki, bu ənənə itib. Hədəfim bunu bərpa etmək və güclü şahmatçıların yetişməsinə nail olmaqdır. Bunun üçün müəyyən addımları atıram.


- Yetişdirdiyiniz ən güclü şahmatçı kim olub?
- 15 ildir şahmat müəllimi kimi fəaliyyət göstərirəm. Son 5 ili Qaxda keçirirəm. Bunun da 2 ili pandemiya dövrünə düşdü. Buna qədər 10 il Bakıda çalışmışam. Orada çox gözəl kollektivlə birgə yaxşı uşaqlar yetişdirilməsinə nail olmuşam. Qaxlı balamız Nicat Rəcəblini idman ustası səviyyəsinə çatdırmışam. Hazırda da Norveçdə yüksək təhsil alır. Fərid Mustafayev adlı şagirdim hazırda master FİDE ustasıdır. Dünya və Avropa çempionatlarında medallar qazanıb. Zəhra İsmayılova birinci dərəcəli idman ustasıdır. Ağamurad Məhyəddinov Azərbaycanda ilk uşaq idi ki, 8 yaşında birinci dərəcəli şahmatçı adına sahib olub. Uşaqlar çoxdur, sadəcə soyadlarını xatırlamadığım üçün deyə bilmirəm.

- Ailədə yolunuzu davam etdirən var?
- Təəssüf ki, yoxdur. Oğlum illər əvvəl güclü şahmat oynayırdı, amma onun marağını tam cəlb edə bilmədim. Hazırda universitetdə tam başqa ixtisas üzrə oxuyur. Qızım 6 yaşındadır, onun marağı var. Ümid edirəm ki, onu yaxşı şahmatçı kimi yetişdirə biləcəyəm.

- Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovdan sonra nədənsə dünya səviyyəli qrossmeyster yetişmir. Bunu nə ilə əlaqələndirmək olar?
- Teymur və Şəhriyar səviyyəsində olmasa da, Azərbaycanın çox güclü qrossmeysterləri var. Onların həmin səviyyəyə çıxa bilməməsini böyük yarışlarda lazımi qədər iştirak edə bilməmələri ilə əlaqələndirərdim. Başqa bir problem görmürəm. Elit səviyyəli yarışlarda iştirak etmələri mümkün olsa, onlar da özlərini göstərə biləcəklər. Çünki çox güclü şahmatçılarımız var.

- Oğlanlarla müqayisədə qızlarımız o qədər də parlaq nəticələr göstərmir. Onların FİDE reytinqi də qadın şahmatının inkişafının nisbətən geri qaldığını görürik. Bunun səbəbi nədədir?
- Təəssüf ki, kişi şahmatı hər zaman qadın şahmatından seçilib. Kişi şahmatı çox çətin, güclüdür. Ancaq son illər qadın şahmatımızda da irəliləyiş var. Hindistanda keçirilən Olimpiadanın son oyununda qalib gəlsəydik, hətta birinci yeri də tuta bilərdik. Orada çox güclü komandalara qalib gəlmişdik. Bir müddət əvvəl də Çexiyada qadınlar arasında Avropa çempionatı oldu. Oradan da gümüş və bürünc medallar gəldi. Qadın şahmatımızın zəif olduğunu deməzdim. Amma ümumi olaraq haqlısınız. Düşünürəm ki, Azərbaycan xanımları ailə qurduqdan sonra şahmat həyatı arxa plana keçir.



Teqlər: Şahmat  





Xəbər lenti